Tribuna İnformasiya Agentliyi

İsgəndər Xəlilovun qurumundan ETİRAF: – Federasiyaların adı var, idmançıları yoxdur

30 Noyabr

Azərbaycan Qış İdman növləri Federasiyasında problemlər davam edir. Belə ki, qurum hələ də idmançı tapa bilmir. Bu səbəbdən də sözügedən federasiyaya daxil olan digər qurumlar fəaliyyətini qeyri-rəsmi şəkildə dayandırıb.

Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev Unikal.org-a açıqlamasında təkcə fiqurlu konkisürmə idman növünü inkişaf etdirə bildiklərini etiraf edib:

“Dağ xizəyi idman növündə çıxış edən idmançımız Patrik Braxner artıq karyerasını bitirib. Hazırda bizim 3 qız, 2 oğlan idmançımız var. 2 qız, 1 oğlan Amerikada, ikisi isə Rusiyada məşq edirlər.

Digər idman növlərimizində idmançılar yoxdur. Meydança olmalıdır ki, tədbirlər görülsün və inkişaf olsun.

Başqa idman növləri üçün meydançamız olmadığına görə inkişaf da yoxdur. Bizim Qış İdman Növləri federasiyasına daxil olan qurumlar var. Ancaq idmançılarımız olmadığı üçün fəaliyyət göstərə bilmirik. Yəni konkisürmədən başqa digər federasiyaların adları olsa da heç birində idmançımız yoxdur”.

Qış İdman Növləri Federasiyasının rəsmisi bildirib ki, Xokkey inkişafına çalışsalar da sonradan bunu davam etdirmək üçün maddi imkanları çatmayıb:

“Xokkey üçün bəzi müraciətlərimiz olub. Təəssüflər olsun ki, o qədər xokkeyçini saxlamaq asan deyil, ağır məsələdir. Avadanlıqları, geyimləri çox bahalıdır”.

Sonda F.Quliyev onu da bildirib ki Qış idman növlərinə daxil olan bütün idman federasiyaları iş adamı İsgəndər Xəlilova aiddir. Dağ Xizəyi Federasiyasının prezidenti isə Rauf Xəlilova aiddir”.