Tribuna İnformasiya Agentliyi

Kitab yarmarkaları bərpa edilir

11 İyun

Şahbaz Xuduoğlu: “Əsas problem kitab üzərindəki vergi yüküdür”

Yəhudi əsilli yazıçı Kafka deyib ki, ədəbiyyatdan kənarda olanlar onu bezdirir. İngilis yazıçısı Somerset Moem isə səyahətlərə çıxanda torba dolusu kitab aparırmış. Yəni insan kitabdan uzaqlaşanda bir mənəvi boşluq yaranır, söz baqajı, intellekti korşalır.

Son illər Azərbaycanda kitaba maraq azalmaqdadır.

Metroda, avtobusda əksəriyyətin əlində telefon görmək olur. Sosial şəbəkələr də insanları kitabdan  ayrı salmaqdadır. Düzdür, yeni nəşriyyatların meydana çıxması, tərcümələrin çoxalması bu sahədə bir təkan yaratdı. Amma yenə də vəziyyət ürəkaçan deyil. Kitab yarmarkalarının qarşısında marketlərin, bankomatların önündəki kimi izdiham görə bilməzsiniz. Son aylarda isə kitab yarmarkalarına da rast gəlinmir.

“Biz 10 ildir ki, şəhərdə kitab yarmarkaları təşkil edirdik. Bakının müxtəlif parklarında, xüsusən də ”Nəriman Nərimanov” və “Elmlər Akademiyası” metrostansiyalarının yaxınlığında yarmarkalar keçirirdik. Amma bu il müəyyən müddət ertələməli  olduq”.

Şahbaz Xuduoğlu ile ilgili görsel sonucu

Bu sözləri “Yeni Müsavat”a  “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hazırda paytaxda kitab yarmarkalarının təşkili barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti kitab yarmarkasına icaz vermirdi: “Amma bu günlərdə meriyanın mətbuat xidməti bizimlə əlaqə saxladı və dedi ki, kitab yarmarkalarının təşkilinə heç bir etirazımız yoxdur.  Hazırda nümayəndəmiz oradadır, küçə ticarəti ilə məşğul olan departament tərəfindən lisenziya hazır olsun, yenə şənbə və bazar günləri yarmarkalar olacaq”.

Ş.Xuduoğlu hesab edir ki, məqsəd oxucuları yeni kitablarla tanış etməkdir: “Biz xeyli oxucu auditoriyası toplamışdıq. Bu gün bütün sahələrdə kitablar buraxırıq. İnsanlar detektiv janrda, eləcə də özünüinkişaf kitablarına maraq göstərirlər.

Həmçinin elmin populyarlaşması, uşaq sahələri ilə bağlı kitablar alınır. Yeni nəsil yazarların kitabları da satılır. Ancaq biz gözləyən həddə deyil. Bununla belə, yerli yazarların kitablarının tirajı 300-500 idisə, indi 1000 tiraj artıb. Bütün statistikalar göstərir ki, kitaba oxucu diqqəti çoxalır”.

Nəşriyyat direktorunun sözlərinə görə, ictimai nəqliyyatda kitab oxucularına rast gəlinir: “Azərbayan bazarı kitab sahəsində kiçikdir.

Bu gün boğulmayıb yaşamaq məharət tələb edir. Əsas məsələ vergilərin götürülməsi olmalıdır. Kitabın üzərindən vergi yükünü sıfıra endirməliyik. Hazırda  18 faiz ƏDV yükü götürülməlidir.

Digər problem isə odur ki, vaxtında bəyannamə göndərilməsə vergilər 1500 manat cərimə kəsir. Bu da üzərimizə böyük yük qoyur. Onsuz da Azərbaycanda oxucu əhali sayına nisbətən aşağıdır.

Ona görə qanunvericiliyin kitaba xüsusi münasibəti olmalıdır. Necə ki, Türkiyə, Gürcüstanda bu münasibət var. Bizdə vergi çox yüksəkdir”.

Emil SALAMOĞLU