Karantin yumşaldı: bizi nə gözləyir?backend

Karantin yumşaldı: bizi nə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-dən etibarən ölkədə karantin qaydalarında növbəti yumşaldılmalara start verildi. Belə ki, 31 may səhər saat 6-dan etibarən açıq havada tibbi maska taxmaq tələbi ləğv olundu, insanların uzun müddətdir ki, gözlədiyi xəbər – “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa edildi. Həmçinin ölkədaxili yerüstü və hava nəqliyyatı ilə sərnişindaşıma yenidən fəaliyyətə başladı. Bütün bunlar cəmiyyətdə böyük sevinclə qarşılanıb. İnsanlar yenidən əvvəlki normal həyatlarına geri dönüşün sevincini yaşayıblar.

Məlum məsələ idi ki, metronun uzun müddət bağlı qalması ictimai nəqliyyatı ciddi şəkildə yükləyirdi. Əvvəllər metro ilə yarım saata getdikləri yerə sərnişinlər bəzən 2 saatdan çox müddətə çatırdılar. Bu zamanı qısaltmaq üçün əksəriyyət “1 manatlıq” taksilərdən istifadə etməli olurdu ki, bunun da nəticəsində yollarda uzun tıxaclar yaranırdı.

Xatırladaq ki, bir neçə gün sonra, yəni 4-6 iyun tarixlərində Bakıda “Formula-1″ yarışları başlayacaq. Bu səbəbdən paytaxtın bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkəti dayandırılıb. Metronun açılması həm də bu yükü bir qədər azaltmış olub.

Açıq havada tibbi maska taxmaq tələbinin də aradan qaldırılması insanların üzünə sevinc gətirib. Əslində tibbi maska bizi virusdan nisbi də olsa qorusa da, isti yay günlərində maskadan istifadə insanlarda nəfəs almaqda çətinlik yaradırdı.

Qeyd edək ki, mayın 31-dən tətbiq edilən yumşaldılmalar davamlı olacaq. Belə ki, iyunun 10-dan etibarən məlum tələblər çərçivəsində məscid və ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları, idman oyunu yerlərinin fəaliyyətinə icazə veriləcək. Lakin idman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, COVİD pasportu tələb olunacaq.

İyulun 1-dən isə bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin COVİD pasportuna və ya sertifikata malik olması istəniləcək.

COVİD pasportu nədir? Bu, vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alan şəxslərə verilən vaksinasiya və koronavirusa yoluxub, sağalmış şəxslərə verilən immunitet sertifikatıdır.

Beləliklə, yumşaldılmalar dövründə bizi nə gözləyir? Vətəndaşlar daha çox hansı məsələlərdə diqqətli olmalıdır?

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd etdi ki, məhdudiyyətlər aradan qaldırıldıqca, insanlar tələb olunan qaydalara daha məsuliyyətli yanaşmalıdır:

“Məhdudiyyətlərin aradan qaldırılması cəmiyyətimiz üçün çox sevindirici xəbərlər oldu. Məlum olduğu kimi, iyunun 10-dan etibarən bu yumşalmalar bir qədər də davam edəcək. Bütün bunlar çox yaxşı haldır. Artıq son günlərdə ölkədə gündəlik yoluxma və ölüm saylarında da dinamik azalma müşahidə olunur. Əlbəttə ki, bu, cəmiyyətin çoxdan gözlədiyi gözəl hadisələrdir. Bütün bu müsbət dinamik proseslər də təbii ki, Operativ Qərargaha bu cür pozitiv qərarlara imza atmağa imkan, dəstək verir.

Beləliklə, səhiyyə sisteminin, eyni zamanda ictimai təşkilatların apardığı təbliğat işləri, mətbuatın dəstəyi, insanlarımızın məsuliyyəti və sairə nəticəsində bugünkü tablo ortadadır. Lakin bir şeyi qeyd etmək lazımdır ki, açıq havada tibbi maskasız gəzmək, metronun açılması ünsiyyətin kəskin şəkildə artmasına səbəb olacaq. Çünki insanlarımız uzun zaman idi ki, maskadan qurtulmaq, davamlı olaraq bir yerdə vaxt keçirmək istəyirdilər, ictimai nəqliyyatda, hərəkətdə problemlər yaşayırdılar, metro bağlı, bölgələrə ictimai nəqliyyatla gediş-gəliş qadağan idi. Artıq bunların hamısı bərpa olundu. Lakin bunun fonunda biz ortada olan digər qaydalara riayət etməliyik. Məsələn, açıq havada tibbi maska taxmaq tələbi yoxdursa, yaxın ünsiyyətdə maskadan istifadə etmək lazımdır. Həmçinin hər birimiz maksimum dərəcədə gigiyenik qaydalara əməl etməliyik.

Hamımız birlikdə çox çətin, gərgin, həyəcanlı, itkilərlə dolu bir il yaşadıq. Əgər istəyiriksə ki, bu situasiya, karantin, xəstəlik yenidən geri dönməsin, onda deyilən qaydalara bu günlərdə də əməl etməliyik, üstəlik, daha məsuliyyətli şəkildə. Çünki virus hələ bitməyib, dünyada tüğyan etməkdədir. Həmçinin ölkəmizdə də hələ müəyyən əhəmiyyətli sayda yoluxma davam etməkdədir. Bir daha vurğulayıram ki, tələb olunan qaydalara yetərincə əməl etməsək, onda situasiya yenidən geri dönəcək. Ona görə də hər bir vətəndaşın üzərinə əvvəlkindən daha ciddi məsuliyyət düşür. Əks təqdirdə, yenə də acı nəticələrlə üz-üzə qala bilərik”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı metrosunun fəaliyyətə başlamasını çox təqdir etdiyini bildirdi: “Çox sevindirici haldır ki, “Formula-1” yarışları ilə əlaqədar yolların bağlanıldığı gündən metro fəaliyyətə başladı. Çünki yarış zamanı insanlarımız yolda çox əziyyət çəkəcəkdi.

Məlum olduğu kimi, indiyə qədər avtobuslar metronun yükünü çəkirdi. Bu həftədən etibarən isə metro yarış günlərində avtobusların yükünü çəkmiş olacaq. Yarışların əhatə etdiyi ərazi o qədər də böyük deyil. Lakin həmin ərazilərdə yolların bağlanılması şəhər nəqliyyatına çox ciddi təsir göstərir. Bu gün səhər saatlarından müşahidə etdik ki, bəzi marşrutlar Bayıl istiqamətinə yönləndirilib. Nəticədə Dövlət Dəniz Administrasiyasının qarşısından başlanan tıxac Milli Məclisin qarşısına qədər davam edir. Yəni nəqliyyatda bu dərəcədə sıxlıq var, hətta bununla bağlı əvvəlcədən sürücülərə xəbərdarlıq olunmasına baxmayaraq.

Metro həm də tıxacların qarşısını almış olacaq. Çünki bundan əvvəl pik saatlarda yaranan tıxacların əsas səbəbi taksilərin hədsiz dərəcədə nəqliyyatda yüklənməsi ilə bağlı olurdu. Təkcə taksilər deyil, işdən sonra öz şəxsi avtomobili ilə metro stansiyalarının yanında sərnişin götürüb, pul qazanan sürücülər də az deyildi və bu faktın özü böyük tıxaclara gətirib çıxarırdı.

Bir həftədən sonra metro ilə paralel avtobuslar da normal xidmət göstərəcək və bu, həm sərnişinlər, həm də sürücülər üçün yaxşı proqnozlar verməyə insanı ruhlandırır. Sadəcə, bu bir həftəni yola verməliyik”.

Sosioloq Əhməd Qəşəmoğlu da məhdudiyyətlərin aradan qaldırılmasının cəmiyyət üçün çox böyük əhəmiyyətə malik olmasından danışıb:

“Şərtlərin yumşaldılması çox gözəl hadisədir. Uzun müddət idi ki, buna çox böyük ehtiyac olduğu haqda müzakirələr aparır, fikirlər səsləndirirdik. Məsələn, ötən il bu vaxtı yoluxma sayı daha çox idi, insanlar bir yerdə hərəkətsiz qalmışdılar, Günəş enerjisi ala bilmirdilər, bu da insanlarda D vitamininin azalmasına gətirib çıxarmışdı, evdəki gərginlik və sairə bütün bunların hamısı xəstəliyin daha da artmasına, sürətlənməsinə təsir edirdi.

Dünya ölkələrinin təcrübəsindən də gördük ki, yumşalmalarla paralel bu xəstəliyin yavaş-yavaş tam sovuşmasının qaydalarını öyrənməliyik. Bundan əvvəl də açıqlamalarımda qeyd etmişdim – necə ki, kəndlərdə insanlar ilanlarla birgə yaşamağı öyrənir, eləcə də bu xəstəliklə yaşamağı öyrənməliyik. Yumşalmalar da onu deyir ki, biz indi daha çox məsuliyyətli olmağı öyrənməliyik. Əlbəttə ki, artıq bunu müəyyən qədər öyrənmişik, lakin bu yumşalma o demək deyil ki, xəstəliyin təhlükəsi də getdi. Bu xəstəliyin təhlükəsi hələ də bizimlədir. Ona görə də əhali arasında çox sayda müxtəlif maarifləndirmə işləri aparılmalıdır ki, əhalinin məsuliyyəti daha da artsın. Həmçinin insanlarla psixoloji söhbətlər aparılmalıdır ki, gələcəyə inamı artsın, qorxuları azalsın, insanlara qarşı etinasızlıq yavaş-yavaş aradan qaldırılsın”.