İstefa ver, həbsdən xilas ol! – Azərbaycanda yeni tendensiya…backend

İstefa ver, həbsdən xilas ol! – Azərbaycanda yeni tendensiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatasının 7 auditorundan 4-nün istefa verməsi səs-küysüz ötüşmədi. Mətbuatda bununla bağlı müxtəlif mülahizələr səsləndi, bəzən bir-birinə zidd olan səbəblər göstərildi. Uzun illərdən bəri dövlət qurumları ilə “haqq-hesab çəkən” adamların qəfildən “kölgəyə çəkilməsi” özlüyündə müxtəlif ehtimallar ortaya çıxardı. Səbəbin nə olmasından asılı olmayaraq, nəticə dəyişmir: onlar artıq Hesablama Palatasının üzvü deyillər!

Yenisabah.az xatırladır ki, Hesablama Palatasının 4 üzvü – Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov könüllü şəkildə vəzifələrindən imtina ediblər. Məşhur “dördlüy”ün qəfildən belə bir qərar verməsinə səbəb nə olub? Onlar niyə səlahiyyət müddətlərinin başa çatmasını gözləmədilər?

Sözügedən qurumun adının çəkilməsini istəməyən əməkdaşı bizimlə söhbət zamanı məlum qərarın arxasında dayanan səbəblərə aydınlıq gətirib. Onun sözlərinə görə, “dördlük” heç də öz xoşu ilə vəzifəsindən imtina etməyib: “Onlar fakt qarşısında qaldılar. İndiki situasiyada vəzifədən getmək ən yaxşı çıxış yoludur”.

Mənbə deyib ki, hakimiyyətdə hamisi, güclü dayağı olmayan adamın Hesablama Palatasının auditoru seçilməsi mümkün deyil. Onun sözlərinə görə, bu qurumun auditorları uzun illərdi şəxsi münasibətlər, tanışlıq hesabına müəyyənləşir: “İstefa verən adamların soyadları çox şeyi deyir. Dəfələrlə deyildiyi və yazıldığı kimi, ötən həftə vəzifəsindən istefa verən Adil Məhərrəmov BDU-nun sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun qardaşıdır. O, bu quruma Abel Məhərrəmovun qılıncının dalı da, qabağı da kəsdiyi vaxt yol tapıb. Mehriban Alışanova AzTV-nin keçmiş sədri Arif Alışanovun həyat yoldaşı olub. Onun karyerasının parlamasında AzTV-nin rəngli ekranı böyük rol oynayıb. Firsənd Qurbanov isə sabiq nazir Səlim Müslümovun məhbəs yoldaşı olub. Onun bu posta yiyələnməsi Müslümovun dəstəyi sayəsində mümkün olub. Qurbanov da öz növbəsində “xlebnik”inə borclu qalmayıb. O, ƏƏSMN-də keçirilən bütün yoxlamalarda məhbəs yoldaşını “təmizə çıxarıb. “Dördlüy”ün 4-cü siması – Vaqif Həsənov da təsadüf nəticəsində auditor seçilməyib. Onun “ulduzunun parlamasında” hakimiyyətdə olan hamilərinin danılmaz rolu var”.

Mənbə deyib ki, bu adamların hakimiyyət tərəfindən dəstəklənməsi onların daha sərbəst fəaliyyət göstərməsinə, bəzən qanunların yanından ötüb keçmələrinə səbəb olub. Nəticədə onların fəaliyyətində ciddi qanun pozuntuları qeydə alınıb. Hamilərini itirəndən sonra isə bu pozuntuların izini itirmək mümkün olmayıb. Nəticədə “dördlük” onları gözləyən hüquqi məsuliyyətdən yayınmaq üçün vəzifə səlahiyyətlərindən imtina etməyə qərar verib.

Məlumatlı şəxsin sözlərinə görə, Azərbaycan cəmiyyəti qarşıdakı dövrdə bu tendensiya ilə tez-tez qarşılaşacaq. Onun sözlərinə görə, işdə ciddi nöqsanlara yol verən məmurlar həbs təhlükəsindən xilas olmaq üçün könüllü şəkildə ərizə yazıb vəzifədən gedəcəklər.