Tribuna İnformasiya Agentliyi

Kastro Kubanın ABŞ-la xoş münasibətlərə hazır olduğunu bildirib

02 Yanvar

Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Bizi güc və təhdid dili qorxutmur. Xalqın birliyi – bu dağılmaz reallıqdır. Bu gün biz inqilabı müdafiə edən xalqıq. Amma mən ABŞ-la sivil və hörmətcil münasibətlərə hazırlığımızı vurğulayıram”, – deyə Kastro bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib. Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.