İşdən çıxarılan nazir müavinin “30 min manat “paket” alırdım” etirafı…backend

İşdən çıxarılan nazir müavinin “30 min manat “paket” alırdım” etirafı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitə işi” gündəmə qayıdır; yeni həbslərin olacağı istisna deyil

Adı “MTN işi”nə qarışan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib. Onu bu postda Rövşən Rüstəmov əvəzləyib.

Elmir Vəlizadə Eldar Mahmudovun çetesinə daxil olan kadr hesab olunurdu. 2015-ci ilin oktyabrında Eldar Mahmudov və onun komandası vəzfədən uzaqlaşdırıldı. Başlanan cinayət işi az keçmədi ki, o zamankı Rabitə Nazirliyinə də həbslərə, ciddi şəkildə araşdırmalara yol açdı. Məlum oldu ki, Eldar Mahmudovun komandası Rabitə Nazirliyini tam nəzarətə götürüb. Nazir Əli Abbasov da daxil olmaqla nazirliyin rəhbərliyinə hər ay “paket” ödəməklə rabitə sistemini talan edib, qanunsuz dinləmələrə qədər gedib çıxan cinayətlər isə adi hal alıb.

O dövrdə “MTN işi”ndən ayrılan “Rabitə işi” çərçivəsində nazirliyin əksər vəzifəliləri  istintaqa cəlb olunmuşdular. Ötən gün işdən çıxarılan Elmir Vəlizadənin də həbsi gözlənilirdi. Sonradan isə bəlli oldu ki, Elmir Vəlizadə istintaqla razılaşmaya gedib, özünün azadlıqda qalması müqabilində Əli Abbasovun komandasının rüşvət və korrupsiya cinayətləri haqda bildiklərini şahid kimi danışıb. Sonradan Elmir Vəlizadə həbsə alınan nazirliyin yüksək rütbəli əməkdaşları – Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov YAP-ın Mərkəzi Nəzarət Təftiş Komissiyasının  sədri, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, AzİnTelekom MMC-nin baş direktoru Cəlil Cəfərov, Bakı Rabitə Təmir Tikinti və Təmir Təchizat Servis MMC-lərinin direktoru Bayram Vəliyev və başqalarının məhkəməsində də şahid qismində  ifadə verdi. Bakı Ağır Cinayətlər Məhkəməsindəki verdiyi ifadəsindən aydın oldu ki, Rabitə Nazirliyində uzun illər bütün sərhədləri aşan korrupsiya və mənimsəmə mexanizmi olub. Orada qurulmuş korrupsiya sxemlərinə əsasən, nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi “kassa”ya yığılıb. Rabitə Nazirliyində “oğru dünyası”ndan o qədər də fərqlənməyən “obşak” toplanıb. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılıb. Məlum olmuşdu ki, nazir Əli Abbasovun aylıq “paketi” 200-300 min manat, nazir müavinlərinin “paketi” isə 30 min manat və daha çox olub.

Dövlət Komitəsinin vəzifəli şəxsləri istintaqa cəlb edildi | Report.az

Elmir Vəlizadə istintaqa verdiyi ifadələri Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlməklə orada komanda yoldaşlarının üzünə qarşı da demişdi. Elmir Vəlizadə də şahid qismində dindirilərkən nazir müavini postunda idi və ayda 30 min manat “paket” aldığını etiraf etmişdi. Digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat “paket” verildiyini təsdiqləyib. Elmir Vəlizadənin sözlərinə görə, o, həmin vəsaiti almaqdan imtina etmək istəsə də, nazir Əli Abbasov deyib ki, puldan imtina etmək olmaz. Çünki bu “ümumi qaydadır” və yığılan pullar nazirliyin rəhbər işçiləri arasında paylanır.

Nəticədə Elmir Vəlizadə bu qayda ilə aylıq olaraq hər ay qeyd olunan məbləğdə “paket” aldığını təsdiq edib.

O günlərdə Elmir Vəlizadənin məhkəmədən sonra vəzifədən çıxarılacağı haqda xəbərlər vardı. Deyilirdi ki, Elmir Vəlizadənin şahid kimi ifadə verməsi onu bir müddət həbsdən kənar saxlasa da, zamanında digər ittihamlarla həbs oluna bilər.

Rabitə işi"ndə vəkil: Niyə Əli Abbasovun adını çəkmirsiniz?!

Xatırladaq ki, “Rabitə işi”ndən sonra Əli Abbasov həbs edilməsə də, ev dustağı edilmişdi. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilməsi ilə bağlı məlumat yaymışdı. Məlumatlara görə, bütün iri mənimsəmə faktlarında sabiq nazirin imzası və ya razılığı var ki, bu da istintaqa məlumdur.  Baş verənlərdən sonra Siyavuş Novruzov mediaya açıqlamasında  işdən uzaqlaşdırılan sabiq nazirlər haqqında danışmışdı. O demişdi ki, Əli Abbasovun taleyi istintaqdan asılıdır və həbs edilib-edilməyəcəyi araşdırmaların nəticələrindən asılıdır.

Belə görünür ki, Əli Abbasovun, onun sabiq müavini Elmir Vəlizadənin istintaqa cəlb ediləcəyi günlər çox da uzaqda deyil. Onlar sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun aqibətini yaşaya bilərlər…