Tribuna İnformasiya Agentliyi

İran neft müqabilində Cənubi Koreyadan məişət texnikası alacaq

01 Dekabr

Cənubi Koreyaya satılan neftin pulunun alınması üçün mexanizm tənzimlənib. Mexanizmə əsasən vəsait məhsul idxalı ilə barter olunacaq.

Trend-in məlumatına görə, bunu İran və Cənubi Koreya Ticarət Palatasının həmsədri Hüseyn Tənhayi deyib.

Onun sözlərinə görə, iki ölkənin mərkəzi bankları maliyyə mübadilələrində əməkdaşlıq edə bilməsə, özəl sektor məhsul barteri üçün birgə fond şəklində bunu həyata keçirə bilər

“Hazırda 2 ölkənin ticarət əlaqələri İrandan xam neft və neft-kimya məhsullarının ixracı və Cənubi Koreyadan məişət əşyalarının idxalından ibarətdir. İran və Cənubi Koreyanın idxal-ixrac məhsulları çeşidlənə bilər. Misal üçün İran Cənubi Koreyaya ərzaq məhsulları, qurğuşun və sink ixrac edə, əvəzində kağız, kosmetika məhsulları idxal edə bilər”.

2017-ci ildə İranın Cənubi Koreyaya xam neft ixracının dəyəri 8 milyard dollar olub. Cənubi Koreya isə 4 milyard dollar dəyərində məhsulu İrana ixrac edib. Bu rəqəm bu il azalıb və iki ölkənin ticarət dövriyyəsi 5 milyard 700 milyon dollar olub.