Tribuna İnformasiya Agentliyi

İran 16 yaşı olmayan qız uşaqlarının ailə qurmasını qadağan edir

16 Avqust
İran Parlamentinin Qadın qrupu uşaq evliliklərinə son qoyulması məqsədilə 16 yaşı tamam olmayan qızların evliliyini qadağan edən qanun layihəsi hazırlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin qadın qrupunun üzvü Təyyibə Siyavuşi yerli mətbuata açıqlamasında sözügedən qanun layihəsinin önümüzdəki həftələrdə müzakirəyə çıxarılacağını bildirib.
Mövcud qanunvericilikdə evlilik yaşının qızlarda 13, oğlanlarda isə 15 olduğunu vurğulayan Siyavuşi valideynlərin razılığı olduğu təqdirdə 13 yaşı tamam olmamış qızaların da evləndirilməsinə heç bir maneənin olmadığına diqqət çəkib.
Məsələni ölkənin dini qurumları ilə də müzakirə etdiklərini deyən millət vəkili Ayətullah Məkarim Şirazinin də qanunun dəstəklənməsi istiqamətində fətva verdiyini və layihənin Qum şəhərindəki İslam Tədqiqat Qurumunun köməkliyi ilə hazırlandığını sözlərinə əlavə edib.
Həmçinin digər millət vəkili Pərvanə Mafi də bu layihənin uşaq gəlinlər probleminin nəzarətə götürülməsində önəmindən bəhs edərək, uşaq yaşda evləndirilmənin ölkədə ciddi demoqrafik problemlərə gətirib çıxardığını bildirib.