“İrşad Electronics” müştəriləri necə aldadır?-FAKTLARbackend

“İrşad Electronics” müştəriləri necə aldadır?-FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad Electronics” mağazalar şəbəkəsinin bugünlərdə keçirdiyi “12 aya qədər ilkin ödənişsiz və hissə-hissə ödəmə şərtləri” kampaniyasında aldadıldığını bildirən vətəndaş Etibar Tağıyev Yeniavaz.com saytına müraciət edib. E. Tağıyev dediklərini əsaslandırmaq üçün kampaniyanı əks etdirən reklamın fotosunu, mağazalar şəbəkəsi ilə onlayn yazışmasının “screen”ini saytımıza göndərib.

O, yazır: “Mən “İrşad Electronics”in rəsmi “facebook” səhifəsindəki bu postu görüb onlara müraciət elədim. Əvvəlcə, rəsmi səhifələrindəki online “chat” vasitəsilə əlaqə saxlayıb məhsulun yer aldığı linki onlara göndərdim və bildirdim ki, bu linkdəki məhsulu “facebook” səhifələrində paylaşdıqları şərtlərlə əldə etmək istəyirəm. Onlar da mənə bildirdilər ki, online şəkildə kredit üçün müracət edə bilərsən. Fevralın 13-də günorta saatlarında rəsmi saytlarındakı bölmədən kredit üçün üçün müraciət ünvanladım. Mənə bildirdilər ki, ən geci 24 saat ərzindəki müraciətinizə cavab veriləcək.

Fevralın 15-də səhər saatlarında mənimlə əlaqə saxlayıb sözügedən məhsulun əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla istənilən mağazalarından birinə yaxınlaşmağımı istədilər. “İrşad Electronics”in Xətai rayonundakı filiallarına yaxınlaşdıqda isə məlum oldu ki, məhsula əlavə 2% hesablanacaq. Bununla razılaşmadım. Dedim, paylaşdığınız postda məhsulu 12 aylıq faizsiz ayda 5.50 AZN ilə əldə etmək mümkün olduğu üçün müraciət etmişəm. Mən məhz bu şərtlərə görə gəlmişəm. Daha sonra etirazımı bildirmək üçün onların əlaqə nömrələrinə zəng edib məsələni araşdırdım. Mənə bildirdilər ki, sözügedən məhsula kampaniya keçirilib və həmin kampaniya 12-14 fevral tarixlərini əhatə edib.

Lakin şəkildə də göründüyü kimi məhsulla bağlı heç bir kampaniya qeyd olunmayıb. Kampaniya olsa belə, kampaniyanın nə vaxt başlayıb, nə vaxt bitəcəyi qeyd olunmayıb.

Bir az sonra yenidən onların əlaqə nömrələri ilə əlaqə saxladım. Bu dəfə bildirdilər ki, siz müraciət etdiyiniz məhsulun kampaniya müddətdə başa çatdığı üçün əlavə 2% hesablanır. Bu dəfə etiraz edib müraciət tarixini göstərdim. Məlum oldu ki, mən fevral ayının 13-də müraciət etmişəm. Yəni kampaniya müddətdə müraciət etmişəm. Yenidəm qısa araşdırma aparıb mənim haqlı olduğumu bildirdilər və məhsulu 12 aylıq faizsiz, aylıq ödəniş 5.50 AZN-ə əldə edə biləcəyimi bildirdilər. Kredit şöbəsində rəsmiləşdirmə gedən zaman zəng edib bildirdilər ki, sözügedən məhsulu 12 aylıq yox, 6 aylıq faizsiz kreditlə əldə edə bilərəm. Bu dəfə belə səbəb göstərdilər ki, məhsulun ümumi dəyəri 100 AZN-dən az olduğu üçün 12 aylıq deyil, 6 aylıq kredit təşkil olunur. Təbii ki, bu dəfə də onlarla razılaşmayıb rəsmi “facebook” səhifələrində paylaşdıqları şərtlərlə əldə etmək istədiyimi bildirdim.

Şəkildən də göründüyü kimi, orada məhsulun dəyərindən asılı olmayaraq 12 aylıq faizsiz kredit şərtləri ilə əldə etmək mümkün olduğu bildirilir. Lakin “İrşad Electronics” istehlakçıları aldadaraq çox aşağı səviyyədə xidmət göstərir. Bu eyni zamanda istehlakçıların hüquqlarının pozulmasıdır. Buna görə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmişəm”.

“İrşad Electonics”: “Videoregistratorun qiyməti yüksək olmadığı üçün onu tək satmırıq”

Vətəndaşın şikayətinə qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə “İrşad Electonics”lə əlaqə saxladıq. Qurumun Rüfət adlı əməkdaşı əvvəlcə vətəndaşın hansı gündə, hansı saatda müraciət etdiyini soruşdu. Daha sonra məsələni araşdıracağını bildirdi. Daha sonra Rüfət bəy bildirdi ki, aksesuarın qiyməti 100 manatdan az olduğu üçün 12 aya, ayrıca faizsiz satıla bilməz.

Ona “İrşad”ın rəsmi “facebook” səhifəsində elan olunan kampaniyada isə bunun əksi yazıldığını xatırlatdıq.

“Həmin o aksesuarı bu şərtlə ala bilmək imkanı təkrar müştəriyə aiddir. Hər hansı bir məhsulu alırsınızsa, həmin videoregistratoru əlavə edə bilərsiniz kreditin üzərinə. Fevralın 12, 13, 14-ü kampaniya keçirilib, 12 aylıq faizsiz. Videoregistratorun qiyməti yüksək olmadığı üçün onu tək satmırıq. 66 manatı 12 aya böləndə 5 manat 50 qəpik eləyir. Aylıq ödəniş yüksək olmadığına görə əməkdaşlarımız həmin vətəndaşa bildiriblər ki, verə bilərik, amma 6 aylıq. Məbləğ yüksək olmadığı üçün tək 12 aylıq verilmir”.

Kampaniya şərtlərində isə Rüfət bəyin dediklərinin əksinə olaraq, vətəndaşların 12 aya faizsiz kreditlə bu videoregistratoru ala bilmələrinin mümkün olduğu bildirilib. “İrşad Electronics”in əməkdaşı isə bu iradları qəbul etməməkdə israrlı görünürdü…

“İstehlakçı hüquqlarının pozulması davam edir”

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yeniavaz.com saytına açıqlama verib: “”Baku Electronics”dən, “Kontakt home”dən, “İrşad Electronics” mağazalar şəbəkəsindən Azad İstehlakçılar Birliyinə həddindən çox istehlakçı şikayətləri gəlir. Təəssüf ki, bunları danışıq yolu ilə həll etmək bizə çox çətin olur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçı hüquqlarını qorumağa borcludur – ancaq bu işdə həddindən artıq passivlik göstərir. Sözügedən mağazaların vətəndaşa mal satanda kassa çeki verməməsi ilə bağlı Vergilər Nazirliyinə məlumat verilib. Bu şəbəkələrdə istehlakçı hüquqlarının pozulması davam edir. Azərbaycanda reklamlarla istehlakçıların aldadılması, hüquqlarının pozulması geniş yayılmış bir məsələdir. Bizə bu yaxınlarda gələn bir şikayətdə vətəndaş bildirirdi ki, toxum alıb və əkib, ancaq bitməyib. Gedib həmin toxumu aldığı şirkətə və deyib ki, axı siz məhsulun üzərinə yazmışdınız ki, filan qədər məhsuldarlıq olacaq? Satıcı isə ondan soruşub ki, “sən filan şokoladın reklamını görmüsən”? Vətəndaş da deyib ki, “bəli, görmüşəm”.

Deyib “o reklamda şokolad yeyəndə adamlar uçur, səncə, adamlar uça bilər heç? Mən də toxumun üstünə belə yazmışam, nə olsun”. Dediyim odur ki, reklamlarla istehlakçıların aldadılması ilə bağlı çoxlu problemlər var. Haqqında danışdığınız şikayətçi – vətəndaş Etibar Tağıyev bizə ərizə ilə müraciət etsin, onun istehlakçı hüquqlarının tam təmənnasız qorunmasına nail olmağa çalışacağıq”.