“İstehsalçılar əlavə xərcləri də vətəndaşlardan çıxmaq istəyirlər” – Yumurtanın bahalaşmasına reaksiyabackend

“İstehsalçılar əlavə xərcləri də vətəndaşlardan çıxmaq istəyirlər” – Yumurtanın bahalaşmasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkəmizdə məhsullar bir-bir bahalaşır. Un və çörəyin ardınca yumurta qiymətlərində də artım müşahidə olunur. Belə ki Ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Qurumdan verilən məlumata görə, əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir. Həmçinin onlar qeyd edib ki, yumurtanın qiymətləri süni şəkildə artırıla bilər. Bununla bağlı da qurum məsuliyyət daşımır.

Yumurta qiymətlərinin bahalaşmasına münasibət bildirən sabiq deputat, iqtisadçı-ekspert Nazim Bəydəmirli Medianews.az-a bildirib ki, Nazirlər Kabineti bununla bağlı bir çox güzəştlər edib:

“Yumurta istehsalı üçün lazım olan yem məhsullarının əksəriyyəti ölkəmizə xaricdən idxal olunur. Bu yemlərin də əksəriyyəti taxıl məhsullarından hazırlanır. Dünyada qlobal bahalaşma nəticəsində həmin yemlər bahalaşa bilər. Lakin Nazirlər Kabineti bir neçə il bundan əvvəl yemlərin Azərbaycana idxalı zamanı əlavə dəyər vergisinin götürülməsi haqqında qərar verib. Bu da idxal zamanı qiymətlərin ucuz gəlməsinə şərait yaradır. Bu səbəbdən bahalaşmaya haqq qazandıra bilmərik”.

İqtisadçı Azərbaycanda yumurta qiymətlərinin süni şəkildə bahalaşdırıla biləcəyini vurğulayıb:

“Bazar iqtisadiyyatı olan ölkələrdə süni qiymət artımı ola bilməz. Azərbaycanda isə kartel sövdələşmələri mövcuddur. Yəni istehsalçı şirkətlər bir-birilə sövdələşmə edərək qiymətləri bahalaşdıra bilərlər. Xarici ölkələrin təcrübəsinə baxsaq, görərik ki, qiymətin bu qədər bahalaşmağı mümkün deyil. Maya dəyəri bu qədər böyük ola bilməz. Görünür, istehsalçı şirkətlər əlavə xərclərini də vətəndaşlara ödətdirmək istəyirlər”.

Sabiq deputat qeyd edib ki, qiymətlərin bahalaşmağı üçün heç bir səbəb yoxdur:

“Sahibkarlıq fondu yumurta istehsalı ilə məşğul olan istehsalçı şirkətlərə dəstək olmaq üçün maliyyə köməkliyi də ayırır. Yumurta istehsalını stimullaşdırmaq üçün hökumətin bir neçə qərarı var. Bu da istehsalın kifayət qədər uğurlu olmağına təsir edib. Hətta Azərbaycan yumurta ixrac edən ölkədir. Belə olan şəraitdə yumurtanın qiymətinin bahalaşmağı əsassızdır. Əgər bu yardımlar da kifayət etmirsə, gərək dövlət daha bir sıra güzəştlər tətbiq etsin”.