“Özünü virusdan qorumayan bir nəfər yüzlərlə vətəndaşın həyatına “qəsd” edir”backend

“Özünü virusdan qorumayan bir nəfər yüzlərlə vətəndaşın həyatına “qəsd” edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünyanın bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının, fəsadlar törətməsinin qarşısının alınması istiqamətində atılan qabaqlayıcı addımlar nəticə versə də, bəzi vətəndaşların məsuliyyətsizliyi günbəgün artan rəqəmlərdə öz əksini tapır. Verilən tövsiyələrə, qoyulan qaydalara laqeyd və məsuliyyətsiz yanaşan, əhəmiyyət verməyən bir qrup “inanmayanlar” dəstəsi özləri, yaxınları ilə yanaşı, ətrafdakıların da həyatını təhlükəyə atırlar.

Bu məsələyə münasibət bildirən digər ziyalılar, mütəxəssislər kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da buna səssiz qalmadı və kütləvi informasiya vasitələrini daha fəal mübarizəyə səslədi.

TİA.AZ da həmin təşəbbüsə qoşulur və digər kütləvi informasiya vasitələrinin nümayəndələrini bu çağırışa səs verməyə çağırır.

İradə İbrahimovanın çağırışını oxuculara təqdim edirik:

“Hörmətli həmkarlar!

Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz… Kimisə inandırmaq üçün də deyil, həqiqətən real durumu anlatmaq üçün deyirəm.

Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət insanların laqeydliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir.

İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı üzündən bir daha itirmək istəmirəm…

Hər gün daha da həyəcanlı, üzücü xəbərlər alırıq. Nəticələr çox qorxuludur.

Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir?

Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün…

Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvarı davam…

Nə ilə bitəcək bu?

Allah qorusun, virusun yayılması bu cür davam edəcəksə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik?

Məncə yox!!!

Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, “inanmayan” çoxluğu, başqalarının həyatına “qəsd” etməsinlər deyə onları qınayaq.

Biz ictimaiyyətin məlumatlandırılmasına məsul şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlığının təhlükə ilə üzləşdiyi bir vaxtda vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi “inamsızların” yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq.

Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün öz səsimizi qaldıraq.

Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmazsa, yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərlə vətəndaşın həyatına “qəsd” edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır…

Birləşək, dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olaq, bir-birimizin qədrini bilək, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq. Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin, məsuliyyətsiz insanların günahı ucbatından başqaları bu bəlanın qurbanı olsunlar”.