access_time Dərc olunub: 13:20
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi mürgü vurur

Məlumdur ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Lakin son illər ölkəmizdə qeyri-neft sektorunu da inkşaf etdirilməyə cəhdlər edilir.
Elə dövlətlər var ki, onlar ancaq turizmin hesabına yaşayırlar. Turizm sürətlə inkişaf edən və ölkəyə ən çox iqtisadi gəlir gətirən sektorlardan biridir. Buna görə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr turizm fəaliyyətinə böyük əhəmiyyət verirlər. Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard, 2004-cü ildə 600, 2009-cu ildə 850 milyard, 2013-cü ildə 1 trilyon dollardan artıq olub.
İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur. Bu sektorun bir çox fəaliyyət sahələri ilə yaxın əlaqədə olduğu üçün ordan gələn gəlirlər də digərlərinə nisbətən iqtisadiyyata daha müsbət təsir göstərməkdədir. Sumqayıt rəsmiləri müasir turizm infrastrukturu qurulmasını və şəhərə artıq turist axınının başlamsını bəyan etməsinə baxmayaraq reallıq tamam başqa şeyi deyir. Əhalisinə görə Azərbaycanın 2-ci, sahəsinə görə isə 3-cü şəhəri olan Sumqayıtda bu istiqamətdə elə də ciddi addımlar atılmır. Baxmyaraq ki,Sumqayıtın paytaxtdan 30 km yaxınlığında, dəniz kənarında yerləşməsi şəhərə böyük üstünlüklər verir, şəhərin turizm potensialından yetərli istifadə olunması hiss olunmur. Sumqayıt turizmin inkişafına, turist sayına görə paytaxt Bakıdan çox geri qalır.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi mürgü vurur...

Təkcə onu demək kifayətdir ki, şəhərin büdcəsinə, inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılmasına baxmayaraq şəhərin nəinki xarici dillərdə-ingilis, rus, alman dillərində, heç doğma Azərbaycan dilində belə elementar tanıtım kitabçası yoxdur. Sumqayıtı reklam, təbliğ edən turist xəritəsi və ya kiçicik broşür- buklet belə dərc olunmayıb, reklam çarxları hazırlanıb internetə yerləşdirilməyib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi elə bil yaddan çıxarıb ki, onun adında “turizm” sözü də var elə bil. Ümumiyyətlə, Sumqayıt şəhəri haqda-onun tarixi, abidələri şəhərin küçələri, mikrorayonları, məhəllələri, mədəniyyət obyektləri və sairə haqda adicə məlumat kitabçası belə yoxdur. Varsa da kütləvi olmayan maraqsız jurnallar çıxıb. Məlumat kitabçası nəinki turistlər, heç sakinlər üçün belə yoxdur. Halbuki adi parfümeriya dükanı, klinikalar belə mütəmadi reklam bröşürlərini dərc edib paylayır. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Gəncə şəhərinin turist xəritəsi hazırlanıb. Gəncə özünün tarixi-mədəni abidələri və digər infrastruktur obyektləri ilə turistlərin diqqətini cəlb edir. Turistlər bu xəritədən istifadə etməklə Gəncə şəhərinin tarixi və mədəni abidələrlə yanaşı, mehmanxanalar, restoranlar və digər zəruri obyektlər haqqında məlumatlar əldə edə biləcəklər.
Bundan başqa şəhərin turizm potensialından səmərəli istifadə etmək üçün heç, bir araşdırma,statistika aparılmır,edilənlər də kor-təbii edilir.Heç statistika yoxdur ki, hər il şəhərə nə qədər xarici turist,qonaq gəlir və nə vaxt gəlir.
Layihə çərçivəsində bugünədək Quba, Qusar, Xaçmaz və Şəkinin turist xəritələri hazırlanıb, digər şəhər və rayonların (Mingəçevir, Qəbələ, Lənkəran, Qax, İsmayıllı, Şamaxı, Bərdə) turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir. Bu il bütün ölkə mətbuatı yazdı ki, 400 mindən çox əhalisi olan, əhalisinə görə ölkənin ikinci şəhərində cəmi-cümlətanı 3-4 ayaqyolunun olmasından həm yerli sakinlər, həm də şəhərə gələn qonaqlar əziyyət çəkir. Bu hesabla 100 minə nəfərə heç 1 ictimai ayaqyolu düşmür. Yeri gəlmişkən, ayaqyolu sarıdan vəziyyət olduğu kimi qalıb. Bir şəhərdə ki, belə vacib şey- tualet yox dərəcəsindədir, bu halda hansı turizm inkişafından, turistlərin cəlb olunmasından gedə bilər?!

Sumqayıta kino-teatr lazım deyil?

Şəhərdə bir dənə də fəaliyyət göstərən kinoteatr yoxdur, olan kinoteatrlar isə təyinatını dəyişib, şadlıq evlərinə,restoranlara çevrilib.
Acınacaqlı və köhnə sumqayıtlılar üçün çox ürəkağrıdıcıdır ki, Sumqayıtın bünövrəsi təzə-təzə qoyulan illərdə - keçən əsrin 50-ci illərində alman əsirləri tərəfindən inşa edilən "Vaqif" kinoteatrı və onun Yay zalı İcra hakimiyyəti tərəfindən özəlləşdirilməyə çıxarılıb və indi mədəniyyət ocağından “mədə niyyətli” obyektə- restorana çevrilib. Amma köhnə sumqayıtlılarda nostalji xatirələr yaradan bu məkan bir zamanlar sumqayıtlıların ən sevimli məkanı idi. Şəhərdəki acınacaqlı vəziyyətdə olan digər kinoteatr isə "Cırtdan” uşaq kinoteatrıdır. Həmin kinoteatrın da binası özəlləşdirilib. İndi həmin binada çayxana və plastik qapı-pəncərə sexi fəaliyyət göstərir. Vallah ayıbdır!
Sumqayıtda yeganə teatr var: Sumqayıt Dövlət Dram Teatrı, sumqayıtlıların dili ilə desək SK. Amma orada da teatr bir teatr mövsümünün açılışında olur deyəsən, bir də bağlanışında. Burada da teatr tamaşaları mütəmadi olmur, kompaniya xarakteri daşıyır elə bil. Olsa ən azından yaxın regionlardan,daha doğrusu rayonlardan insanlar maraq göstərib gələ bilər.Bakıdakı kimi Sumqayıtda teatr abu-havasından əsər-əlamət yoxdur.
Sumqayıt bildiyimiz kimi cavan şəhərdir, gələn ay 68 yaşı olacaq(1949-cu il noyabırın 22-də Sumqayıta şəhər statusu verilib) və bu səbəbdən şəhərdə turistləri özünə cəlb edə biləcək qədim tarixi abidələr,tikililər baxımından kasaddır. Şəhərin ə ecazkar təbiəti var , nə də qədim tarixə malik mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Arxitekturası isə yeknəsəq sovet arxitekturasıdır. Və məhz bu səbəbdən "Vaqif" kinoteatrı kimi obyektlər artıq tarixini özündə əks etdirən yerli əhəmiyyətli nadir tarixi məkan sayıla bilərdi və onu qeyri-adi rekonstruksiya edib həm yerli sakinlərin , həm də turistlərin ixtiyarına vermək olardı. Bu hətta gəlir gətirməsəydi belə şəhərin tarixinə hörmətlə yanaşmaq olardı... Yeri gəlmişkən bu kinoteatrın da rəsmi proyekti olub müasir vəziyyətə gətirmək üçün, amma görünür sonda maddi maraqlar mənəvi və mədəni maraqlara üstün gəlib.
Yeri gəlmişkən, şəhərin bir çox yerlərini, köhnə məhəllələri o zaman əsir düşmüş alman əsirləri tikib ki, həmin tikililərdən sumqayıtlılar bu dəqiqdə istifadə edir və bu həmin tikililərin necə keyfiyyətli tikilməyindən xəbər verir. Bu faktdan turistik baxımdan da istifadə etmək olardı, 2-ci dünya müharibəsində əsir düşmüş almanlarla bağlı muzey yaratmaq olardı ki, bu ən azı alman turistlərinin gəlməsinə şərait yaradardı. Məlumdur ki, Sumqayıtın kənarında yerləşən Yeni Kotej qəsəbəsində alman əsirlərinin qəbiristanlığı var və orarda 311 alman ordusunun əsgəri dəfn olunub. Onlardan 269-u alman, qalanı macardır,amma heç bu haqda nəinki turistlərin ,heç yerli sakinlərin də xəbəri yoxdur,heç bu barədə məlumat verən bir nişan belə yoxdur. Bura yalnız Almaniyadan gələn rəsmilər ara-sıra baş çəkir.
Düzdür, şəhərdə Tarix Muzeyi var, amma o da elə də maraq doğurmur, sanki formal xarakter daşıyır, necə ki, Sumqаyıt Dövlət Rəsm Qаlеrеyаsı simvolik xarakter daşıyır və bura nəinki turistlərin , heç sumqayıtlıların üzünə belə heç də həmişə açıq deyil, tədbirdən tədbirə fəaliyyət göstərir. Şəhərin 16-cı məhəlləsində şəhərin tarixini özündə əks etdirən, Sumqayıtın ilk illərində tikilən 3 mərtəbəli bir neçə bina sökülüb yerinə hündürmərtəbəli bina tikilir. Halbuki dünyanın əksər sivil ölkələrində köhnə binalar tarixi baxımdan əhəmiyyət daşıdığından dövlət tərəfindən onlara qayğı ilə yanaşılır, onlar qorunur və bu turistlər üçün də cəlbedici olur. Hündürmətrəbəli yeknəsaq binalar isə adiləşdiyindən onlar da az maraq doğurur.
Hər bir şəhərin giriş qapısı sayılan və bir növ, vizit kartı olan avtovağzalların vəziyyətinə uyğun olaraq, şəhərin hansı səviyyədə olması haqda mühakimə yürütmək olur. Sumqayıt ölkənin 3-cü böyük şəhəri olsa da, avtovağzalı da ,dəmiryolu satansiyaları da ucqar rayonlardakından elə də fərqlənmir. Stansiya Sumqayıt qəsəbəsindəki sərnişin stansiyası elə bərbad gündədir ki,burda düşən turistlər heç də yaxşı fikirdə olmaz şəhər haqda.
Çünki qəsəbədə axşam vaxtı zülmət qaranlıq olur,ərazisi isə qorxulu vahiməli yerə oxşayır, itlər ulaşır. Sərnişin stansiyasının inzibati binası isə hər ikisində baxımsız vəziyyətdədir və keçən əsrin ortalarından qalıb, təmir-filan da olmayıb. Bu stanasiyada heç bir turist taksi-filan olmasa ürək edib düşməz.
Şəhərə milyonlarla pul ayrılır, amma bu qəsəbədə normal yol belə yoxdur... Hacı Zeynalabdin Tağıyev-Dəmir Yol stansiyası (Nasosnu ) da o gündədir. Bu stansiyalar elə bil 18-ci əsrdən qalıblar. Hətta o zaman da bəlkə bunlardan yaxşı olub, gedişli-gəlişli olub.
Nəzərə alın ki, bu stansiyalarda Rusiyaya, Ukraynaya və digər ölkələrə gedən və oradan gələn qatarlar dayanır. Sumqayıt Dəmiryol Stansiyası uzun müddətdir ki, sökülüb yerinə tikilir, ancaq nə vaxt hazır olacaq məlum deyil. Amma vaxtı ilə buradan da ölkə hüdudlarına qatarlar işləyirdi və gur yer idi. Amma turistlərin axınını yox, heç olmasa az da olsa gəlməsini təmin etmək üçün dəmyolu stansiyalarının da rahat, müasir olması vacib amildir.
***
Şəhərdə turistləri cəlb edəcək münasib qiymətlərə maraqlı əyləncə mərkəzləri də yoxdur. Bura şox nadir hallarda tanınmış xarici mahnı qrupları gəlir,böyük musiqi festivalları da keçirilmir.Keçirilən festivallar isə nəinki dünya miqyaslı və ya ölkə miqyaslı,heç şəhər miqyaslı belə olmur.Bir çox tədbirlər isə formal xarakter daşıyır,çox süni və sönük olur.
Şəhərdə küçə adları belə çox küçələrdə, mikrorayonlarda yazılmır, Sumqayıtda ümumiyyətlə ünvanları küçə ilə tanımırlar, mikrorayanlarla, məhəllələrlə tanıyırlar. Görünür adları 3-4 manatlıq löhvələrdə yazmağa pul yoxdur...
Şəhərin mərkəzi hissələrində işlıqlandırma pis olmasa da , məhəllə daxilində işıq dirəkləri olsa da axşam vaxtı zil qaranlıq olur, bu da çox mənfi haldır. Hələ bu yaxınlarda küçə itləri 5 yaşlı qızı parçalayanacan itlərin əlindən gecələr ölkənin ən böyük şəhərlərindən birinin bir çox yerlərində çölə çıxmaq olmurdu.

Şəhərin təbii resurslarından – Xəzərsahili çimərlikdən və Coratın tarixiliyindən isə istifadə edilmir.
Gənclik şəhərində(həm də belə adlanır) əsasən gənclərin üstünlük verdiyi bir dənə də olsun hostel yoxdur. Otellərin qiyməti isə əhalinin böyük əksəriyyətinin SSRİ dağılanacan həmçinin “fəhlə şəhəri” də adlandırılan şəhər üçün kifayət qədər bahadır. Məsələn, şəhərdə otel və mehmanxana elə də çox deyil. Düzdür bu il iki otel -4*-lu 13 mərtəbəli “Sumqayıt Plaza Hotel” 3 ulduzlu "Regnum" otel bu il tikilib istifadəyə verilib, yaxın zamanlaracan “Term” oteli fəaliyyət göstərib, amma fəaliyyətini Sumqayıtın köhnə mehmanxanası “Dalğa” (orada yüksək komfort olmasa da qiymət ucuz idi) kimi dayandırıb. Qiymətlərə qaldıqda isə qiymətlər kifayət qədər yüksəkdir,demək olar ki,Bakıdakı qiymətlərdir və hətta ondan da bahadır.Belə ki, məşhur hotel sifarişi saytı olan booking.com-dan görmək olur ki,“Sumqayıt Plaza Hotel” də bir nəfər üçün bir gecəlik qiymət 120-150 manat arası dəyişir , "Regnum" da , mikrorayonun içində olan “Sumgait Olimpik SportComplex “ də isə aşağı qiymət 60 manatdır. Bir dənə də motel var şəhərin harasındasa . ..
Razılaşın ki,hətta Avropadan gələn turist üçün də bu qiymətlər ucuz deyil.Bu pula hətta Fransada,İngiltərədə belə yaxşı oteldə qalmaq olar.Elə isəturist bura niyə gəlsin?
Elə bil monopoliyadır, turistin seçim imkanı yoxdur. Rəqabət olsa qiymət də düşər. Bundan başqa olan otellər deyilənə görə şəhərin bir çox müəssisələrinə, xüsusilə daxili və xarici qonaqları qəbul edən idarə və təşkilatların öz qonaqlarını həmin oteldə yerləşdirirlər ki, bununla da büdcədən həmin otel pulları artıqlaması ilə silinir. Həm də olan bir-iki otelə də əsasən Bakıya gələnlərdə yaxınlığa görə maraq doğura bilir. Sırf Sumqayıta turist gözü ilə baxmağa gələn isə çox azdır.
Şəhərdə demək olar ki,xarici turist gözə dəymir,ancaq olasa –olsa başqa rayonlardan gələnləri görmək olur ki,onlar da ya qohumlarının yanına qonaq gələnlərdir, ya alış-verişə, ya işləməyə, ya da yolüstü gələnlərdir.
Keçmiş sovet respubliklarından gələn az qism insanlar isə vaxtı ilə burda yaşayan və yaxınlarına , uşaqlıq xatirələrində yaşayan şəhərə gələnlərdir.

Amma yerli turistin də qalmağa yeri yoxdur, çünki inanmıram ki,az büdcəli xarici turist kimi yerli insanın bir gecəyə 60-150 manat arası otel pulu verməyə imkanı olsun. Bu orta sumqayıtlı və kasıb büdcəli turistlərin cibinə uyğun deyil. Bəzilərinin maaşı elə 2 gün belə oteldə qalmağın pulu qədərdir.Yəni , şəhərdə “bardaq” olmayan, normal şəraiti olan və yerli insanın, ümumiyyətlə kasıb turistin cibinə uyğun otelə və ya motellərə ehtiyac var. Cənab prezident də çıxışlarında vurğulayıb ki, ölkədə 1-2 ulduzlu turizm obyektləri çatışmır. Onların tikilməsi üçün sahibkarlara yerli icra hakimiyyəti orqanları, o cümlədən müvafiq qurumlar tərəfindən kömək göstərilməlidir.

Bu boyda şəhərdə bir dənə də hostel yoxdur. Hostel isə qiyməti otellərdən xeyli ucuz olan və turistlərin qısamüddətli gecələmələri üçün nəzərdə tutulan turizm obyektidir. Otel qiymətlərinin baha olduğu ölkəmizdə əslində hostel biznesi olduqca cəlbedicidir.Üstəlik, bunun üçün böyük məbləğli investisiyalara da ehtiyac yoxdur. Az büdcəli turistin əlacı qalır şəxsi ev tutmağa, bu isə çox risklidir. Dünya praktikasına görə, turizmi inkişaf etdirmək üçün üç və daha aşağı ulduzlu otellər şəbəkəsi genişlənməlidir. Əhalinin bütün təbəqələrinin tələbatını ödəyən otellər olmalıdır. Düzdür oteldə dənizkənarı bulvarda da yeni otellər tikilir, ancaq otel açmaqla iş düzəlmir, həm də ki, turistin gərək getməyə maraq oyandığı, onu cəlb edən gəzməli-görməli yerlər olmalıdır. Sumqayıtda isə belə yerlə tək-tükdür..

Sumqayıtın az qala yeganə görməli və şəkil çəkiləsi yeri betondan tökülən "Sülh göyərçini" abidəsi (1978-ci ildə dənizkənarı parkda ucaldılıb) və ya sadəcə sumqayıtlıların dili ilə desək “Göyərçin”dir, hansı ki, şəhərin əsas rəmzlərindən biridir, Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir,sumqayıtlıların ən sevimli , sevdiyi, tanınan görüş yeridir. Bir də şəhərdə azdan-çoxdan maraqlı olan 2-3 yerdə olan küçə şahmatıdır, vəssalam. Bakıda pulsuz "Wi-Fi" ilə təmin olan ərazilər günü-gündən artır ,amma Sumqayıtda belə bir dənə belə ərazi yoxdur. Pulsuz "Wi-Fi" yalnız restoranların və kafelərin bəzilərində olur burda. Halbuki internetin əlçatan və havayı olması turistlər üçün də cəlbedicidir.


SUMQAYIT TURİZM ŞƏHƏRİ OLMAĞA İDDİALIDIR, AMMA BİR DƏNƏ DƏ HOSTELİ YOXDUR-TƏƏSSÜF

Şəhərdə düzdür müəyyən abadlı işləri görülüb, Xəzər dənizinin sahilində 2016 -cı ildə ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometrdir olan bulvar açılıb,şəhərdə uzun müddətdir ki, Nəsimi adına gözəl park da var ki,müəyyən maraq doğurur,amma bunlar möhtəşəm deyillər. Hətta bu yaxınlarda Xəzərin Sumqayıt sahilində tikilən tərsanədən Novxanıya gəmi ilə səyahət edə biləcəklər deyilənə görə. Bulvarda dənizin içinə girən estekadanın üstündəki "Sərin Restoran” cəlbedicidir,amma burda da qiymətlər çox bahadır.

Amma Bulvarda turist axınına səbəb olan qeyri-adi bir şey yoxdur. Bulvarda və parkda pərakəndə şəkildə orda-burda atraksionlar var, onlar adrenalin bəxş edən səviyyədə deyillər, həm çoxu sovet dövründən qalıb, həm də daha çox uşaqlar üçün maraqlı ola bilər. Bu minvalla turizm baxımından şəhər nəinki Batumiyə-filana çata, heç Şəkiyə, Qəbələyə belə çətin çata, Bakıya çatmaqdan isə ümumiyyətlə danışmırıq. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir. 60-cı illərdə Yaşıl örtüklə "daş sarmaşıqlar "- "plyuş" kolları”örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Şəhərə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər. Hətta bu binanın şərəfinə Almaniyanın Sumqayıtla qardaşlaşmış Lüdviqshafen şəhərində bu gözəlliyi əks etdirən marka da buraxılmışdır.
"Yaşıl bina"nın sarmaşıqları 2010-cu ildə həmin vaxt icra başçısı olan Vaqif Əliyevin dövründə hissə-hissə saralmağa başladı və az sonra örtük binadan götürüldü. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilmiş və ciddi şəkildə qınanmışdır. O vaxt şəhər icra hakimiyyətindən isə bildirdilər ki, sarmaşıq ömrünü - vegetasiya dövrünü başa vurduğu üçün quruyub.
Sumqayıt bildiyiniz kimi SSRİ dövrü əsasən sənayə şəhəri,kimya şəhəri olub və uzun müddət , daha doğrusu kimya zavodlarının fəaliyyətinin dayanmasına qədər dünyünın ekoloji cəhətdən ən çirkli çəhərlərindən biri olub.olub. Yalnız müstəqillik dövrü kimya başqa sahələr inkişaf etməsi üçün şərait yarandı.
Sumqayıta başqa yerdən tur yoxdur.üzdür bir müddət əvvəl şəhəriçi tur "City Tour" fəaliyyətə başlamışdı ki, o şəhərdaxili tur çərçivəsində şəhərin görməli yerlərini görməyi təklif edir.Əlbəttə dünyada məşhur olan City Sightseeing- 2 mərtəbəli səyahət avtobusları kimin üçünsə ikinci mərtəbəsinə görə, avtobusun özünə görə maraqlı ola bilər, amma daha çox reklam xarakterli bu avtobuslara Sumqayıtda elə də ehtiyac yoxdur.Birincisi şəhər elə də böyük deyil,həm də şəhərin az-maz maraqlı yerlərini görmək üçün elə 20 qəpik verib bütün şəhəri fırlanan şəhərdə ən məhşur 7 nömrəli birmərtəbəli avtobusa minib səyahət etmək də mümkündür. Yaxşı oları ki, bu avtobusalr şəhərə maraq oyatmaq üçün havayı olardı.
Maraqlıdır ki, internetdə Bakı haqda xarixi turistlərin, o cümlədən Ukraynadan, Rusiyadan və digər yerlərdən gələn turistlərin, bloqqerlərin, səyahətçilərin çəkdiyi yüzlərlə videolareportajlar var, amma paytaxtın yaxınlığındakı Sumqayı haqda demək olar ki, heç bir xarici turistin çəkdiyi video yoxdur.Demək Bakıya gəlirlər, amma onun maşınla 20-30 dəqiqəliyində olan böyük şəhərinə gəlmirlər.Çünki şəhərdə maraqlı bir şey görmürlər və ya eşitməyiblər. Yoxsa bu necə ola bilər?
Amma şəhər rəhbərliyi deyir Sumqayıta turist axır.
***
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Azərbaycanın, habelə regionun coğrafi yerləşmə baxımından ən gözəl stadionudur. 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi. Ancaq təəssüflər olsun ki, 2001-ci ildən baxımsızlıq ucbatından stadion bərbad vəziyyətə düşüb. Neçə icra hakimiyyəti gəlib-gedib təzə proyekti də olan bu stadion hər il söz verilir ki.yenidən qurulacaq.Halbuki o da idman turizminin inkişafına təkan verə bilərdi. Mikrorayonlarda kəndlərdə kimi zülmət qaranlıqdır işıq dirəkləri olsa da lapapaları yanmır laqeydliyindən. Sumqayıt uzun illər ölkə miqyaslı kimya sənayesi şəhəri olub və hətta uzun illər ekoloji cəhətdən dünyanın ən çirkli şəhəri- “qazovkalı”şəhər kimi kimi tanınıb, yalnız SSRİ dağılandan və zavodlar dayanandan sonra şəhərin ekologiyasının çirklənməsi dayandı.Amma indi də ekologiyanı pozan müəissəsilər az deyil. Şəhərdə sənaye turizmi inkişaf etdirmək inandırıcı deyil.
Əlbəttə şəhərdə turizm inkişaf etsə idi xidmət sahələri artar ,öz növbəsində iş yerləri də artardı.İş yeri,daha doğrusu normal maaşlı iş yeri isə Sumqayıtda ən böyük problemdir. Sakinlərin çoxu iş dalınca Bakıya üz tutur,xarici turistlər kimi. Yayda müəyyən axın olur Corat-Novxanı tərəfə dənizə amma orda da istirahət mərkəzlərində xaos hökm sürür və əsas məqsəd turistləri soymaq olur.Orada turizm varsa da cüzi çox sistemsiz olur,qiymətlər isə oradakı istirahət mərkəzlərində baha. Düzdür, Bakıdan fərqli olaraq Sumqayıt nisbətən ucuz şəhərdir.Məsələn, taksi, qida nisbətən ucuzdur, 1 manatlıq çayxanalar yetərincədir, tıxac yoxdur, ev kirəsi, bir çox xidmət sahələri ucuzdur. Amma turistlər çayxanada oturub domino oynamağa çətin ki, maraq göstərə. Ucuzluq isə kasıbçılıqla, alıcılıq qüvvəsinin az olması ilə əlaqəlidir. Ona görə də futbol oyunları,teatr tamaşaları havayı olur əsasən.Müsbət tərəflərdən biri də odur ki,şəhər əyalət kimi sakit,rahatdır.Şəhərdə rahat nəqliyyat var, şəhərin hər bir yerinə marşrut işləyir, 7,7a isə lap gecəyəcən işləyir.
Bir sözlə turizm hələ ki, Sumqayıtda sözdədir.
Təklif odur ki, stadionu tikib qurtarmaq lazımdır, şəhərdə botanika bağı, akvarium, incəsənət muzeyi, kişik də olsa zoopark, maraqlı, kreativ abidələ, heykəltaraşlıq nümunələri və digər bu kimi maraq doğuran şeylər yaradılsa və təbliğ olunsa turistlərdə həqiqətən şəhərə gəlməyə maraq oyatmaq olar.
Sonda bir balaca düşündürücü statistika: Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Hesabat dövründə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub.
Gürcüstan isə 2017-ci ilin birinci yarısında xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib. 2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana 3 978 657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur. Necə deyərlər, turizm başqa şeydi, cənablar!!!
Lalə Məmmədova ( "Təzadlar") 

Şərhlər