Tribuna İnformasiya Agentliyi

Köhnə Bakının köhnə dərdinə çarə tapılmır – FOTOLAR

26 İyun

Ötən il ölkə prezidenti İlham Əliyev Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzaladı. Məcəllənin 46-cı maddəsinə edilən dəyişikliklərə əsasən, ictimai çimərliklərlə bağlı tələblər müəyyənləşdi.

Belə ki, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın. Həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

46-cı maddədə, həmçinin qeyd edilir ki, sözügedən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Maraqlıdır, hazırda bu qanunun tələblərinə necə riayət olunur? Sualımıza cavab tapmaq məqsədilə dənizkənarı qəsəbələrdəki mövcud vəziyyətə nəzər salmağa çalışdıq.

İlk olaraq üz tutduğumuz Buzovna çimərliyinin sahil zolağının bir hissəsində istirahət mərkəzləri yerləşir. Sahilin digər hissəsi isə “xalq çimərliyi” adlanır və əhalinin istifadəsinə açıqdır. Bu da yəqin ki, Buzovna sahilinin sözügedən hissəsinin çimərlik üçün yararsız olması ilə bağlıdır.

Mərdəkanda isə bütün sahil zolağı istirahət mərkəzlərinin nəzarətindədir. Qəsəbə sakini Samir Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında dəniz kənarının tamamilə istirahət mərkəzləri ilə bağlanmasından gileylənir: “Vəziyyət o yerə çatıb ki, nəfəs almaq istəsən belə, gərək hansısa istirahət mərkəzinə daxil olasan”.

S.Əsgərov əlavə edir ki, indi çimərliklərə girmək pulsuz olsa da, gələn ayın əvvəlindən bütün mərkəzlərdən istifadə pullu olacaq: “O zaman kasıb təbəqə dənizdən tamamilə məhrum qalacaq. Buna etiraz edəndə də, adama çox qəribə baxırlar”.

Novxanı-Corat istiqamətində də istirahət mərkəzləri muncuq kimi sıralanıb. Amma Mərdəkandan fərqli olaraq orada “xalq çimərliyi” də mövcuddur.

Pirşağıda və Nardaranda da dəniz sahilinin böyük bir hissəsi hasara alınıb. Həmçinin, Xəzərin sahilində yerləşən digər qəsəbələrdə də oxşar vəziyyət hökm sürür.

Sputnik Azərbaycan mövcud xoşagəlməz vəziyyətlə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib. Deputat bildirib ki, dənizin hasarlanması təkcə məmurların deyil, bütün cəmiyyətin problemidir: “Cəmiyyətin demokratiyaya, azad düşüncəyə hazır olmamasını sübut edən dini, tarixi ilə bağlı problemləri var. Hazır olmaması ilə bağlı hansısa düşüncəni çərçivələyən cəmiyyət dənizi də çərçivələməlidir. Evini də hasarlamalıdır. Hasarını 5-6 metr qaldırmalıdır”.

“Düşüncə azadlığı olmayan cəmiyyətlərin mütləq dənizi də, gölü də, çayı da hasarlanmalıdır. Bunu başqa metafora ilə izah etmək mümkün deyil. Yəni bu təkcə məmur məsələsi deyil. Kimin imkanı varsa, hasarlayır. Elə şəxslər var ki, 2-3 metr hasar bəs etdiyi halda evinə belə, hasarı 5-6 metr hündürlükdə çəkdirir” — deyə deputat əlavə edib.

F.Mustafa onu da xatırladıb ki, təkcə dəniz, evlər deyil, qəbiristanlıqlar belə, eyni vəziyyətdədir: “Kimin pulu var, məqbərə tikdirir, kimin pulu yoxdursa, gedib borc alıb başdaşı qoydurur. Bu, xalqın mental düşüncəsi ilə bağlı məsələdir. Bunu dəyişmək çox çətindir. Ziyalıların borcu bunu demək, tənqid etməkdir. Tənqid edəni isə Mizə Cəlil, Sabir kimi öldürürlər. Cəmiyyət isə öz dəyərində davam edir”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsi — Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması hallarını tənzimləyir.

Belə ki, maddəyə görə, həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmalıdır.

Hasarlama zamanı istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırmamalıdır. Yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunmalıdır.

Əks halda, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə şəxslər müəyyən məsuliyyət daşıyır.

Belə ki, bu kimi hallar baş verdiyi zaman fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Bu kimi hallara necə riayət edilməsi ilə bağlı isə, müvafiq hüquq mühafizə, icra hakimiyyəti və s. orqanlar məsuliyyət daşıyır.