“Karantin qaydaları yenidən sərtləşdirilməlidir” – Professorbackend

“Karantin qaydaları yenidən sərtləşdirilməlidir” – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa yoluxanların sayı 5 min nəfəri ötüb. Üstəlik, son bir ayda yoluxma sayında artım davam etməkdədir, ötən gün 250-dən çox yoluxmaq qeydə alınıb. Bu, Azərbaycan üçün rekorddur. Eyni zamanda 3 428 insan artıq sağalıb, 63 ölüm halı qeydə alınıb. 2 003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Bəs mütəxəssislər bu rəqəmlər barədə nə düşünür? Vəziyyət daha təhlükəli hal almaması üçün nə kimi tədbirlər görülməlidir?

Professor Adil Qeybulla “Report”a açıqlamasında deyib ki, son günlər Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayının artmasına səbəb insanların karantin qaydalarına düzgün riayət etməməsidir: “Hətta evdən çıxmaq üçün icazə alınması müddətində belə qonaq gedirdilər, ziyafət verirdilər, insanlarla çox ünsiyyətdə olurdular. Bu da xeyli sayda potensial yoluxmaya gətirib çıxardı”.

“Bu gün görünən odur ki, yumşalma tədbirlərindən əvvəl bəzi təlimatlar vaxtında hazırlanmamışdı. Əslində bu, yumşaldılma olmazdan əvvəl olmalı idi. İnsanların həmin müddətdəki davranışları ilə bağlı təlimatlar gecikdi. Misal olaraq, fəaliyyətinə icazə verilən hər hansı xırda ərazili obyektə bir anda çox sayda insan daxil ola bilər. Müəyyən gecikmələr olduğundan vətəndaşlar da məsuliyyətsizlik edirdi. Bu da istər-istəməz yoluxmaların artmasına gətirib çıxarırdı. Sanki ölkədəki vəziyyəti taleyin ümidinə buraxılıb. Belə olan halda kollektiv yoluxmaya gedilir” – deyə, mütəxəssis qeyd edib.

Adil Qeybulla

A.Qeybulla hesab edir ki, karantin qaydaları yenidən sərtləşdirilməlidir: “Bu da o deməkdir ki, sosial həyat əvvəlki kimi davam etsə də, insanlar bir müddət mütləq maska taxmalı, sosial məsafə saxlanılmalı, gigiyena qaydalarına ciddi riayət edilməsi zərurəti yaranmadılır. Əgər bunu etməsək ətrafdakılar üçün problem yaradarıq. Müəyyən mütəxəssislər insan psixologiyasına təsir etməyin yolunu tapmalıdır. Vətəndaş məsuliyyətsizliyi sosial şəbəkələrdə də hiss olunur. Onlar virusun olmasına adekvat yanaşmırlar”.

“Xəstəliyin artması xəstəxanalarda yerlə bağlı problem yaradacaq” – deyən ekspert əlavə edib ki, belə olacağı təqdirdə xəstəliyi yüngül keçirən şəxslərin müalicəsi ev şəraitində davam etdiriləcək:

“Bugünkü artım tendensiyası insanların qoyulan qaydalara düzgün riayət edilməsi nəticəsində azala bilər. Xaricdən gələn vətəndaşların sayı ölkə daxilində olan xəstə insanların sayından olduqca aşağıdır. Bir nəfərin bir saniyədə 5-6 nəfəri yoluxdurma potensialı var. Ona görə də insanların biganə davranışını qınamalıyıq”.

Qeyd edək ki, indiyədək dünyada 6 milyondan çox insan bu virusa yoluxub, onlardan 400 minə yaxını dünyasını dəyişib, 3 milyona yaxın insan sağalıb.