Karantin cərimələri ləğv olunmalıdır – Daha bir ÇAĞIRIŞbackend

Karantin cərimələri ləğv olunmalıdır – Daha bir ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti COVİD-19 pandemiyasına görə elan edilmiş karantin rejimini pozanların cərimələrini silib. Hökumətin qərarı ilə 245 min fiziki şəxs və 344 min hüquqi şəxs cərimələrdən azad edilib. Məlum olduğu kimi Azərbaycanda da karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunub. Sosial şəbəkələrdə dəfələrlə cərimələrin silinməsi barədə çağırışlara rast gəlmişik. Bəzi vətəndaşlar onlara tətbiq edilən cərimələrin əsassız olduğunu, üstünə faiz gəldiyini, yığılan məbləği ödəyə bilmədiklərini dilə gətirərək borcun bağışlanmasını tələb edirlər. Rəsmi qurumlar isə istənilən halda vaxtından və yerindən asılı olayaraq tətbiq olunan cərimələrin ödənilməli olduğunu söyləyirlər.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev açıqlamasında bildirib ki, karantin rejimi qaydalarını pozanlar cərimələri vaxtında ödəməsələr axtarışa veriləcəklər. Onun sözlərinə görə, cərimələrin ödənməsi üçün ədliyyə orqanları da prosesə cəlb olunacaq. Bir sıra şəxslər də cərimələrin silinməsinə qarşı çıxırlar. Onların fikrincə, cərimələrin ləğv olunması insanların məsuliyyətsizliyini artıracaq və pandemiyanın tələblərinə laqeydlik nümayiş olunacaq.

Gündəmə gələn təkliflərlə bağlı “Şərq”ə danışan AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib ki, Azərbaycan hökuməti də qonşu Gürcüstan kimi qərar verə bilər. Analitikin sözlərinə görə, cərimələrin silinməsi dövlət üçün heç bir problem yaratmır:

“Azərbaycanın dövlət büdcəsi Gürcüstandan dəfələrlə çoxdur. İqtisadi-sosial inkişaf baxımından qonşu dövlətdən qat-qat güclüyük. Təbii sərvətlər ölkəsiyik. Gürcüstanı neftlə və digər məhsullarla biz təmin edirik.

Bütün bunlara rəğmən, cərimələrin silinməsi prosesi Azərbaycanda yox, Gürcüstanda baş verir. İnsanların sosial durumunu nəzərə almaq lazımdır. Pandemiya səbəbindən xeyli insan zərər görüb, maddi gəlirləri azalıb, yaxud tamamilə kəsilib.

Müharibədən çıxmış ölkəyik. İndiki çətin şəraitdə cərimələrin silinməsi müsbət addım olardı. Yaxşı nümunələri tətbiq etməkdən çəkinməməliyik. Əmin olun, belə qərar olarsa, insanlar çox məmnun qalacaq”.