İrəvan sülh müqaviləsi imzalamağa məcbur olacaq – Başqa yol yoxdurbackend

İrəvan sülh müqaviləsi imzalamağa məcbur olacaq – Başqa yol yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Deputat: “Sülh müqaviləsinin imzalanması həm də Ermənistan cəmiyyətindən gələn sosial sifarişdir”

Politoloq: “Ermənilər elə nağıllar uydurublar ki, indi onun əsarətindən xilas ola bilmirlər”

“Biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq”. Prezident İlham Əliyev Nizami Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda çıxışı zamanı belə deyib.

Dövlət başçısı bildirib ki, Ermənistana sülh müqaviləsi üzərində işləmək üçün təkliflər irəli sürülüb: “Çünki biz müharibə haqqında deyil, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda, biz təklif etdik ki, sərhədlərimizin demarkasiya və delimitasiya işlərinə başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin, bu da yenə də beynəlxalq normalarına uyğundur, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu da cavabını tapmayıb. Azərbaycan 30 illik işğala baxmayaraq, maksimal konstruktivlik göstərib. Əgər danışıqlar dövründə onlar bizə qulaq assaydı, bu gün bu vəziyyətlə qarşılaşmazdılar”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov AYNA-ya açıqlamasında bildirib ki, Ermənistan nə qədər sülhə yaxınlaşsa, bir o qədər tez özünü xilas etmiş olar: “Bu 30 il ərzində Azərbaycanın öz doğma torpaqlarını işğal altında görməsi bizim üçün nə qədər ağır idisə, Ermənistanın üzləşdiyi sosial-iqtisadi fəlakət onlar üçün bir o qədər ağır idi. Nəticə nə oldu? Ermənistan işğalçılıq siyasəti üzündən bütün regional iqtisadi layihələrdən kənarda qaldı. Halbuki, onların imkanı var idi ki, bu prosesdə iştirak etsinlər. Azərbaycan isə bu müddətdə iqtisadi və hərbi qüdrətini artırırdı”.

“Nəticədə biz gücləndik. Və gücləndikdən sonra regionda əsas söz sahiblərindən birinə çevrildik. Yeni siyasi mənzərə yaratdıq. Bu da bizim tarixi qələbəmizi təmin etdi. Ermənistan isə həm müharibəni uduzdu, həm də uzun illər ərzində qurduğu mənasız xəyalları darmadağın oldu. Hələ müharibə dövründə Ali Baş Komandan İlham Əliyev onlara müraciət edir və konkret təqvim istəyirdi. Onsuz da yekunda bu təqvimi verdilər. Lakin zamanında bunu etsəydilər, bu qədər itkilər olmazdı. Göründüyü kimi, Ermənistan hakimiyyəti bu dəfə də səhv etdi” – deputat vurğulayır.

Onun sözlərinə görə, hazırda Ermənistan üçün növbəti tarixi şərait yaranıb: “Prezident İlham Əliyev onlara sülh müqaviləsi üzərində işləməyi təklif edir. Baxmayaraq ki, onlar Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliyə imza atıblar, işğal olunmuş ərazilərdə daşı daş üstündə qoymayıbar, bu yerləri xarabalığa çeviribilər, insanlıq əleyhinə soyqırımlar törədiblər, cənab Prezidentin də söylədiyi kimi, biz yenə də konstruktiv mövqe nümayiş etdiririk”.

“Sülh müqaviləsinin imzalanması ilk növbədə elə Ermənistanın özünə lazımdır. Onlar bu tarixi fürsəti qiymətləndirməlidirlər. Ermənistan rəhbərliyinin hazırki mövqeyi anlaşılan deyil. Son parlament seçkilərində erməni ictimaiyyəti ortaya aydın mövqe qoydu. Onlar məğlub hökumətin başçısına etimad göstərməklə sülhdən yana olduqlarını bəyan etdilər. Sülh müqaviləsinin imzalanması həm də Ermənistan cəmiyyətindən gələn sosial sifarişdir. Hesab edirəm ki, yekunda Ermənistan tərəfi sülh müqaviləsini imzalamağa məcbur olacaq”- Məmmədov fikrini yekunlaşdırır.

Politoloq Murad Sadəddinov AYNA-ya deyib ki, Prezidentin söylədiyi fikirlər Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirir: “Müharibə bitəndən sonra baxmayaraq ki, biz qalib ölkəydik, dərhal məğlub Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğumuzu bəyan etdik. Burada əsas məqsəd Cənubi Qafqaz sabitliyin gətirilməsi, müharibə və düşməniçilik siyasətinin sona çatması idi. Bu bizim bir dövlət olaraq böyüklüyümüzün göstəricisi idi. Lakin Ermənistan tərəfi ağır məğlubiyyətə rəğmən, öz çirkin xislətindən əl çəkmək niyyətində deyil. Rəsmi İrəvanın son davranışları belə söyləməyə əsas yaradır. Ermənilər elə nağıllar uydurublar ki, indi onun əsarətindən xilas ola bilmirlər”.

“Azərbaycan beynəlxalq hüquq normalarını nəzərə alaraq sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəli sürür. Bu sülh müqaviləsinin əsas məqsədlərindən biri Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. BMT və ATƏT tərəfindən təsdiq edilmiş Azərbaycan sərhədlərini onlar da tanımalıdırlar”, – deyə M.Sadəddinov qeyd edib.

Politoloq bildirib ki, hazırda Rusiyanın vasitəçiliyi altında Azərbaycan və Ermənistan Baş nazirinin müavinləri arasında danışıqlar gedir: “İlkin mərhələdə kommunikasiyalar məsələsinin həll olunacağını ehtimal edirəm. Nəqliyyat kommunikasiyalarının yaradılması bütövlükdə region dövlətlərinin maraqlarına cavab verir”.

O əlavə edir ki, sərhədlərin demarkasiya və delimitasiya işlərinə başlanarsa, bu yaxın gələcəkdə sülh müqaviləsinin də imzalanmasına gətirib çıxaracaq: “Təbii ki, zaman zəruri amildir və bunu nəzərə almalıyıq. Məsələlərin tədrici həll variantına hazır olmalıyıq. Bizim əsas üstünlüyümüz qalib və haqlı tərəf olmağımızda, bu səbəbdən şərtləri diqtə etməyimizdədir”, – Sadəddinov deyir.

Müəllif: Azər Niftiyev