Tribuna İnformasiya Agentliyi

Kamal Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək

13 İyul

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, millət vəkili Kamal Kılıcdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana 95 min türk lirəsi (20 min dollar) təzminat ödəyəcək.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu R.T.Ərdoğanın vəkili Hüseyn Aydın bildirib.

Məlumata görə, K.Kılıcdaroğlu çıxışlarından birində Türkiyə prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.

R.T.Ərdoğan CHP liderinin iddiası ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə bu iddia və “Man adası” işləri ilə bağlı K.Kılıcdaroğlunun Türkiyə prezidentinə 197 min türk lirəsi məbləğində təzminat ödəməsi haqqında qərar qəbul etmişdi.

Bundan başqa, K.Kılıcdaroğlu partiyasının 35-ci qurultayında və parlamentdəki fraksiyasının toplantısında R.T.Ərdoğanı sərt sözlərlə təhqir etdiyi üçün məhkəməyə verilmişdi. Məhkəmə bu işlə bağlı K.Kılıcdaroğlunun R.T. Ərdoğana 25 min türk lirəsi məbləğində təzminat ödənilməsi barədə hökm çıxarmışdı.