İyulun avqustdan fərqi nə idi ki, 190 manat verilmədi? – AÇIQLAMAbackend

İyulun avqustdan fərqi nə idi ki, 190 manat verilmədi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, ölkədə karantin rejimi hökm sürür. Bununla bağlı işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə – 190 manat aprel-iyun aylarında verilsə də, iyul ayında fasilə edilib. Daha sonra ölkə başçısının müvafiq tapşırığına əsasən yardımın avqust ayında da verilməsi qərarlaşdırılıb. Bəs iyulla avqust arasında hansı fərq var ki, əhali bir ay yardımsız qaldı?

Məsələni iqtisadçı ekspert Rəşad Həsənov HİT.Az-a şərh edib. O, iyul ayının avqustdan heç bir fərqi olmadığını, hətta ötən ay qaydaların indiki ilə müqayisədə daha sərt olduğunu bildirib:

“Keçən ay sərt karantin rejimi 16 rayon və şəhərdə tətbiq olunub. Məsələ ondan ibarətdir ki, hökumətin bu istiqamətdə aydın yol xəritəsi yoxdur. Və fiskal siyasətin pandemiyaya uyğunlaşdırılmasında qərar qəbul etmənin çevikliyi çox zəifdir. Buna görə də ayrılan vəsaitlər çərçivəsində ilk olaraq ikiaylıq yardımlar göstərildi, daha sonra bu istiqamətdə vəsaitin mənbəyini hardan və necə tapaq, ayrı-ayrı qurumlar bu istiqamətdə tələbi əsaslandırmalıdırlar, bürokratik məsələlərin zaman alması kimi problemlər ortaya çıxdı. Belə belə indiki halda müəyyən sosial narazılıq da nəzərə alınaraq avqust ayında təzədən insanlara müvafiq dəstəyin verilməsi ilə bağlı qərar qəbul edildi. Və ortada bir ay itirildi”.

Ekspert əlavə edib ki, daha yaxşı olardı proqram əvvəlki aya da tətbiq olunsun.

“İndiki halda hökumət bütün proqramları məhdud resurslar çərçivəsinə sığışdırmaq istəyir. Təbii ki, bu iyul ayına da şamil ediləcəksə, daha əlavə vəsaitlərə ehtiyac var. Və bu vəsaitlərin mənbəyinin formalaşdırılmasında görünür müəyyən qədər çətinlik, eyni zamanda büdcənin limitləri məsələsi dayanır. Əvvəl deyək ki, təsdiq olunmuş büdcə çərçivəsində Maliyyə Nazirliyinin manevr etmə imkanları var idi, ola bilsin bu imkanlar elə bu qədər səviyyədə proqramları maliyyələşdirməyə imkan verirdi. Amma büdcəyə dəyişiklik təsdiq edilib. Əlavə olaraq həm sosial müdafiə, həm də biznesin dəstəklənməsi üçün vəsaitlər nəzərdə tutulub. Bu özü hökumətin müəyyən qədər manevr imkanlarını artırır”.