Keyfiyyətli və əlçatan internet problemi: Həlli yolu varmı? (ANALİZ)backend

Keyfiyyətli və əlçatan internet problemi: Həlli yolu varmı? (ANALİZ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun müddətdir ki, ölkədə internetin keyfiyyəti və əlçatanlığı, eyni zamanda qiyməti  ilə bağlı ciddi problem var. Regionlarda internet xidmətində ADSL texnologiya üstünlük təşkil etdiyindən, istifadəçilərin “çəkidə aldadılması”, yəni müqavilədəki sürəti əldə edə bilməməsi  adi hala çevrilib”. 

Bu fikirləri İnternet Forumunun prezidenti Osman Gündüz səsləndirib.

Hər istifadəçiyə düşən orta internet sürətinə görə də vəziyyətin qənaətbəxş olmadığını deyən ekspert qeyd edib ki, ötən dövrlərdə bu problemin həlli istiqamətində müəyyən cəhdlər olsa da uğurlu nəticə hələlik yoxdur:

“Hökumət yalnız bir dəfə, 2014-cü ildə kompleks şəkildə,  bütün ölkə boyu bu problemi həll etmək üçün nəhəng bir proqram hazırlamışdı və büdcədən 0.5 milyard manat nəzərdə tutulmuşdu. Lakin son anda hökumət büdcə vəsaitini bu problemin həllinə xərcləmək istəmədi və proqram da reallaşmadan qaldı. Sonradan,  NRYTN keçmiş rəhbərliyi  özəl provayderləri tam kənarlaşdırmaqla,  yalnız dövlət provayderləri və büdcə vəsaitləri  hesabına bu problemi həll etmək istəsə də real nəticə əldə olunmadı”.

Bəs yeni rəhbərlik bu problemi hansı formada həll etmək istəyir ?

Bu sualı cavablandıran O.Gündüz öz müşahidələrini diqqətə çatdırıb:

“Son zamanlar özəl provayderlərə qoyulan qadağaların bir çoxu aradan qaldırılıb. Onlar dövlətə məxsus kabel-kanal sistemindən istifadə edə bilirlər. Lakin görəsən özəl provayderlər əvvəllər olduğu kimi kommersiya baxımından cəlbedici olmayan ərazilərə getmək istəyəcəklərmi? 

Bildiyim qədər Nazirlik bütün ölkə böyu bu problemi həll etmək üçün yenidən bir konseptual sənəd – hər bir ərazidə keyfiyyətli və əlçatan internet üçün proqram ortaya çıxarmaq üzərində işləyir”.

Bu məqsədlə xarici qurumların da işə cəlb edildiyini söyləyən İF-nun prezidenti vurğulayıb ki, əsas prinsip olaraq dövlət-özəl tərəfdaşlığı qəbul edilib:

“Yəni, Bakı ətrafı və regionlarda, xüsusən də kəndlərdə internet problemini bu prinsip əsas götürülməklə, dövlət və özəl provayderlərin birgə iştirakı ilə  həll etmək nəzərdə tutulub. Güman etmək olar ki, özəl provayderlərə yalnız   kommersiya baxımından cəlbedici olan ərazilərdə deyil, əhali sayı az olan yaşayış məntəqələrində də  internet infrastrukturu qurmaq təklif olunacaq. 

Görünən odur ki, Nazirlik problemi fiber-optik, GPON, LTE və Wi-Fi (mobil operatorların baza stansiyalarından istifadə etməklə), mobil  internetin imkanlarından istiafdə etməklə birdəfləik həll etmək niyyətindədir”.

Osman Gündüz düşünür ki, özəllərin potensialından istifadə edilməsi, müxtəlif ərazilərdə müxtəlif genişzolaqlı texnologiyaların tətbiqi doğru yanaşmadır:

“Bu addım xüsusilə də regionlarda “Aztelekom”un hökmranlığına sona qoya biləcək. Hazırda, “Azərkosmos”un məhdud trafikini nəzərə almasaq,  ölkəyə internet iki mərkəzdən daxil olur, yəni iki magistral provayderrimiz (“Delta Telecom” və “AzerTelecom”) var. Strateji Yol Xəritəsində daha bir magistral provayderin açılması nəzərdə tutulurdu. Düşünmək olar ki, nazirlik “Aztelekom”u Holdinqin idarəetməsindən çıxarmaqla gələcəkdə bu qurumu gücləndirmək, magistral operatora çevirmək və pərakəndə internet satışı bazarından çıxarmağı nəzərdə tutub”.

Ekspert eyni zamanda düşünür ki, nazirlik ucqar ərazilərdə, kəndlərdə magistral  internet inftrastrukturun qurulması prosesinə magistral provayderləri də cəlb etməli, dayanıqlıq üçün alternativ infrastruktur yaradılmalıdır:

“Uzun illər oturuşmuş  olan “Aztelekom” və “Baktelekom” – dövlət operatorlarının xüsusi çəkisi, üstün mövqeyi, eyni zamanda son zamanlar daha da aktivləşən daha bir dövlət provayderinin – Azercell dövlət şirkətinə məxsus Azeronline provayderinin yerlərdə aktivləşməsi sektorda  dövlətin xüsusi çəkisini artrmaqla  sərbəst və azad rəqabət üçün də ciddi problemlər yarada bilər.

Bu baxımdan hökumət tərəfindən sektorda müstəqil tənzimləyici qurumun tezliklə formalaşdırılmasının  çox vacib olduğunu, keyfiyyətsiz xidmət verən provayderlərə qarşı sərt tədbirlərin-cəzaların müəyyən edilməsinin vacibliyini , minimal internet sürəti bağlı meyarların zəruri olduğunu düşünürəm.

Firkimcə, Nazirliyin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında internet problemini birdəfəlik həll etmək niyyəti yalnız müstəqil tənzimləyici qurumun yaradılması ilə daha uğurlu nəticə verə bilər”.