Tribuna İnformasiya Agentliyi

İtaliyada ölən Azərbaycanlı tələbənin meyiti tapılmayıb

07 İyun

İyunun 2-də Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki Albano gölündə boğularaq həyatını itirib

Tələbənin nəşinin tapılması ilə bağlı məsələyə aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə Lent.az-a bildirdi ki, əməliyyat qrupları hazırda meyiti axtarmağa davam edir: “Hadisə zamanı orada iki azərbaycanlı şəxs olub. Onlardan sağ qalanının məlumatına əsasən, Elnur qayıqdan kənara çıxaraq göldə üzərkən boğulub. Yanındakı tələbə isə onu xilas etməkdə çətinlik çəkib. İtaliyanın Hüquq Mühafizə orqanlarından verilən məlumata görə adıçəkilən gölün relyefi mürəkkəb xarakter daşıdığı üçün orada axtarış işləri hələ də yekunlaşmayıb və E.Babayevin nəşinin tapılması təmin edilməyib”.
Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası hazırda İtaliyadadır.