Tribuna İnformasiya Agentliyi

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

12 İyun
Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub və hər il iyunun 12-də qeyd edilir. Bu gününü təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda keçirilən “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.
Beynəlxalq Əmək Təşkilatı ilk dəfə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü 2002-ci ildə qeyd edib. Təşkilatın hədəfi-diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır. Hər il iyunun 12-də bütün dünyadan olan hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər, əmək müəssisələri, həmçinin bütün dünyadan olan milyonlarla insan uşaq əməyi ilə mübarizə istiqamətində öz səylərini birləşdirir.
Son məlumatlara görə, dünyada 5-17 yaş arası işləyən uşaqların sayı 218 milyon təşkil edir. Onların 73 milyon nəfəri təhlükəli şəraitdə çalışır. Uşaqlardan bir çoxu məktəbə getməkdən, lazımlı qidalanma və qulluqdan məhrumdurlar. Uşaq əməyinə qarşı mübarizə problemləri ilə əlaqədar məlumatlılığın artırılması və ictimaiyyətin səfərbərliyi məqsədilə hər il iyunun 12-də hökumət və ictimai təşkilatlar tərəfindən müxtəlif kütləvi tədbirlər keçirilir, rəsm sərgiləri, sayt təqdimatları, idman yarışları, uşaq bayramları, tamaşalar, informasiya kampaniyaları təşkil olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC bildiriblər ki, uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismar olunması müasir dünyanı narahat edən aktual problemlərdən biridir.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Uşaq hüquqları sahəsində BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulan və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdıran Azərbaycan, eyni zamanda, BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib.
Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri Azərbaycan qanunvericiliyində qadağan olunur. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər də əksini tapır.
Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirmə tədbirlərinə də xüsusi önəm verilir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirləri ildən-ilə daha da gücləndirilir. Xidmət tərəfindən müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə respublikanın 6 bölgəsində işəgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib. Aparılan işlərin müsbət nəticəsi olaraq, ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə enib.