access_time Dərc olunub: 18:44
Azərbaycandakı vəkillik probleminin sonu necə olacaq?

Azərbaycanda nümayəndəlik institutunun ləğvinin ardından bir sıra vəkillərlə bağlı Vəkillər Kollegiyasına edilən müraciətlər gündəm mövzularından biridir. Son olaraq, tanınmış vəkil Yalçın İmanovun iki gün öncə vəkillik fəaliyyətinin kollegiya tərəfindən dayandırılması ölkə daxilində ciddi müzakirələrə səbəb olub. 

Vəkil Elçin Sadıqov barədə intizam icraatına xitam verilsə də, onun digər həmkarları Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Aqil Layıcovun üzərindəki təhlükə sovuşmayıb. Bu vəkillərin kollegiyadan xaric ediləcəkləri gözlənilir. 

934 nəfər vəkilin fəaliyyət göstərdiyi, üstəlik nümayəndəlik institutunun ləğv edildiyi bir ölkədə bəzi vəkillərlə bağlı verilən bu cür qərarlar birmənalı qarşılanmır. 

Tanınmış hüquqşünas, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev qərarın təəssüf doğurduğunu bildirdi: “İstənilən halda düşünürəm ki, vəkillərin sayının az olduğu halda Vəkillər Kollegiyasından hər hansı bir vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi təəssüf doğurur. Yalçın bəy çox istedadlı bir insan, hüquqşünasdır. Çox savadlı və qabiliyyətlidir. Bu onun yazılarında və fəaliyyətində görmüşəm. Elə insanlar daha keyfiyyətli hüquq yardımı etmək imkanlarına malikdirlər. Amma onun hansı səbəblərlə bağlı fəaliyyətinin dayandırılması ilə tam yetərli məlumata malik deyiləm. Yalnız mətbuatda gedən məlumatları oxumuşam. Hər halda bu məsələlərə tam aydınlıq gələcək. Onun istənilən halda fəaliyyətinin dayandırılması məndə təəssüf hissi doğurur”.


Hüquqşünas gələn ay Vəkillər Kollegiyasının keçiriləcək konfransından da danışdı: “Konfransda rəhbərlik yenidən seçiləcək. Orada məsələlərin həllinə ümid edirəm. Çünki Vəkillər Kollegiyasında kifayət qədər bacarıqlı, istedadlı üzvlərimiz var. Onların bir çoxlarını şəxsən tanıyıram və peşəkar hüquqşünas olduqlarına inanıram. Vəkillər Kollegiyası ilə bağlı bəzi məsələlərdə də qanunvericilikdə müəyyən dəyişikliklər baş verəcək. Elə bir şərait yaradılacaq ki, yüksək hüquqi biliklərə malik olan şəxs kollegiyanın üzvü olmaq imkanları əldə edəcək. Vəkil olmaq üçün bir sıra tələblər var ki, burada da müəyyən haqlı tərəflər var. Məsələn, vəkil olmaq üçün 3 il tələb olunan stajla bağlı tələb var ki, çox ciddidir. Güman edirəm ki, bu müddətin azaldılması istiqamətində qanunvericilikdə dəyişikliklər edilə bilər. Vəkillər Kollegiyasının qarşıdan gələn konfransında quruma yeni nəfəs verilə biləcəyinə ümidliyəm. Ümid edirəm ki, Yalçın İmanov üçün o imkan baş verəcək, yəni peşəkar fəaliyyətinı qayıtmaq imkanları əldə edəcək. Bunu istisna etmirəm. Onu qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda 934 nəfər vəkilin olması, bir sıra rayonlarda vəkillərin ümumiyyətlə olmaması, Vəkillər Kollegiyası qarşısına bir sıra vəzifələr qoyur. Bu vəzifələr isə, hər şeydən əvvəl qabiliyyətli, savadlı, vicdanlı insanların Vəkillər Kollegiyasına daxil olma imkanlarını genişləndirməkdən ibarətdir. Bu prosesin qarşıdakı dəyişikliklərdən sonra daha sürətlə həyata keçiriləcəyinə inanıram. Nəticədə vəkillərin vətəndaşların konstitusion hüquqları olan keyfiyyətli hüquq yardımla onları təmin etmək imkanları genişlənəcək. Digər tərəfdən hesab edirəm ki, hüquq təhsilində vəkilliklə bağlı ayrıca bir ixtisasın ayrılmasına gələcəkdə yeni imkanlar yaranacaq. Doğrudur, bu gün hüquq fakültəsində vəkillik bir semestr ixtisas kimi tədris olunur, bunun gələcəkdə bir yox bir neçə semestrdə tədris olunacağına ümid edirəm. Bütün bunlar Vəkillər Kollegiyasının həm nüfuzunu artıracaq, həm də cəmiyyətdə bu quruma olan ümidlərin əhatə dairəsi genişlənəcək. Eyni zamanda, vəkil olmaq istəyən və ola biləcək şəxslərin miqyası artacaq”.


Musavat.com

Şərhlər