İşğaldan azad edilmiş ərazilər yenidən dirçələcəkbackend

İşğaldan azad edilmiş ərazilər yenidən dirçələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçılar torpaqlarımızdan qovulub, ərazilərdə quruculuq işlərinə start verilib. Erməni vandalizmi nəticəsində dağıdılmış şəhər və kəndlərimizi bərpa etmək, viran qalmış ərazilərə həyat vermək, dirçəltmək çətin olsa da dövlətimiz bunun öhdəsindən gələcək. Çünki ən ağır zamanlarda belə ali məqsədimizdən – ərazi bütövlüyünün bərpasından əl çəkmədik. Belə bir gücə, iradəyə sahib ölkə, millət təbii ki, bu sınağdan da alnı açıq, üzü ağ çıxacaq.

Artıq, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə tikinti-quruculuq işlərini seyr etməkdəyik. İşğaldan azad olunmuş ərazilərdə idarəetmə və təhlükəsizliyin təşkili, infrastrukturun həlli, sosial xidmət sahələrinin fəaliyyəti, eləcə də iqtisadiyyatın yenidən qurulması ölkə rəhbərinin tapşırığı ilə mərhələli və planlı şəkildə həyata keçirilir. Sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturu yenidən qurulur, doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şərait yaradılır.

Qarabağdakı iqtisadi rayonlarda meşə, su və torpaq resursları, aqrar sahə, dağ-mədən, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar var. Ən əsası yeni texnologiyalar əsasında regionun iqtisadiyyatı yenidən qurulacaq, məhsuldarlıq yüksələcək. Həmin ərazilərdə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verəcək.

İşğaldan azad olunmuş ərazilərin inkişafı istiqamətində beynəlxalq təcrübənin istifadəsi də əhəmiyyətlidir. Məhz aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində əbəs yerə bildirməyib ki, xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.

Ölkə rəhbərinin vurğuladığı kimi, indiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Əlbəttə bu, təhlükəsizlik və bərpa prosesinin sürətlənməsini şərtləndirən əsas amildir.

Əminik ki, Dövlət başçısının rəhbərliyi ilə çox keçməyəcək ki, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş zonasına çevriləcək.

Yavər YUSUBOV

Azərbaycan Respublikası Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanları İctimai Birliyinin Masallı rayon nümayəndəliyinin sədri, AJB-nin üzvü