“JEK”lər də xidmət haqlarını artırdı – Əvvəlki illərin artımı da tələb edilirbackend

“JEK”lər də xidmət haqlarını artırdı – Əvvəlki illərin artımı da tələb edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu yığa bilməzlər. Amma MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər.
Bu azmış kimi, Azərbaycanda heç bir funksiyası olmayan Mənzil İstismar Sahələri (MİS) – “JEK”lər “fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb.

TİA.AZ xəbər verir ki, bu barədə modern.az-a daxil olan məlumata görə, 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. Məsələni öz aləmində sakinlərə izah edən “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.
Ümumiyyətlə ödənişlərin nəyə sərf edildiyini soruşduqda, “JEK” əməkdaşı bunun işçilərin maaşına xərcləndiyini bildirib.
Heç bir xidməti olmayan əməkdaşlara vətəndaşın maaş üçün pul ödəməsi isə ayrı bir problemdir.
Məsələ burasıdadır ki, tələb edilən əvvəlki ilin artımları tam qanunsuzdur. Qanunvericiliyə əsasən, qəbul edilən hər hansı yeni qərar geriyə şamil edilmir.
Qeyd edək ki, uzun illərdir Azərbaycanda heç bir işə yaramayan və fəaliyyət sahəsi olmayan “JEK”lərin ləğvi gündəmdədir. Bir müddət əvvəl “Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer aldığını deyib.