“Kimsə istəyir ki, bu xalq çox şeyə nail olmasın, düşünməsin, istedadlı insanları kölgədə qalsın…”backend

“Kimsə istəyir ki, bu xalq çox şeyə nail olmasın, düşünməsin, istedadlı insanları kölgədə qalsın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Seriallarımız biabırçılıqdı, baxırsan millət adına xəcalət çəkirsən. Öz aktyor adına yox, millət adına xəcalət çəkirsən. Bu gün seriallar dövrüdür. Türkiyə serialları dramatik cəhətdən nə qədər dəyərli seriallardı, insan məhsuludur”
Bunu Moderator.az-a açıqlamasında aktyor, şoumen Kamran Həsənli seriallarımızdan danışarkən deyib. K.Həsənli bizim bu sahədə ancaq geri getdiyimizi bildirib:
“Seriallarımız biabırçılıqdı, baxırsan millət adına xəcalət çəkirsən. Öz aktyor adına yox, millət adına xəcalət çəkirsən. Bu gün seriallar dövrüdür. Türkiyə serialları dramatik cəhətdən nə qədər dəyərli seriallardı, insan məhsuludur. Türk serialları özü bu dəqiqə düyada məşhurdu. Bizdə isə 60-70-80-ci illərə baxın onda bizim dünyəvi filmlərimiz var idi. Əliağa Ağayevdən tutmuş, Səməndər Rzayev, Rasim Balayev kimi aktyorlarımız var idi. İndi türk filmlərinə baxın və görün onların səviyyəsi hara gəlib çatıb və biz hara gəlib çıxmışıq. Onlar və ümumilikdə dünya inkişaf edib, biz isə deqradasiyaya uğramışıq, geri getmişik. Ətrafımızda olan Gürcüstana baxın və orda da film çox yüksək səviyyədədir”.
K.Həsənlinin sözlərinə görə buna səbəb televiziya və kinolarımızın başında duranların ancaq qazanc güdmələridir:
“Buna səbəb odur ki, televiziya və kinolarımıza rəhbərlik edən şəxslərin beynində ancaq pul qazanmaq fikri olması, milli qeyrətlərinin olmamasıdır. Son on beş il ərzində nə var idisə hamısını bərbad günə qoydular. Kinomuzu da, teatrımızı da məhv etdilər. Bununla yanaşı, bədii qiraət sənəti var idi, Mikayıl Mirzə, Həsən Turabov və sonra Əminə Yusifqızı var idi, bu böyük bir peşə idi. Hamısını məhv etdilər və onun yerinə fahişə psixologiyalı adamları gətirdilər. Seriallarımızda fahişə psixologiyası ayaq açıb yeriyir. Bu əsasən qabarıq psixologiyaya çevrilib. Aktyorları da hardan gəldi filmlərə gətirirlər. Bu gün dəhşətli bir vəziyyətdi. Bütün bunlar həm serialda, həm də kino çəkişlərində baş verir. Məni hətta bir neçə filmə dəvət ediblər və açığı biabırçılıqdı. Sadəcə üzə çıxarılası deyil”.
Aparıcı bu cür tarixi şəxsiyyətləri olan millətin film sahəsində gerilməsinin qəbulolunmaz olduğunu bildirib:
“Mədəniyyət Nazirliyində edilən dəyişikliklərin də bir faydası yoxdur, heç o təzə nazirin adın da bilmirəm. Məmmədin İsrafilə dəyişməsi nəyinsə dəyişilməsi deyil. Deqratasiyanın hərfi tərcüməsi geriyə inkişaf deməkdir. Biz geri inkişaf etsəydik, gedib 60-cı illərə Tofiq Quliyevə, Emin Sabitoğluna, böyük filmlərə çıxardıq. Biz əksinə heç hara getdiyimizi bilmirik, tupikə girmişik. Əgər bizim arxamızda o mədəni yük, adlarını çəkdiyim aktyorlar, şairlər olmasaydı, indi bunları deməzdim. O qədər dünyada belə millətlər var ki, heç nəyə nail olmayıblar və dünyada yaşayırlar. Axı bizim tariximizdə çox böyük mədəni yükümüz var. Biz böyük şairlərin, aktyorların, rejissorların mənsub olduğu bir millətin nümayəndəsiyik. İndi isə yoxdur, hamısını məhv etdilər”.
K.Həsənli bu cür tənqidi çıxışlarına görə telekanalların qapısının üzünə bağlı olduğunu bildirib:
“Bu gün dəbə minən müğənnilər var və baxanda deyirsən ki, bundan da pisi ola bilməz. Bu deqradasiyada televiziyanın böyük rolu var. Bunları danışıram deyə mənim özümü də efirə buraxmırlar. Televiziya sahəsində məndən təcrübəli adam yoxdu, amma məni heç bir telekanala buraxmılar. Çünki  qorxurlar ki, danışaram, deyərəm və həmişə də verilişimdə danışmışam. Kimsə istəyir ki, bu xalq çox şeyə nail olmasın, düşünməsin, istedadlı insanları kölgədə qalsın, gəncləri heç bir uğur əldə etməsin. Buna da təəssüf ki, nail olurlar. Televiziyalarımızda səhərdən-axşama kimi tərbiyəsizlik təbliğ olunur. Bu təkcə televiziyada yox, digər sahələrdə də var”.