KARANTİN UZADILDI, BƏS 190 MANAT VERİLƏCƏKMİ? – İqtisadçılardan hökumətə çağırışbackend

KARANTİN UZADILDI, BƏS 190 MANAT VERİLƏCƏKMİ? – İqtisadçılardan hökumətə çağırış

Azərbaycanda karantin müddətinin iyulun 1-ə kimi uzadılması yenidən bir sualı gündəmə gətirib: İşsizlərə sosial yardım olmalıdırmı?

Ölkədə koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin elan edilib. Aprel və may ayları üçün işləməyən, karantin müddətində işini itirən 600 min şəxsə 190 manat yardım edildiyi açıqlanıb. Aprelin 27-dən isə karantin rejimi yumşaldılmağa başlayıb. Artıq əksər iş və xidmət sahələrində fəaliyyət bərpa edilib.

Bununla belə, bəzi suallar da əlavə olaraq açıq qalır: Həmin 600 mindən nə qədər adam təkrar iş yeri qazanıb və yerdə qalanların taleyi necə olacaq?

“Hesab edirəm ki, aylıq 190 manatlıq ödənişin daha bir ay davam etməsi doğru olardı. Amma bu ödənişin indiki forması səmərəli deyil”, – iqtisadçı Qalib Toğrul mövzu ilə bağlı “Azadlıq” radiosuna bildirib. Onun fikrincə, bu müavinətin aprel-may aylarında ödənişi çox böyük problemlərlə müşayiət edilib. İqtisadçının qeyd etməsinə görə, kontingent meyarlara uyğun seçilməyib və işsizləri əhatə etməsi baxımından problemlər yaranıb.

Yeri gəlmişkən, adına pay torpaqları, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olan bir çox işsizlər bu yardımdan kənarda qaldığını açıqlayıb. Üstəlik, ailədə həm ər, həm də xanımı işsizdirsə, yardım onlardan yalnız birinə verilib.

Üstəlik, Q.Toğrul ödənişlərin davam etməsinin vacibliyini hazırkı şəraitdə ölkə biznesinin daralması ilə də əsaslandırır. Onun fikrincə, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ixtisarlar olmaması üçün biznes qurumlarına qanunvericiliklə, inzibati yolla təsir göstərməsinə baxmayaraq, iş adamları bizneslərini daraltmağa, xərcləri optimalladırmağa məcburdurlar.

İqtisadçı deyib ki, indi yalnız işçi ixtisara düşəndə, ştatların sayı azalanda, müəssisə ləğv edildikdə işsizlik müavinəti verilir: “Çox yaxşı olardı ki, təkcə bu üç halda yox, digər səbəblərə görə də müavinət verilsin və bununla bağlı qanunvericiliyə dəyişiklik olunsun”.

Mövzu ilə bağlı deputat  Vahid Əhmədov isə “Turan” agentliyinə bunları bildirib: “Əlbəttə, imkan olsa idi, 190 manat müavinətin verilməsini bir ay da uzatmaq olardı, buna həm də ehtiyac var”.

Deputatın fikrincə, hökumət karantin dövründə kifayət qədər yardım edib: “Təxminən 3.5 milyard manat vəsait xərcləndi. 190 manat olmaqla əhaliyə iki ay vəsait verildi”.

Bəzi müstəqil iqtisadçılar isə hökumətin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, biznesə və məşğulluğa təsirlərini azaltmaq üçün 3.5 milyard manat ayırması ilə bağlı rəsmilərin iddiasına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu məbləğ bütünlükdə 600 milyon manatdan çox olmayıb.

Deputat V.Əhmədov isə deyib ki, dövlətin digər problemləri də var. Onun sözlərinə görə, kiçik və orta sahibkarlıqda müəyyən problemlər yaranıb, hələ onlara da yardım etmək lazımdır. Deputat vurğulayıb ki, bu qurumlara dəstək verilməsi üçün dövlət başçısının tapşırığı var.

190 manat yardımın əlavə 1 ay da verilməsi ilə bağlı deyilənlərəƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan isə, hələlik, münasibət almaq mümkün olmayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki