access_time Dərc olunub: 10:38
Yaxın zamanlarda bələdiyyələrin torpaq davasına son qoyula bilər

Uzun müddət bələdiyyələrin üzləşdikləri problemlərdən biri də onlara məxsus ərazilərin dəqiq müəyyənləşdirilməməsidir.
Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, qanunauyğun olaraq bütün bələdiyyələr reyestrdən keçməli, bələdiyyələrin sərhədləri, bu sərhəd daxilində dövlət, xüsusi mülkiyyət və bələdiyyələrə aid olan əmlaklar əksini tapmalıdır.

“Kənd bələdiyyələrinin demək olar çoxu reyestrdən keçib və sənədləri də alıblar. Amma şəhərdə sənədləşmə işləri davam edir. Çünki sərhədlər dəqiq müəyyən olunmayıb.

Hazırda da Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron ərazisində mübahisəli ərazilər var. Buna səbəb isə bələdiyyələrin sərhədləri ilə bağlı məsələnin həll olunmamasıdır. Bir bələdiyyənin digərinin ərazisini satması onların səhlənkarlığıdır. Bu dövlətin günahı deyil. Düzdür, hələ də böyük şəhərlərdə olan bələdiyyələrin sərhədləri hələ də müəyyən olunmayıb. Amma demək olar ki, kənd bələdiyyələrinin ərazisi müəyyən olunub”.

T.Rzayev qeyd edib ki, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bir çox şəhər və kənd bələdiyyəsinin hamısının sərhədləri müəyyən olunub onlara verildi.

“1999-cu ildə 2757 bələdiyyə yaradıldı. Daha sonra 1000-dən artıq bələdiyyə birləşdirildi və hazırda ölkədə 607 bələdiyyə fəaliyyət göstərir. Amma böyük şəhərlərdə bu problem hələ də qalmaqdadır.

Bələdiyyələrin sərhədlərinin müəyyənləşməsi istiqamətində ölkə başçısı tapşırıqlar verib. Müəyyən elektron plan xəritələri hazırlanıb. Hesab edirəm ki, yaxın zamanlarda böyük şəhərlərdə fəaliyyət göstərən bələdiyyələrin də ərazi məsələsi həll ediləcək. Onlar arasında yaranan müəyyən mübahisələrə son qoyulacaq”.

Şərhlər