Tribuna İnformasiya Agentliyi

KİV: Tramp Suriyadakı ABŞ qoşunlarını ərəb ordusu ilə əvəz etmək niyyətindədir

17 Aprel

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Suriyanın şimal-şərqindəki vəziyyəti sabitləşdirmək üçün ölkədəki ABŞ hərbi kontingentinin əvəzinə ərəb ölkələrindən hərbçilər çağırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazıb.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu yaxınlarda Misirin planın həyata keçirilməsinə yardım edib-etməmək istəyini öyrənmək məqsədi ilə Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edən general Abbas Kamelə telefonla zəng edib.

Qəzet yazır ki, daha əvvəl ABŞ administrasiyası Suriyanın şimal hissəsinin bərpası üçün milyardlarla dollar ayrılması üçün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə müraciət edib. Rəsmilərinin sözlərinə görə, hökumət həmçinin ərəb ölkələrinin bölgəyə qoşun göndərməsini istəyir.

Amma ABŞ ekspertləri yeni qüvvələrin çağırılmasının çətin olacağını hesab edirlər. Belə ki, Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə hərbi varlığını qoruyur, Misir isə prezident Bəşşar Əsəd rejimi tərəfindən nəzarət olunmayan ərazisiləri müdafiə etmək istəməyəcək.