İsmayıl Ağayevdən Diaspor Komitəsinə sərt ittiham: “Fuad Muradov özünə əl diasporası qurub”backend

İsmayıl Ağayevdən Diaspor Komitəsinə sərt ittiham: “Fuad Muradov özünə əl diasporası qurub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəritədə Azərbaycanın yerini bilməyənləri Şuşaya aparırlar”

İyul ayının 27-də Diasporla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya səfərini təşkil etmişdi. Səfərdə 24 ölkədən 72 diaspor nümayəndəsi iştirak edirdi. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi bu səfərlə bağlı fərqli yanaşmalar var. Hətta bir çoxları hesab edir ki, bu səfərdə iştirak etmək üçün bir çoxunun mənəvi haqqı yoxdur. Komitə haqqında səslənən tənqidlər, ittihamlar isə səngimək bilmir. Uzun illər Azərbaycan həqiqətlərinin xarici ölkələrdəki əsas carçılarına çevrilən diaspor təşkilatları rəhbərlərinin Şuşa səfərində iştirak etməməsi Komitənin fəaliyyətini yenidən müzakirə mövzusuna çevrilib.

Əsas sual isə qalır: Komitə nə üçün haqqı və xidmətləri olan diaspor təşkilatlarının rəhbərlərini mühüm tədbirlərdən, səfərlərdən məhrum edir?

Məsələ ilə bağlı Hokm.az-a danışan Beynəlxalq Diaspor Mərkəzini (BDM) sədri, Beynəlxalq hüquq üzrə fəlsəfə doktoru İsmayıl Ağayev bildirib ki, Şuşa səfərində Birinci Qarabağ Müharibəsi iştirakçısı olan diaspor təşkilatları rəhbərlərinin iştirak etməməsi, onların səfərlərə dəvət olunmaması bu sahəyə cavadeh olan qurumun fəaliyyəti ilə bağlı xeyli suallar yaradır:

“Mən özüm Birinci Qarabağ Savaşında iştirak etmişəm, xeyli sayda aktiv diaspor nümayəndələri də var ki, onlar düşmənlərə qarşı cəbhədə döyüşüblər. Şuşa səfərinə belə adamlar niyə dəvət olunmadı? Hətta biz 44 günlük Vətən Müharibəsi zamanı hər gün ordumuzun yanında olduq, azad edilən torpaqlarda əsgərlərimizə, xalqımıza dəstək nümayiş etdirdik. Düzdür, biz bütün bunları heç bir məqsəd güdmənə etmişik, başqa cür ola da bilməz. Ancaq məsələ bunda deyil. Bəs diqqət? Xəritədə Azərbaycanın yerini bilməyənləri Şuşaya niyə aparırlar? Dövlət maraqları naminə heç bir zaman haqq səsimizi qaldırmamışıq. Elə indinin özündə də heç bir dövlət qurumundan istək və tələbimiz yoxdur. Vaxt var idi, biz diaspor təşkilatlarının rəhbərləri olaraq, xarici ölkələrdə utancla danışırdıq. Bu gün isə Şuşa azaddır. Ən ağır və çətin məqamlarda onlarla ölkədə Xocalı soyqırımı ilə bağlı həqiqətləri bütün dünyaya çatdırmışıq, erməniləri ifşa etmişik. İndi şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbyacan ordusu bütün dünyaya öz sözünü dedi, torpaqlarımız azad edildi”.

 

“Biz döyüşəndə Diaspor Komitəsinə yığılmış insanlar harada idilər?”

 

İ.Ağayev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ünvanına da sərt fikirlər səsləndirib:

 

“Fuad Muradov bir dəstə adamı başına yığaraq Şuşaya gedib. Görəsən,  Şuşaya səfərə gedənlər düşünürlərmi ki, mənim buna haqqım çatır, yoxsa yox!?  Təbii ki, Şuşaya səfər edənlər içərisində buna haqqı çatanlar da az deyil, mən hamını eyniləşdirmək niyyətində deyiləm. Sual edirəm, bizlər döyüşəndə, canımızı, malımızı, qanımızı Vətən yolunda sərf edəndə Diaspora Komitəsinə yığılmış insanlar və barıt qoxusu görməyən idarə rəisləri harada idilər? Verilişlərin birində sabiq deputat İqbal Ağazadə deputat Elman Nəsirova gözəl bir sual verdi ki, sən umumiyyətlə, Birinci Qarabağ Savaşı başlayan zaman harada idin?! Mən də indi onlara sual edirəm, biz Birinci Qarabağ Savaşında döyüşəndə siz harda idiniz? İndi necə olur ki, siz Şuşaya səfər təşkil edirsiniz, biz isə orada yoxuq. Biz Azərbaycan naminə daim öndə olmuşuq, əsas odur ki, Azərbaycan həqiqətləri uğruna azərbaycanda və xarici ölkələrdə yürüşlər təşkil etmişik,xalqımızın mövqeyini isbatlamışıq. Təsəvvür edin, Gürcüstanda Ermənistan səfirliyi önündə təşkil etdiyimiz aksiyaya görə 5 il ərzində bu ölkəyə buraxılmamışıq”.

“Fuad Muradov, hansı kriteriyalar əsasında sən bu adamların Şuşaya səfərini təşkil etmisən?”

 

BDM sədri qeyd edib ki, Şuşa səfərində iştirak edənlərdən bəziləri Rusiya ilə iş birliyi olan və bu ölkənin şirkətlərində çalışan şəxslərdir:

 

“Əsl türk olan, Azərbaycançılıq məfkürəsini özündə daşıyan insanlar kənarda qalırlar. Bunun səbəbi nədir? Fuad Muradov, hansı kriteriyalar əsasında sən bu adamların Şuşaya səfərini təşkil etmisən? Necə ola bilər ki, Beynəlxalq Diaspora Mərkəzi kimi bir vacib, əhəmiyyətli qurumun sədri, muavinləri və idarə heyətinin üzvləri orda iştirak etməsin. Bu zamana qədər müxtəlif dövlət qurumları ilə birlikdə vacib layihələr icra etmişik. Van, Qars, Çexiya – Matsark Universiteti, Brusel, Lissabon, Berlin, Katavinc, Tel-Əviv və s. Dünyanın dörd bir yanında tədbirlər keçirmişik. Belə çıxır ki, Prezident Administratsiyası, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bizə dəstək verməklə düzgün yol seçməyib? Yəni, bu qədər qrantlar bizə nahaq verilib? Bəs Beylənxalq Diaspora Mərkəzinin dəvət olunmaması və diqqətdən kənar qalmasının səbəbi nədir? Bizim dəvət olunmamağımızın əsas səbəbi qısqanclıq, xainlik, paxıllıqdır. Bunlar özləri üçün əl diasporası qurublar, təşkilatlara “fatı qalx, fatı otur” prinsipi ilə yanaşırlar”.

“Fuad Muradovun rəhbərlik etdiyi Diaspor Komitəsinin təşkil etdiyi Şuşa səfəri zamanı, Beynəlxalq Diaspora Mərkəzini kənarda qoyması…”

İ.Ağayev Komitə sədri F.Muradovla aralarındakı görüşdən də danışıb:

 

“Əvvəl Fuad Muradovla bizim bir neçə dəfə görüşlərimiz olub. Dəfələrlə yazılı və şifahi şəkildə öz təkliflərimizi vermişik. Çox təəssüflər olsun ki, heç bir tək təklimizə diqqət ayrılmayıb. Fuad Muradovun rəhbərlik etdiyi Diaspora Komitəsinin təşkil etdiyi Şuşa səfəri zamanı Beynəlxalq Diaspora Mərkəzini kənarda qoyması və bizləri bu tədbirə dəvət etməməsi bir mənalı şəkildə haqsızlıqdır. Biz diaspora sahəsində Diaspora Komitəsinin gördüyü işlər qədər işlər görmüşük. Diaspora Komitəsi dövlətin ayırdığı pullar ilə işləyir, biz isə öz vəsaitimiz hesabına… İldə bir dəfə 7-8 min manat bizə komitə tərəfindən pul ayrılır, lakin bu məbləğ heç bizim ofis xərclərinin qarşılanmasına kifayət etmir. Əlavə görüləcək işlərin hamsı bizim öz şəxsi vəsaitimiz hesabına qarşılanır ki, bunun da əsas səbəbi vətənə və dövlətə olan sevgimiz və sədaqətimizə görədir. Biz bu dövləti canımızdan çox sevirik. Əvvəl də Cənab Prezidentin yanındaydıq, bu gün də onunlayıq, gələcəkdə də belə olacaq. Heç kəs bizim Cənab Prezidentə olan sədaqətimizə, gördüyümüz işlərə hörmətsizlik edə bilməz. İstəyimiz odur ki, hər kəsə haqqı olan verilsin, fədakar insanlara diqqət göstərilsin”.

 

Mikayıl Mirzəzadə