Tribuna İnformasiya Agentliyi

İstanbulu və Ağ Evi havaya uçurmaq istəyən casusdan 208 foto, 9 video aşkarlanıb

21 Sentyabr

Son 22 ildə Hizbullah və İslami Cihad təşkilatlarının terror hücumları təşkil edəcəyi hədəfləri araşdırmaq suçuyla ABŞ-da ittiham edilən Livan mənşəli “Aleks Saab” adlı şəxsin İstanbulda kəşfiyyat məlumatları topladığı məlum olub.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq Saabın kompüterində Sultanəhməd Camisi, Ayasofya, 15 İyul Şəhidlər Körpüsü daxil olmaqla 208 fotoşəkil, 9 video və İstanbulun üstü işarələnmiş xəritəsini aşkar edib.

Nyu Yorkda iyul ayında terror təşkilatları üçün kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən Livan əsilli amerikalı proqram mühəndisi Aleks Saab haqqında hazırlanan iddianamdə onun İstanbulda kəşfiyyat məlumatları topladığı iddia edilib.

Saab kimdir?

Məhkəməyə təqdim edilən sənədlərə görə, “Aleksi Saab”, “Ali Hasan Saab”, ”Aleks Saab” və “Raşid” adlarından istifadə edən 42 yaşlı məhbus 1996-cı ildə Livanda fəaliyyət göstərən Şiə Hizbullahına qoşulub və partlayıcı qurğularla bağlı peşəkar təlim alıb. ABŞ 1997-ci ildə Hizbullahı terror təşkilatı elan edib. Saab 2004 və 2005-ci illərdə də Livanda partlayıcı qurğularla bağlı təlim almaqda davam edib.

Saab 2000-ci ildə Livan pasportu ilə ABŞ-a gedib və 2008-ci ildə heç bir terror təşkilatı ilə əlaqəsi olmadığını söyləyərək ABŞ vətəndaşı olub. Ancaq yenə də Aleks Saabın Hizbullah və İslami Cihad ilə əlaqələri davam edib. İttihama görə, Saab ABŞ-da yaşadığı müddətdə Hizbullahın mümkün hücumları üçün hədəf seçilən yerlərdə nəzarət həyata keçirib. Baş tutacaq hücumun ən çox dağıntıya səbəb olacağına dair struktur zəifliklərini müəyyənləşdirməklə yanaşı, Saab bombanın ölçüsünü və partlayıcı qurğuların xüsusiyyətlərini də hesablayıb.

Nyu-Cersidə bir proqram şirkətində çalışdığı qeyd edilən Saab Nyu Yorkdakı onlarla yerdən, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı mənzil qərargahından, Azadlıq Heykəli, Rokfeller Mərkəzi, Tayms Meydanı, Empire State binası, hökumət binaları, hava limanları, tunellər və körpülər də daxil olmaqla onlarla məkanla bağlı məlumatlar toplayıb. Bundan başqa paytaxt Vaşinqtonda Ağ Ev, Konqres binalarının şəkillərini çəkib, Boston və Massaçusets kimi şəhərlərdə kəşfiyyat işləri aparıb.

İddianaməyə görə, Saabın kəşfiyyat yolu İstanbuldan da keçib.

Prokurorun sözlərinə görə, Aleks Saab İstanbula 15 yanvar 2015-ci ildə gəlib. 3-5 gün davam edən səfərinin ardınca Suriyanın paytaxtı Dəməşqə uçan Aleks Saab “El Safir” otelində “Menecer 2” kod adlı bir şəxslə görüşərək gecə də şüşələri qaraldılmış bir maşınla Livana gedib. Saab elə İstanbuldan ABŞ-a gedərkən baqajı və üstündəki partlayıcı izləri aşkarlandığı üçün saxlanılıb. Saabın Nyu-Cersidəki bir evində aparılan axtarışda Sultanəhmədin əllə dairəyə alındığı İstanbul xəritəsi, kompüterində yerləşən “05-01-14-16 İstanbul” faylının içində isə 208 fotoşəkil və 9 videonun olduğu təsbit edilib. İddianamədə şübhəlinin Türkiyədə də kəşfiyyat çalışması apardığı bildirilib. Saab həmçinin Hizbullahla əlaqəli 9 ayrı ittiham və saxta nikah ittihamıyla da mühakimə edilir.

Saabın cinayəti sübut edilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.