Kamil Zeynallı: “İmkansız ailələrə yardım edən dostlarımın 99 faizi biznesmenlərdir” – VİDEObackend

Kamil Zeynallı: “İmkansız ailələrə yardım edən dostlarımın 99 faizi biznesmenlərdir” – VİDEO

Fitnes məşqçisi Kamil Zeynallının sosial şəbəkələrdə paylaşdığı videolar çox müzakirə olunur. İmkansız ailələrə, qoca və əlillərə maddi yardım edən idmançının bunu sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmır.

Bu məqsədlə Oxu.Az Kamil Zeynallıdan müsahibə götürüb:

– Kamil, Azərbaycanda karantin rejimi elan edilib. Bütün idman zalları bağlıdır. İdmansız qalmaq sizə pis təsir etmir?

– Heç idman yadıma düşür ki? İdman həmişə var. İndi insanlara belə çətin vəziyyətdə kömək etmək lazımdır.

– İnsanlara etdiyiniz yardımları sosial şəbəkədə paylaşmağınız birmənalı qarşılanmır. Bu əməlinizə görə sizi tərifləyənlər varsa da, tənqid edənlər də az deyil…

– Qoy, tənqid etsinlər. Onlar evdə bekar qalanlardır. Mən həmin adamların fikirlərinə əhəmiyyət vermirəm. Əgər mən bu karantin dövründə öz doğma qızımı görməyə vaxt tapa bilmirəmsə, onlar nədən danışırlar? Bunu paylaşmaqda da məqsədim digər insanların da belə aksiyalarda iştirakına maraq oyatmaqdır.

– Hər gün ailələrə maddi yardım edirsiniz?

– Bəli.

– Aydın məsələdir ki, bunu siz tək öz büdcənizlə etmirsiniz. Dostlarınız da sizə dəstək olur. Bəlkə, həmin dostların adlarını açıqlayasınız ki, xalq da onları tanısın…

– Təbii ki, dostlarım da mənə bu məsələdə çox kömək edir. Dost birdir, ikidir bəyəm? Hansı birinin adını çəkim? Azərbaycanda yaşayanı da var, xaricdə yaşayanı da…

– Onlardan idmançı olanları da var?

– Var. Amma bu yardımı edən dostlarımın 99 faizi biznesmenlərdir.

– Siz maddi yardım edərkən karantin qaydalarını pozursunuz. Polis əməkdaşları buna görə sizə bir söz demir?

– Bəli, razıyam ki, insanları bir yerə toplamaqla karantin qaydalarını pozuram. Polis əməkdaşları sağ olsun, məni başa düşürlər. Onlara sizin sayt vasitəsilə təşəkkür edirəm. Belə vaxtda imkansız ailələrə maddi yardım etmək lazımdır.

– Dörd gün əvvəl paylaşdığınız videoda bir ailədən iki insanın gətirdiyiniz payı aldığı, kimlərinsə sizin icazəniz olmadan maddi yardımı götürdüyü görünür. Bu kimi hallara qarşı nə etməyi planlaşdırırsınız?

– İndi artıq təcrübə toplamışıq. İnsanları sıraya düzürük, bir-bir paylayırıq. Həm də insanlar özləri deməlidir ki, bir ailədən iki nəfər götürməsin. Çünki mən həmin ailələri tanımıram.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az