“İstisna etmək olmaz ki, bir çoxumuz COVID-19-u keçirmişik”backend

“İstisna etmək olmaz ki, bir çoxumuz COVID-19-u keçirmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirus infeksiyası bu gün, demək olar ki, bütün dünyanı cənginə alıb. Rusiya əvvəlki kimi yoluxma sayına görə ilk üçlükdə bərqərar olmuş ölkələrdən biri olaraq qalır.
Media.Az Sankt-Peterburqda yaşayan və COVID-19 xəstələri ilə çalışan həmvətənimiz, həkim Nigar Babayeva ilə koronavirus mövzusunda söhbət aparıb.
2006-cı ildən Sankt-Peterburqda çalışan nevroloq, terapevt, peşə patologiyaları üzrə mütəxəssis, Çin təbabəti həkimi – refleksoterapevt N.Babayeva “ReaSanMed” klinikasının direktor müavini olaraq fəaliyyət göstərir.
13 ildən artıq müddətdir ki, tibb sahəsində çalışan həmvətənimiz pandemiyanın lap başlanğıcından koronavirus xəstələri ilə çalışdığını qeyd edib.
Onun sözlərinə görə, xəstələrdə ən çox rast gəlinən simptomlar – qızdırma (88%), öskürək (tez-tez quru formada) (68%) və zəiflikdir (38%). Bunlarla yanaşı, sinədə sıxılma, əzələ ağrıları, başağrısı, başgicəllənmə, anosmiya (qoxu hissinin itməsi) və kəskin toksik ensefalopatiya kimi əlamətləri olan xəstələr də var. Bu vəziyyətdə xəstələr nevroloji xəstəliklər axtarışında nevroloqlara müraciət edirlər. Yeri gəlmişkən, COVID-19-un nevroloji təzahürü nadir deyil və 36% hallarda müşahidə olunur.
N.Babayeva həmçinin xəstəliyə ailə üzvlərinin yoluxmasından da danışıb. Atasının və əmisinin COVID-19 xəstəsi olduğunu bildirən həkim, əmisinin oksigen terapiyasında olduğunu, atasının vəziyyətinin isə orta-ağır qiymətləndirildiyini bildirib. Həmvətənimiz atasının vəziyyətində müsbət dinamika olduğunu və hər şeyin öhdəsindən gələcəklərinə ümid etdiyini vurğulayıb.
“Hazırda xəstəliyin spesifik terapiyası yoxdur. Bu gün bütün müalicə tamamilə simptomatik xarakter daşıyır və orqanizmin vəziyyətinin, daxili resurslarının dəstəklənməsinə yönəlib”, – deyə, həkim bildirib.
O, həmçinin pandemiyanın zəifləyəcəyi vaxtla bağlı fikirlərini də səsləndirib:
“Düşünürəm ki, bu, tezliklə baş verməyəcək. Ən nikbin proqnoza görə, bütün bunlar 2020-ci ilin noyabr-dekabrına qədər davam edəcək, ən pis ssenariyə görə isə, 2021-ci ilə keçəcək. Hətta 2022-ci ilin birinci yarısına qədər davam edə bilər. Burada nəyi nəzərdə tutduğumu izah etməyi prinsipial məqam hesab edirəm, çünki bir çox oxucuların həmin rəqəmləri görəndə necə sarsıntı keçirəcəyini hiss edirəm.
Məsələ burasındadır ki, sosial şəbəkələrdə tez-tez əhalinin karantindən çıxmaqla bağlı sadəlövh ümidlərini görürəm: “Evdə oturacağıq və virus bizə gəlib çatmayacaq”. Bu yoldaşlarla birlikdə KİV də əks-səda verir: “Hə, hə, yoluxdurmayın və yoluxmayın! Evdə oturun! Bu cür mütləq qələbə qazanacağıq!
Ortaya intriqa əlavə edəcəyəm. Virus pandemiyası monqol-tatar yürüşü deyil, çoxluğun evdə gizlənməsi və virusu aldatması, sadəcə, mümkün deyil. Çoxdan məlum olan epidemioloji qayda var: əhalinin 50 faizi yoluxmadan və ya respirator infeksiyaya qarşı peyvənd edilməyənə qədər pandemiya sona çatmayacaq.
Qayda qüvvədədir: “Nə qədər tez olsa, bir o qədər yaxşıdır”, yəni dünyada insanlar nə qədər tez və daha çox xəstələnsə, xəstəlik və ya peyvənd nəticəsində immuniteti olanların immun müdafiəsi daha asan və daha sürətlə yaranacaq. Bu gün məruz qaldığımız karantin və qapanma yalnız bir şeyə – yerli səhiyyənin yükünü azaltmaq və hər kəsin eyni anda yoluxmasına yol verməməyə yönəlib”.
N.Babayeva eyni zamanda bildirib ki, hazırda dünyada tətbiq olunan tədbirlərə düzəliş edilməlidir və bu baş verəcək. O qeyd edib ki, təkcə bəzi yaşlılar deyil, həmçinin ürək, ağciyər, damarlarında problem yarana biləcək insan qrupları həqiqətən evlərində oturmalı, digər nisbətən sağlam insanlar isə virusa qarşı kollektiv immunitet formalaşdırmalıdırlar.
Nevroloq həkim həmçinin xəstəliyə inanmayan insanlar barədə danışıb:
“Burada düşünmək lazımdır ki, onlar nəyə görə inanmırlar? Bir çox hallarda inanmamaq və təkzib etmək psixologiyanın müdafiə xüsusiyyətidir. İlk növbədə, bu cür reaksiya zəif psixi ehtiyata sahib insanlar arasında yaranır. Bu cür insanların yoluxması onları inandırmaq üçün yeganə yoldur. Ya onlar özləri, ya da yaxınları yoluxmalıdır”.
Həkim bildirib ki, koronavirusla bağlı “biz hamımız öləcəyik” tipli başlıqlar vəziyyəti süni şəkildə gərginləşdirir. İnsanda yaranan qorxu külli miqdarda stres hormonu – kortizol ifrazına səbəb olur. Bu hormon isə immun sistemi iflic edir, orqanizmin müdafiə və mübarizə mexanizmlərini sarsıdır:
“Əksinə, endorfin – sevinc və məmnunluq hormonu immun sistemini aktivləşdirir.
Buna görə də, təşvişə düşməyin! Mümkün üsullarla özünüzü və yaxınlarınızı sevindirin. Sakitliyinizi qoruyun. Xilas indi yalnız əməkdaşlıq, qarşılıqlı yardım və şəxsi məsuliyyət sayəsində mümkündür. İstənilən sosial gərginlik təxribatı zərərlidir. Maska sizin şəxsi düşməniniz deyil, köməkçiniz və başqalarına hörmətinizdir.
Biliyin güc olduğunu xatırlayın. Buna görə də, yaxınlarınızı sakitləşdirin. Böyük əksəriyyət üçün koronavirus praktiki olaraq təhlükəsizdir! İstisna deyil ki, sizdən və yaxınlarınızdan bir çoxu yeni koronavirus infeksiyasını yüngül formada keçirib və bu barədə xəbəri də yoxdur”.