“Jurnalistlər fəxri adı cəmiyyətdən yox, hökumətdən gözləyirlər”backend

“Jurnalistlər fəxri adı cəmiyyətdən yox, hökumətdən gözləyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 31-də jurnalist Arif Əliyevin 60 yaşı tamam olur.

1960-cı ildə Bakıda doğulan Arif Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Azərinform”un (indiki AZƏRTAC) xüsusi müxbiri, “Molodyoj Azerbaydjana” qəzetinin şöbə müdiri, “Xazar” jurnalının baş redaktoru, “Svoboda” qəzetinin redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin baş direktoru, “Gün səhər” qəzetinin qurucusu və baş redaktoru olub.

1992-1993-cü illərdə prezidentin mətbuat katibi vəzifəsini tutan Arif Əliyev Bakı Mətbuat Klubunun qurucularındandır, “Yeni Nəsil” Jurnalistlər Birliyinə sədrlik edir.

Arif Əliyev “Turan” agentliyinin yubiley suallarını cavablandırıb.

– Siz həm sovet mətbuatını görmüsünüz, həm də müstəqillikdən sonrakı medianı. Media azadlığı və ona ayrılan şərait baxımından hansı dövrdə işləmək daha çətin olub?

– İndi işləmək daha çətindir. Bizim peşəmiz elədir ki, şah damarımızdan tutmuş ən xırda kapillyarlara qədər cəmiyyətə bağlıyıq. Sözün qiyməti, ictimai rezonansı ölçü meyarımızdır. Fəaliyyətimizin əvvəlki mərhələləri – sovet hakimiyyətinin son və müstəqilliyin ilkin dövrləri həyat qaynayırdı, informasiya aclığı vardı və belə mühitdə ağıllı söz, fərqli fikir dərhal diqqət çəkirdi. Gündəlik tirajlar 100 minlərlə ölçülürdü – bu stimul, oxucu-tamaşaçı dəstəyi bizə qüvvə, həvəs verirdi.

İndi cəmiyyət “atılan toplara da diksinməyir”, jurnalistlər isə daha fəxri adı cəmiyyətdən yox, hökumətdən gözləyir…

Deməzdim ki, problemin kökü söz azadlığında, yaxud həddini aşmış informasiya bolluğundadır. İnformasiya aclığı reallıqda heç də əvvəlkindən az hiss olunmur, amma görünür, “mədə”lər korlanıb, dəyərlər itirilib.

– Arif Əliyev Azərbaycan mediasını necə görür?

– Mən Azərbaycan mediasının vəziyyətini ağzı açılıb havaya buraxılmış şarla müqayisə edirəm: onun hərəkət trayektoriyasını gözlə birtəhər izləmək olur, amma əllə tutmaq heç cür alınmır. Nə hakimiyyət medianı düz-əməlli tənzimləyə bilir və əslində uzun müddətdir ki, onunla necə davranmağın üsulunu axtarır, nə özünütənzimləmə mexanizmləri işləyir, işləsəydi, Mətbuat Şurası oturub-durub özünə qanunla səlahiyyətlər istəməzdi, nə də cəmiyyət jurnalistikamızı yönləndirmək gücündədir.

Səbəb? Hamı mediaya ideoloji vasitə kimi baxır, onun spesifik bazar elementi olduğu tamam unudulub. Biz təbiətini tam öyrənmədiyimiz bir virusu idarə edə bilmirik, təbiətini dərk etmədiyimiz bunca mürəkkəb sosial institutu necə idarə edəcəyik?

– Nədir çatışmazlıqlar? Peşəkar kadrlar yoxdurmu? Şərait yoxdurmu? Yoxsa maddi çatışmazlıqlar çoxdur?

– Ayrı-ayrılıqda bu və ya digər dərəcədə bütün lazımi resurslar var. Çatışmazlıq təfəkkür və yanaşma tərzindədir – olanları bir-birinə düzgün calaya bilmirik. Media azadlığı, jurnalist məsuliyyəti və peşəkarlığı barədə danışmaqdan dilimiz yara olub. İstədiyimiz alınmır. Alınmayacaq da. Çünki iqtisadi müstəqilliyə, sağlam rəqabət mühitinə malik olmayan medianın siyasi azadlığı, o cümlədən məsuliyyəti və peşəkarlığı barədə düşüncələr xülyadır.

Hakimiyyət nümayəndələri dəfələrlə bəyan ediblər: jurnalistlərə o halda daha geniş azadlıqlar verilə bilər ki, onlar peşəkarlıqlarını lazımi səviyyəyə yüksəltsinlər. Bunun üçün mühit, stimullar yoxdur axı! Peşəkarlıq nədir? O, istedaddan fərqli olaraq mücərrəd anlayış deyil, konkret parametrlərə malik “əmtəə”dir. İnsan peşəkarlığa ona görə can atır, yaxud atmalıdır ki, bacarıqlarının qiymətləndirilməsi hesabına özünə mövqe, ad qazansın, gəlir əldə etsin. Bu gün isə jurnalistlərə tamam başqa şeylər mövqe, ad və gəlir qazandırır.

Hansı media bilmir ki, professional qaydalara görə tənqid etdiyi şəxsin fikrinə də yer verməyə borcludur, yaxud hansı jurnalistə məlum deyil ki, tutduğu vəzifədən, siyasi və digər baxışlarından asılı olmayaraq barəsində məhkəmə qərarı çıxarılmamış insanı cinayətkar adlandırmaq yolverilməzdir? Hamı bilir, amma əksəriyyət başqa cür davranır, səhvi üzə deyəndə də səni o birilərinə qatır. Niyə? Çünki bu yolla iş yerini qoruyur, dolanışığını təmin edir.

– Necə olur ki, Azərbaycanda bəzi media rəhbərləri oliqarxlar kimi yaşayır, bəzilərinin isə ofisə bir kompüter almağa belə imkanı çatmır? Mediadakı bu iqtisadi bərabərsizliyin səbəbi nədir?

– Deyəsən, bizim media haqqında təsəvvürlərimiz xeyli bəsitləşib axı. Ofisə bir kompüter ala bilməyənin KİV yaratmaq fikrinə düşməsi əcaibdir. Maşın almadan, yaxud icarəyə götürmədən necə sürücülük edə bilərsən? Özünü ifadə etmək istəyən hər kəs üçün yeni texnologiyalar bu gün kifayət qədər imkan yaradır. Amma kütləvi informasiya vasitəsi mürəkkəb mexanizmdir, onun iqtisadi, texniki, yayım, kadr problemlərinin həlli üzərində düşünmədən əlinə çomaq alıb yola çıxmaqla deyil.

Bununla belə, mən sizin sualın nədən doğduğunu başa düşürəm. Siz “oliqarx media rəhbəri” deyəndə də, “kompüter almağa imkanı çatmayanlar” söyləyəndə də kimləri nəzərdə tutduğunuzu yaxşı anlayıram. Bu “bərabərsizliyin” səbəbi isə elə bayaq sadaladığımız bütün amillərin məcmusudur.

-Medianın bugünkü əsas problemləri necə həll edilə bilər? Ömrünün 40 ilini mediaya həsr etmiş 60 yaşlı ağsaqqalın məsləhətini eşidək. Bəlkə “onlar” da eşitdilər.

-“Onlar”, yəni problemlərin həllinə yönəlmiş qərar qəbul etmək səlahiyyətində olanlar real vəziyyəti bilirlər, ondan çıxış yolları haqqında rəylərimizə bələddirlər. Cəmiyyət də bunları dəfələrlə eşidib. Bircə şey əlavə edərdim: ayrıca götürülmüş bir ölkədə kommunizm qurmaq mümkün olmadığı kimi ayrıca götürülmüş bir sahədə, məsələn, jurnalistikada da sürətli inkişafı təmin etmək mümkün deyil. Bunun bir ucu iqtisadi islahatlara, digər ucu ictimai münasibətlərdə dəyişikliklərə gedib çıxır. Bu, əlbəttə, başqasına məsləhət deyil, sadəcə, öz həyat təcrübəmə əsaslanmış qənaətimdir.