Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları…)backend

Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları…)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Teatrın baş rejissoru, Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadə özünün müəllifi olduğu pyesə quruluş verir. Kod adı «V.X.A – Xalq düşmənlərinin arvadları» olan səhnə əsəri Sovet sürgünlərində, məhbəslərində minbir iztirab çəkən, Orta Asiyanın Akmol düşərgəsində həyat və ölüm arasında çarpışan qadınların faciəvi taleyindən bəhs edir.
TİA.AZ xəbər verir ki,​Azərbaycan teatr tarixində bu mövzuda və miqyasda ilk tamaşanın məşqlərinə başlayan M.Ələkbərzadə uzun illər boyu tarixi faktları araşdırdığını və belə bir səhnə əsərinin vacibliyini qeyd edib:
«Hələ televiziyada Mircəfər Bağırov haqda silsilə sənədli filmlər hazırladığım zamandan bu mövzu məni düşündürüb. İşlədiyimi bir çox arxiv materiallarından, bu insanların ailələri ilə söhbətlərimdən anlamışam ki, Azərbaycan xalqı öz fədakar, mətanətli qadınlarını tanımalıdı. Belə demək mümkünsə, keçmişimizin Qadın üzü həm də bu adamlardı. Onların sadəcə Qadın olduqlarına görə, Xalq düşməni elan olunduqlarına görə yaşadığı dəhşətlərdi və xüsusən gənc nəslin bunu bilməsi, görməsi vacibdir.»


​Bu mövzuda 2010-cu ildə «Xural» qəzetində, 2019-cu ildə «Lent.az» saytında kinopovest üslubunda esselər yayımlayan M.Ələkbərzadə çağdaş zamanın ciddi problemlərindən birinə, plagiatlar məsələsinə də toxunub:
«Təəssüflər olsun ki, müasir zamanda istinad mədəniyyəti yoxa çıxmaq üzrədir. Yazdığım və yayımladığım materialların əsasında hər halda mənim təsadüf etdiyim iki mətn ortaya qoyulub son zamanlarda. Qəribə olan budur ki, mətnlərimə heç bir istinad vermədən mənimsəyən müəlliflər xəyal məhsulumu tarixi fakt kimi qələmə veriblər. Bir neçə örnək gətirə bilərəm. Misal üçün, mən qatarda aparılan qadınların sayını 47 göstərmişdim mətnimdə. Bunu gələcəkdə bu və ya digər şəkildə quruluş nəzərdə tutduğum üçün belə yazmışdım. Axı o vaqonlardan məhbuslara elə komfort, rahatlıq verilə bilməzdi ki, cəmisi 47 adamdan ibarət olsun bir vaqon adam… Vaqonlarda 150-200 dən çox olurdu məhbus sayı, onları yük vaqonlarında ayaq üstə, hətta yatanda da bir istiqamətdə uzadıb aparırdılar… Mətnimi mənimsəyən müəlliflər şərti 47 rəqəmini tarixi fakt kimi yazıblar və bu, gülməlidir sadəcə. İndi də pyesdə bu sayı 37 etmişəm…Digər fakt isə odur ki, Əhməd Cavadın xanımı Şükriyyə Axundzadə aclıqla mübarizə üçün öz barmağını sancaqla deşib qanını sorurmuş. Yaxud hər stansiyada hərbiçilərə hədiyyə verilən qadınların aqibətini yaşamamaqdan ötrü Şükriyyənin paltarlarını tualetdə bulaşdırması, saçlarını üfunət qoxulu sulara salması faktı … Bunları mənə oğlu Yılmaz Axundzadə özü şəxsən danışmışdı. Və mən bu faktı xeyli bədiiləşdirdim. Hətta düşmən münasibətdə olduğu Ceyran Bayramovaya danışmasını, sirrini bölüşməsini yazdım. Bunlar mənim təxəyyül məhsulumdu. Amma nədənsə müəlliflər – guya birisi Şükriyyəni yuxuda görüb, digəri arxivlərdə nəyisə araşdırıb kimi gülünc səbəblərlə bu faktları öz mətnlərində istifadə ediblər. Həm də heç bir istinad göstərmədən… İndi bu insanlara müraciət edəndə və irad bildirəndə deyirlər – bunlar tarixi faktdır, arxivlərdə var… Axı hansı arxivdə, bunu kimsə mənə göstərə bilərmi?! Əminəm ki, yox! Çünki dediyim kimi, bunlar öyrəndiyim, bildiyim faktları öz təxəyyül gücümlə yazdığım məqamlardı.
Bəlkə də bu səbəbdən belə yazarların ifratı keçməməsi üçün mən artıq müəllif hüquqları məsələsini də qaldıracam. Amma bu mövzu 10 ildən artıqdır ki…mənimlə yol gəlir. Mən şərti olaraq “37 ci illər” kimi adlandırdığım məşum zamana və onun sakinlərinə yenidən həyat verərək, onlarla o dəhşətli yolu yenidən keçmək istədim. Bu yara 85 ildir ki, qanayır. Mən bu yaranı artıq ağrısını paylaşmaq… o QADINlara bir ithaf borcumu verməyi düşündüm. Bunu da Ə.Cavadın, H.Cavidin, M.Müşfiqin anımı ilə eyni zamanda etmək qərarına gəldim.»​
​Məhz belə bir mövzu və mahiyyət daşıyan tamaşanın teatr tarixində bir ilk olmasının çox cəhətlərindən biri də odur ki, burada iştirakçı sayı az qala teatrın bütün truppası qədərdir. Səhnə əsərində böyük söz, fikir adamlarının, «günahsız müqəssir» xanımlarının, heç bir günahı olmayan məsum körpələrin faciəsi yan-yanaşı göstərilir. Bir tərəfdə Sovet faşistləri və onların heç bir məntiqə, çərçivəyə sığmayan istintaq proseslərinin dindirmələri, tariximizdə İSİMləri bəlli olan insanların AİLƏləri…onlara verilən işgəncələr, digər tərəfdə sadəcə quru çörək, təmiz sudan ötrü dili-ağzı quruyan xanımlar. Valideynlərinin əlindən alınmış və pərən-pərən olan uşaqlar da zamanın ən böyük amansızlığının simvoludur. Bütün bunları növbəti teatr mövsümündə tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, tamaşa Əhməd Cavadın 130 illiyinə, Repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə, xanımlarına ithaf olunur.