Tribuna İnformasiya Agentliyi

Jurnalistin atasını avtomobillə vuran sürücünün yeni məhkəməsi başlayıb

29 Noyabr

Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyeviavtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə yeni məhkəmə prosesi başlayıb.

TİA.AZ  “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmənin apellyasiya instansiyasına qaytardığı işin bu dəfə mülki iddia hissəsi araşdırılır.

Həm zərərçəkmişin hüquqi varisi, mülki iddiaçı İ.Əlizadənin, həm də təqsirləndirilən şəxs olan S.Qarayevin apellyasiya şikayətləri əsasında keçirilən prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edir.

Noyabrın 29-da keçirilən prosesdə S.Qarayevin anket məlumatları dəqiqləşdirilib.

Sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

O, işə məhkəmə istintaqı ilə baxılmasını və prosesdə şahidlərin dindirilməsini istəyib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev, zərərçəkmişin hüquqi varisi İ.Əlizadə və onun vəkili Abil Bayramov vəsatətin təmin edilməməsini tələb ediblər. Onlar bildiriblər ki, birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman sübutlar kifayət qədər araşdırılıb. Ona görə də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmalıdır.

Yerində müşavirə edən hakimlər vəsatəti təmin edib.

Daha sonra prokuror C.Mehrəliyev ittiham aktının mülki iddia hissəsini elan edib.

Təqsirləndirilən şəxsin vəkili mülki iddianın təmin edilməməsini istəyib.

İ.Əlizadənin vəkili A.Bayramov isə 166 min 531 manatlıq apellyasiya şikayətinin təmin edilməsini, bu məbləğin təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsinə dair qərar çıxarılmasını istəyib.

O deyib ki, növbəti məhkəmə iclasında mülki iddianın əsaslılığını təsdiq edən konkret sübutları məhkəməyə təqdim edəcəklər.

Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manatı).

Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.

Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi təmin edilib. Bu, Mərkəzi Klinika və “Avrasiya” hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir.

İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəza hissəsi qüvvədə saxlanılıb, mülki hissəni isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.