Tribuna İnformasiya Agentliyi

İstanbulda yoxa çıxan və dünyanın axtardığı Qaşıqçı kimdir?

10 Oktyabr

Türkiyə gündəminin əsas mövzusu İstanbulda yoxa çıxmış Səudiyyə Ərəbistanı vətəndaşı jurnalist Camal Qaşıqçıdır. Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna daxil olduğunu göstərən kadrlar yayılıb. İddialara görə, Qaşıqçı oktyabrın 2-də gündüz saatlarında hansısa bir sənədi imzalamaq üçün İstanbuldakı Səudiyyə Konsulluğunun binasına daxil olub. Ancaq Qaşıqçı binadan çıxmayıb və bayırda onu gözləyən nişanlısı Hadice Cengiz bundan sonra Qaşıqçının konsulluğa daxil olmamışdan əvvəl verdiyi telefon nömrələrinə zəng edərək onun konsulluqdan çıxmadığını xəbər verib.

Dünyanı ayağa qaldıran adam

Artıq bir həftədir Qaşıqçı barədə hər hansı məlumat yoxdur. Artıq məsələyə ABŞ prezidenti Tramp da münasibət bildirib. ABŞ prezidenti jurnalistin itkin düşməsi xəbərlərindən narahat olduqlarını, Dövlət Departamentinə məsələni araşdırması üçün ər-Riyadla danışıqlar aparılması barədə təlimat verdiyini deyib. ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı hökumətini jurnalistin itkin düşməsi ilə bağlı istintaqa dəstək verməyə çağırıb.

Cemal Kaşıkçı ile ilgili görsel sonucu

Hazırda əsas sual Qaşıqçının  harada olmasıdır. O, oktyabrın 2-də konsulluq binasına daxil olduqdan sonra binadan çıxmayıb. Hər halda, çıxıbsa da, bu barədə hər hansı məlumat və nişanə yoxdur. Konsulluq isə bəyan edib ki, Qaşıqçı binanı tərk edib. Hətta konsul Məhəmməd əl-Utaibi yerli jurnalistlərə konsulluq binasını göstərib və Qaşıqçının orada olmadığını deyib. Eyni sözləri Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman da deyib. O bildirib ki, ər-Riyad konsulluq binasını təftiş etmək üçün Türkiyə hökumətinə aça bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, Səudiyyə Ərəbistanı hökuməti Qaşıqçının konsulluq binasından çıxdığını sübuta yetirməlidir.

Qaşıqçı kimdir?

Türk əsilli Camal Qaşıqçı 1958-ci il oktyabrın 13-də Səudiyyə Ərəbistanının Mədinə şəhərində dünyaya gəlib. ABŞ-da ali təhsil alıb, 1985-ci ildə İndiana Dövlət Universitetindən məzun olub. Bundan sonra ölkəsinə qayıdıb və 90-cı illərdə “Al-Madina” qəzetində işləyib, bir müddət qəzetə rəhbərlik edib. 90-cı illərdə bir sıra parlaq layihələrə imza atıb, “əl-Qaidə” lideri Usəma bin Ladendən müsahibə alıb. Daha sonra “Al-Vatan” qəzetinə rəhbərlik edib, 4 il ingilisdilli “Arab News” nəşrinə rəhbərlik edib. Ancaq 2000-ci illərin əvvəllərində “Al-Vatan” qəzetində hakimiyyəti tənqid edən yazıları səbəbindən vəzifəsini itirməli olub, daha sonra isə ölkəni tərk edib.

Sonrakı illərdə bir müddət Qaşıqçı Səudiyyə Ərəbistanının ən sirli adamlarından biri olan, uzun illər kəşfiyyata rəhbərlik etmiş və krallığın ABŞ-dakı səfiri olmuş Türki əl-Faysalın müşaviri vəzifəsində çalışıb.

Mətbuatın yazdığına görə, Qaşıqçı 1990-cı illərdə Səudiyyə Ərəbistan mediasının Əfqanıstan, Sudan, Əlcəzair və Küveytdə müxbiri olmaqla yanaşı, kəşfiyyatçılıq funksiyalarını yerinə yetirirmiş.

Cemal Kaşıkçı ile ilgili görsel sonucu

Qaşıqçının əsas problemli illəri isə “Ərəb baharı” zamanı baş verib. 2011-ci ildə Səudiyyə Ərəbistanında olan Qaşıqçı “Mütləq monarxiyaların sonu gəldi, tək çarə demokratiyadır” başlıqlı yazılar yazmağa başlayıb. Qərb mediasına verdiyi açıqlamalarda açıq-aşkar demokratik islahatlar, seçki kimi tələblər irəli sürüb. Bu səbəbdən də hakimiyyətlə arası pozulan Qaşıqçının yerli mətbuata yolu bağlanıb. Hətta bir ara xarici mediaya müsahibə verməsi də yasaqlanıb. 2015-ci ildə Bəhreyndə şahzadə Vəlid bin Talalın maliyyəsi ilə qurulan və Qaşıqçının rəhbərlik etdiyi “al-Arab” kanalı isə ilk müsahibəsini müxalif şiə din adamından götürüb və bundan sonra kanal bağlanıb. Hökumət orqanında çalışan həyat yoldaşı isə Qaşıqçıdan ayrılıb.

Qaşıqçının başına nə iş gəlib?

Hələlik  Qaşıqçının yeri və taleyi məlum deyil. Həmkarları isə demək olar ki, hər gün İstanbuldakı Səudiyyə Konsulluğu qarşısında jurnalistə azadlıq tələbi ilə aksiya keçirir. Bir ildən çoxdur Səudiyyə Ərəbistanını tərk edən Qaşıqçı son zamanlarda “Vaşinqton Post” qəzetində yazılar yazıb. Son aylarda isə Türkiyədə olub, hətta AKP sədrinin müavini ilə şəxsi münasibətləri olub, Ərdoğanla görüşüb. Ehtimal olunur ki, Qaşıqçı konsulluğa məhz keçmiş həyat yoldaşı ilə ayrılması və yenidən evlənməsi ilə bağlı bəzi sənədləri imzalamaq üçün daxil olub.

Cemal Kaşıkçı ile ilgili görsel sonucu

Hazırda Türkiyədə bəzi media orqanları Qaşıqçının konsulluqda öldürüldüyünü iddia edir. “Habertürk” qəzetinin yazarı Nagehan Alçı “fərqli mənbələrdən əldə etdiyi” bilgilərdən çıxış edərək Qaşıqçının konsulluqda öldürüldüyünü iddia edib. Alçının xəbərində qeyd olunur ki, oktyabrın 1-də Səudiyyə Ərəbistanından Türkiyəyə diplomatik pasportu olan 15 nəfər gəlib. Həmin 15 nəfər bir gün sonra, yəni oktyabrın 2-də Qaşıqçı yoxa çıxdığı gün Türkiyəni tərk edib.

Bəzi mənbələr isə Qaşıqçının qətlə yetirildiyi və cəsədinin doğranaraq gizli şəkildə konsulluq binasından çıxarıldığını iddia edir. Ancaq bütün bunları sübut edəcək hələlik heç bir sənəd yoxdur. Eləcə də Səudiyyə Ərəbistanı hökumətinin Qaşıqçının konsulluğu tərk etməsi ilə bağlı hər hansı sübutu yoxdur.

Nəzərlər vəliəhddə

Bəzi media orqanları yazır ki, Camal Qaşıqçı hazırkı Səudiyyə Ərəbistanı rəhbərliyini tənqid etdiyi üçün qəzəbə gəlib. Məsələ ondadır ki, Qaşıqçı Səudiyyə Ərəbistanında xüsusən də dini dairələrdə ciddi dayaqları olan “Müsəlman Qardaşlar” Hərəkatına yaxın biri hesab olunur. Qaşıqçının bin Ladenlə əlaqələri, “ərəb baharı”na verdiyi dəstək məhz bununla izah olunur. Bunun onun yazıları, Krallığı tənqid edən fikirləri də təsdiq edir. O da bəllidir ki, Qaşıqçı 2013-cü ildə Misirdə “Müsəlman Qardaşlar” Hərəkatının hakimiyyətinin devrilməsi ilə nəticələnən və Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi çevrilişə dəstək verməyib. Bir yazısında isə “Azadlıq haqqında bir tweet yazın, həmin anda “Müsəlman Qardaşlar”ın üzvü olursunuz” deyə yazıb.

Məsələ ondadır ki, “Müsəlman Qardaşlar” Hərəkatı Səudiyyə Ərəbistanı tərəfindən “terror təşkilatı” siyahısına salınıb. Onun tənqidçiləri isə Qaşıqçının yalnız Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid etməkdə deyil, həm də “Müsəlman Qardaşlar” Hərəkatını müdafiə etməkdə ittiham edir.

Ancaq bütün bunlar hələlik versiyalardır. Qaşıqçının başına nə iş gəldiyi və harada olduğu dəqiq bilinmir. Lakin səudiyyəli jurnalistin, iddia olunduğu kimi, sui-qəsdə məruz qaldığı təsdiqlənsə, bu, ər-Riyad, xüsusən də onun islahatçı imicli vəliəhdi Məhəmməd bin Salman üçün ciddi başağrısına çevriləcək.

Kənan RÖVŞƏNOĞLU