Tribuna İnformasiya Agentliyi

İş adamı şəhid ailəsinin evini sökdürür – VİDEO

07 Dekabr
Bu gün Sumqayıtda iş adamı xüsusi texnika vasitəsi ilə şəhid ailəsinin evini sökdürməyə cəhd edib.
Bu barədə BakuPost-a şəhidin övladı Məhəbbət Əliyev məlumat verib.
M. Əliyev bildirib ki, atası Muğan Əliyev 1993-cü ildə Füzulidə şəhid olub.  Şəhid ailəsi 1996-cı ildə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S. Vurğun küçəsində 2 sot ərazidə ev tikərək məskunlaşıb. 2007-ci ildə “Xəzər” Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov ərazini aldığını bildirib və iş adamı evin boşaldılmasını tələb etməyə başlayıb. M. Əliyev ərazinin Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin balansında olduğunu və yerin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən bu iş adamına satıldığını nəzərə çatdırıb. İş adamının təzyiqləri ilə əlaqədar şəhid ailəsi 2016-cı ildə Sumqayıt Şəhər Məhkəməsinə üz tutub. Məhkəmə şəhid ailəsinin mənzillə təmin olunması şərti ilə evin sökülməsi barədə qərar çıxarıb. Apelyasiya və Ali məhkəmələrdə də iş adamının xeyrinə qərar çıxarılıb: “Bu gün isə traktor və başqa texnikalar gətirərək evi sökməyə cəhd etdilər. Ərazinin ətrafında çəkilən hasarın bir qismini də uçurdular. Mən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng açdım. Bundan sonra onun adamları buradan getməyə, texnikanı aparmağa başladılar. Bu gün Sumqayıtda məhkəməyə, hakimin yanına da getdim, yerində olmadı. Qüdrət Kərimovun da qəbuluna getdim, ancaq məni onun qəbuluna buraxmadılar. Ancaq Qüdrət Kərimov məni qəbul etmədi, dedilər ki, görüşdən imtina edir”.
M. Əliyev əvvəllər Q. Kərimovun qəbuluna da getdiyini söyləyib:“Mən dedim ki, bu evin tikintisinə çəkdiyim xərci – 30-35 min manat verin, başqa yerdən ev alım. Bununla da razılaşmır”.
Şəhid övladı məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də olduqlarını bildirib. Dövlət Komitəsindən bildirilib ki, şəhid və köçkün ailəsinə ev verilmədən evlərini kimsə sökə bilməz.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən BakuPost-a bildirildi ki, şikayətçilər bu gün nahardan sonra icra başçısının müavinin qəbulunda olublar.
“Onlar ayın 27-nə kimi yeni mənzillə təmin olunacaqlar”, – deyə İH-dən deyilib.