Tribuna İnformasiya Agentliyi

Keçmiş Pentaqon işçisinin Çin casusu olduğu üzə çıxdı

16 Mart
ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat bölməsinin keçmiş üzvü olan Ron Rokvell Hansen Çinə casusluq etdiyini etiraf edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında bildirilib.
58 yaşlı amerikalı 2006-cı ildə kəşfiyyat bölməsində çalışmağa başlayıb. İllər boyu çox məxfi sənədlərlə işləyib. 2014-cü ildə çinli kəşfiyyatçılar tərəfindən işə götürülüb. O, Çinə ötürdüyü məxfi məlumatlar qarşılığında yüz minlərlə dollar pul alıb.
Hansen 2018-ci ildə ABŞ-ın müharibə hazırlığında olması ilə bağlı gizli məlumat əldə etmək üçün həmkarına müraciət edib, lakin həmkarı onun hərəkətləri haqda Pentaqona məlumat verib. Daha sonra FBI agenti Hanseni izləyərək, onun fəaliyyətini üzə çıxarıb.
Hansen məxfi məlumatları bir başqa hökumətə çatdırmaqla ABŞ-a zərər vurmaqda ittiham olunub. Buna görə ona istintaqla razılaşma əsasında 15 il həbs cəzası verilib.