İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ İSTEHSALÇILARA GÜZƏŞTLƏR OLACAQMI?backend

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ İSTEHSALÇILARA GÜZƏŞTLƏR OLACAQMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı zəngin iqtisadi potensialı da mövcuddur. Bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasında istehsalın əhəmiyyəti böyükdür. Bəs, dövlət həmin ərazilərdə iş qurmaq istəyən istehsalçılara dəstək olacaqmı?
Sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun TİA.az-a verdiyi müsahibəni təqdim edirik:

-İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək istehsalçılara hər hansı güzəştlərin olunması nəzərdə tutulurmu?

-Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərdə istehsalçılara güzəştlər olunacaq. Düzdür, bu barədə ictimaiyyətə açıqlama verilməsə də görülən işlər bunun olacağından xəbər verir. Ümumiyyətlə, Azərbaycanda biznes qurumlarının inkişafı üçün kifayət qədər şərait yaradılır. Hətta deyərdim ki, heç bir MDB ölkəsində bizdəki qədər istehsalçılara güzəştlər edilmir.

-Sözügedən ərazilərdə hansı istehsal sahələri daha perspektivlidir?

-Məsələn, Kəlbəcərdə heyvandarlığın inkişafı üçün kifayət qədər şərait var. Şuşadan danışarkən turizm potensialını xüsusilə qeyd etmək lazımdır. Zəngilanda su mənbələrinin olması və s. Ümumiyyətlə Qarabağda iqtisadiyyatın inkişafı üçün kifayət qədər resurslar var. Dövlət və istehsalçıların da məhz bu xüsusiyyətlərə əsasən davranacağı gözləniləndir.

-Heç bir güzəşt tətbiq olunmasa belə istehsalçılar bu ərazilərdə iş qurmaqda maraqlı olacaqlarmı?

-Bir çox böyük şirkətlər Qarabağda iş qurmaqda maraqlıdır. Çünki həmin ərazilərin iqtisadi potensialından xəbərdardırlar. Məsələn, Kəlbəcərdə su yataqlarının istismarı ilə bağlı mənim özümə nə qədər müraciət edən istehsalçı var ki, onlar bu işlə məşğul olmaq istəyir həmçinin digər sahələrlə bağlı da bu sözü demək olar.
-Bəs, xarici kapitalın cəlbi necə?

-Hökümət orqanlarının ictimai çıxışlarından görünür ki, dövlət xarici kapitalın bu ərazilərə cəlb edilməsində maraqlıdır. Xüsusilə də mədən sənayesinin inkişafı üçün. Çünki Kəlbəcərdə qızıl və civə yataqlarının olması bu sahənin perspektivindən xəbər verir.

-İstehsal prosesində verginin mühüm faktor olduğunu bilirik. Əgər hökumətin həmin ərazilərdə güzəştlər tətbiq edəcəyi gözlənilirsə, deməli, vergi güzəştləri də olacaq. Bu barədə nə deyə bilərsiniz?

-Düşünürəm ki, həmin ərazilərdə biznesə dəstək məqsədilə vergi güzəştləri tətbiq olunacaq. Xüsusilə də kənd təsərrüfatı sahəsində.
Aytac Sahəd

TİA.az