Tribuna İnformasiya Agentliyi

Kiçilən sığorta bazarı: Şirkətlərə daha bir təhlükə

13 İyun

Azərbaycanın sığorta bazarı kiçilməyə başlayıb.

2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 66.7 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib. Ötən ilin müvafiq dövründə sığorta haqları üzrə yığımlar 301,42 milyon manat, ödənişləri isə 78,5 milyon manat təşkil edirdi.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, könüllü sığorta bazarı üzrə haqlar 176.2 milyon manat, ödənişlər isə 43.4 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 milyon manat, ödənişlər isə 23.3 milyon manat olub. 2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66 faizi könüllü, 34 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65 faizi könüllü, 35 faizi icbari sığorta növləri hesabına formalaşıb. Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə sığorta bazarında kiçilmənin səbəblərini şərh edib. O bildirib ki, icbari sığorta bazarında kiçilmə baş verməməlidir:

“Məlumdur ki, vətəndaşlar icbari sığortadan məcburi qaydada yararlanmalıdır. Hesab edirəm ki, azalma deyəndə könüllü sığorta bazarı nəzərdə tutulur. Aydındır ki, sığorta hadisəsi baş verəndən sonra ödəmələr həyata keçirilir. Ümumiyyətlə, sığorta bazarında inkişaf dinamikasının müşahidə olunmaması, bu sahədə illər boyu boşluqların olmasından irəli gəlir. Əvvəllər bu sahədə dövlət nəzarətini Maliyyə Nazirliyi həyata keçirirdi, müəyyən bir dövrdən sonra bu səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına keçdi. Hər iki dövlət orqanı tərəfindən nəzarət edildiyi dövrlərdə də sığorta sahəsində inkişaf bərqərar olmayıb. Hələlik Azərbaycanda müasir dövrün tələblərinə uyğun sığorta siyasəti aparılmır. Bəli, müstəqil fəaliyyət göstərən və müxtəlif mürəkkəb sığorta paketlərindən təklif verən şirkətlər var. Ancaq makroiqtisadi səviyyədə sığorta bazarlarının balansına baxanda bu, kifayət etmir və tələblərə cavab vermir. Bunun üçün kifayət qədər maddi texniki təchizat bazasına ehtiyac var.

Əhali arasında gücləndirilmiş formada dövlət nəzarəti və ya təbliğat vasitəsi görmək mümkün deyir. Vətəndaşlar sığorta sisteminə dırnaqarası baxırlar, bir sözlə, maraqlı deyillər. Ancaq bazar iqtisadiyyatı dövründə münasibətlərdə sığorta mühitin ayrılmaz və vacib hissələrindən biri olmalıdır. Azərbaycanın sığorta sistemində qanunvericilik bazası təkmilləşdirilib və müasir dövrün tələblərinə uyğundur. Ancaq problem ondadır ki, icra mexanizmi yoxdur”.

Müştərilərin sığorta sisteminə cəlb olunması aktivliyini necə yaratmaq olar?

İqtisadçı qeyd edib ki, sığorta sistemində müştərilərin maarifləndirilməsi vacib məsələdir:

“Sovetlər dönəmindən yaxın keçmişəcən Azərbaycanda nəqliyyat vasitəsini idarə edənlər təhlükəsizlik kəmərindən istifadə etmirdilər. Ancaq bu istiqamətdə davam edən maarifləndirmə sayəsində indi təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü yoxdur. Çünki sürücü bilir ki, təhlükəsizlik kəmərindən istifadə etməsə, ilk öncə cərimələnəcək. Təbliğat o qədər yüksək səviyyədə oldu ki, təhlükəsizlik kəmərindən istifadə etməmək artıq ayıb hesab olunur. İnkişaf etmiş ölkələrdə sığorta hadisəsi baş verən kimi, sığorta polisi dərhal vətəndaşın sığortalanması haqqında məlumatı verir. Ümumiyyətlə, xarici ölkələrdə sığorta sistemi cəmiyyətin ayrılmaz bir hissəsidir. Qidalanma kimi sığortalanma da vacibdir. Azərbaycanda bunun mexanizmini tətbiq edib qurtara bilmirlər. Günümüzdə bir sıra sığorta şirkətləri var ki, onlar müasir dövrün tələblərinə uyğun təkliflər verirlər. Həmin şirkətlər, eyni zamanda da müasir maddi texniki təchizat bazası ilə təkmilləşib. Sadəcə olaraq, dövlət nəzarəti səviyyəsində təbliğat maşını hərəkətə gəlməlidir”.