Tribuna İnformasiya Agentliyi

İşə götürənlər niyə bilik, bacarıq yox, gənc və gözəl kadr axtarır…

07 Aprel

Sahib Məmmədov: “Şəxsə hansısa əlamətinə, o cümlədən də yaşına görə fərq qoymaq ayrı-seçkilikdir”

“Yaşı 20-30 arası, xarici görünüşü gözəl olan xanım işçi tələb olunur”. Heç şübhəsiz ki, bu tipli elanlarla hər biriniz qarşılaşmısınız. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda elə peşələr və iş yerləri var ki, orada yaş, boy və vizual görünüş önəm daşıyır. Bu cür iş yerlərinin və peşələrin də adları konkret olaraq dövlət tərəfindən müəyyən edilir və tam qanuniləşdirilir.

Xüsusi rütbə və ixtisas tələb edən, hərbi təyinatlı işlərdən başqa “30 yaşdan yuxarı şəxslər işə götürülə bilməz” kimi bir qayda-qanun isə rəsmiyyətdə yoxdur. Amma qeyri-rəsmi şəkildə, xüsusilə özəl sektorda bu “ənənə” hökm sürür. Məhz buna görə də yaşı 30-dan yuxarı olan bir çox insanlar savadı, peşə təcrübəsi olsa belə işsizdir. Ekspertlər isə hesab edir ki, işə müraciət edən şəxsin önünə yaşı və vizual görünüşü əngəl kimi qoyulursa, bu, onun hüquqlarının pozulması və ayrı-seçkilik deməkdir.

Eyni zamanda qanunsuz olaraq vətəndaşlardan rus dili biliyi də tələb olunur.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bu kimi hallar qanunla müəyyən olunmalı və tənzimlənməlidir: “Biz bu barədə hökumətə dəfələrlə təkliflər vermişik ki, yaşa, cinsə və fizioloji quruluşa görə tələblər olan iş yerlərinin siyahısını tərtib etsinlər. Məsələn, elə yer var ki, orada yaş tələbi, yuxarı və aşağı yaş həddi ola bilər. Yaşa, cinsə, hətta fizioloji quruluşa görə də tələblər ola bilər. Xarici ölkələrdə bu məsələlər qanunvericiliklə tənzimlənir. Bizdə də sovet dövründə təyyarə bələdçisi vəzifəsinə kök adam götürmürdülər. Bu vəzifədə çalışan şəxslərin gənc, uca boy və vizual görünüşü yaxşı olması vacib idi. Yaxud da hotellərin qeydiyyat şöbələrinə işçi seçəndə bu nüanslara diqqət edirdilər. Bu kimi yerlərə bu tələblər ola bilər. Əgər bu kimi tələblər varsa, qanunla müəyyən olunmalı və tənzimlənməlidir. Qalan bütün hallarda bu qadağan olunmalıdır. Çünki bu, konstitusiyanın 25-ci maddəsinə və Əmək Məcəlləsinin 16-cı maddəsinə ziddir. Şəxsə hansısa əlamətinə, o cümlədən də yaşına görə fərq qoymaq ayrı-seçkilikdir. Bir daha qeyd edim ki, bu, xüsusi normativlərlə tənzimlənməlidir. Bu da bizdə yoxdur. Ona görə də bu, praktikada problemə gətirib çıxarır. Tutaq ki, kimsə bir restoran, iaşə müəssisəsi işlədir. Buranı işlədən şəxs istəyir ki, bufetçi, yaxud da ki, qarson olan şəxs vizual baxımdan gözəl qızlar olsun. Məsələn, bir var ki, 60 yaşlı saqqallı bir kişi süfrəyə yemək gətirsin, bir də var ki, 21 yaşlı bir qız. Bu cür faktorları nəzərə almaq lazımdır. Bu isə qanunla tənzimlənməyənə qədər qanunazidd hərəkət sayılır. Azərbaycanda hotelçilik inkişaf edir və qeydiyyat şöbəsində cavan oğlan və qızların çalışması daha məqsədəuyğundur, nəinki yaşlı adamların. Əgər bu məqsədəuyğunluq sübuta yetirilə bilirsə, o zaman bu qanuniləşdirilməlidir. Yaxud da müəyyənləşdirilməlidir ki, harada yalnız qadınlar, harada yalnız kişilər çalışa bilər. Belə peşələr və iş yerləri müəyyən olunandan sonra Nazirlər Kabineti bunu xüsusi qərarla təsdiq edə bilər. Bu da qanunvericilik aktı olar. Ancaq bu bizdə yoxdur”.

Sahib Məmmədov ile ilgili görsel sonucu

S.Məmmədov bu cür situasiya ilə üzləşən şəxslərin məhkəməyə müraciət etməsi üçün formal bir hüququ olduğunu dedi: “Formal olaraq belə bir hüquq var. Tutaq ki, hər hansısa bir iş yerinə peşə hazırlığı tələb olunur və bu iş üçün müraciət edən şəxs bu hazırlığa malikdir. Ancaq qadın olduğu üçün işə götürülmür. Buna bizdə gizli diskriminasiya deyirlər. Qadınları bu əlamətlərinə görə götürmürlər ki, o, ailə quracaq, dünyaya uşaq gətirəcək, ödənişli sosial məzuniyyətə gedəcək. Belə olan halda isə işə götürənin qayğıları artır. Digər halda, əksinə, yaşlıları götürmürlər, cavan qızları götürürlər. Bəzən elanlar verirlər ki, satıcı cavan qız tələb olunur. Bu tam qanunsuz bir şeydir. Bununla bağlı əlbəttə ki, məhkəməyə müraciət etmək olar. Amma bizim Azərbaycan məhkəmələrinin praktikasında bununla bağlı işlərə baxılması demək olar ki, yox səviyyəsindədir. Çünki perspektiv olmur. Tutaq ki, kimsə gedir ki, məni işə götür, ona demirlər ki, sən cavan qız deyilsən və yaxud da ki, kifirsən. Deyirlər ki, vakant olan iş yeri dünən dolub. Bu da başa düşür ki, əslində onu bu əlamətinə görə götürmədilər. Amma gedib onu məhkəmədə sübut edə bilmir. Buna görə də belə məsələləri məhkəmə ilə sübut etmək çox çətindir”.