Tribuna İnformasiya Agentliyi

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49-a çatıb, minlərlə yaralı var – YENİLƏNİB

14 May

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

“Report” “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb.

***18:15

Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir.

Son məlumata görə, İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 16-ya yüksəlib, yüzlərlə yaralının olduğu bildirilir.

Fələstinlilər İsrail və ABŞ əleyhinə aksiyanı davam etdirirlər.

*   *   *14:30

ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsinə qarşı Qəzza zonasının inzibati sərhəd bölgəsində fələstinlilər kütləvi etiraz aksiyası və “Qayıdış marşı” yürüşü keçirirlər.

Xarici KİV xəbər verir ki, hazırda Qəzzanın İsraillə sərhəddində 10 mindən çox etirazçı toplaşıb. Onlardan bəziləri sərhəd hasarını keçməyə cəhd ediblər. İsrail ordusunun müdaxiləsi nəticəsində 21 yaşlı fələstinli ölüb, 28 nəfər isə yaralanıb.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanı fələstinlilərin sərhəd bölgəsinə gəlməsini önləmək üçün İsrail ordusu Qəzza zonasına əlavə 2 briqada, İordan çayının qərb sahilinə isə 1 piyada briqadası göndərib.

Xatırladaq ki, martın sonundan indiyədək Qəzza zonasında israillilərlə fələstinlilər arasındakı toqquşmada 50-dən çox fələstinli ölüb. Odlu silahdan istifadə etdiyini etiraf edən İsrail beynəlxalq birliyin ittihamlarını rədd edərək, bunu özünümüdafiə kimi təqdim edir.(azvision.az)