Tribuna İnformasiya Agentliyi

İstidə açıq havada işləyənlər: “Buna məcburuq…” – VİDEOREPORTAJ

04 İyul

Ölkə ərazisində bir neçə gündür ki, anomal hava şəraiti müşahidə olunur. Paytaxt Bakıda temperatur 42-44 dərəcəyə qədər yüksəlib.

Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada, sərinləşdirici qurğular olmayan örtülü binalarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Musavat.com-un əməkdaşı olaraq paytaxt ərazisində kiçik bir araşdırma etdik və öyrəndik ki, havanın isti keçməsinə baxmayaraq xüsusilə də bazarlarda, havalandırma sistemi olmayan mağazalarda, dönərxanalarda  işlər davam edir. İsti havada işləyənlər bildirdilər ki, havanın temperaturu nə qədər yüksəlsə də, işlərini saxlamırlar. Çünki bir gün işləməsələr, evlərinə çörək apara bilməzlər…

İsti havada yol kənarında limon satan yaşlı insanların, günün altında velosiped düzəldən 16 yaşlı uşağın da şahidi olduq. Hər ikisi bildirdi ki, işləməyə məcburdurlar. Çünki axşam evə çörəkpulu aparmaq lazımdır.

8-ci kilometr bazarında da olduq və müşahidə etdik ki, demək olar ki, heç bir mağazada havalandırma sistemi, sərinləşdirici qurğular mövcud deyil. Lakin buna baxmayaraq, bazarda kimsə istiyə görə işini saxlamırdı.

Tez-tez yol kənarında olan ətir mağazalarının qarşısında, gənc xanım və ya bəylərin ətirləri reklam etdiyinin,  yoldan keçən insanları mağazaya dəvət etmələrinin şahidi oluruq. Yoldan keçən hər hansı bir şəxs mağazaya daxil olursa, o, ətir almasa belə reklamçı gəncə müəyyən miqdarda bonus qazandırır. Buna görə də gənclər istidən, yağışdan asılı olmayaraq, hər zaman küçədə dayanıb, insanları mağazaya dəvət edirlər.

Onlarla söhbətimiz zamanı bildirdilər ki, müdiriyyət isti havada istirahət etmələri üçün onlara şərait yaradır. Lakin özləri istirahətə ehtiyac duymadıqları üçün işlərinə davam edirlər.

Onu da qeyd edək ki, bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayaraq bildirib ki, əgər hər hansı bir işçi tərəfindən işəgötürənlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət xarakterli məlumat daxil olarsa, bu barədə araşdırma başladılacaq: “Araşdırmanın nəticəsi isə qanunvericiliyə uyğun olaraq dəyərləndiriləcək. Havanın temperaturunun 41 dərəcə selsidən yuxarı olduğu zaman, xüsusilə də açıq havada parılan bütün işlər dayandırılmalıdır”.

Real vəziyyəti isə aşağıdakı videodan görə bilərsiniz.