İqtisadçı alim yaşayış minimumu ilə bağlı təkliflərlə çıxış etdibackend

İqtisadçı alim yaşayış minimumu ilə bağlı təkliflərlə çıxış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nazirlər Kabineti minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq, qeyri-ərzaq və xidmət xərclərinin normativlərini 2021-ci il üçün yenidən hesablamalıdır.
TİA.AZ xəbər verir ki, belə bir təkliflə iqtisadçı alim Qubad İbadoğlu çıxış edib. Ekspert hesab edir ki, Nazirlər Kabinetinin 2014-cü ildə təsdiq etdiyi minimum istehlak səbətininin müəyyənləşdirilməsi normativləri tələblərə cavab vermir:
“2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyənləşdirilib. Bu rəqəmlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq olunmuş minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq, qeyri-ərzaq və xidmət xərcləri üzrə hesablanır. Bu xərclərin normativləri hər il yenilənməlidir. Lakin, 2015-ci ildən indiyə qədər normativlərdə heç bir dəyişiklik edilmir. Məsələn, o zaman müəyyən olunub ki, 1 ailə üçün internet xidmətlərindən istifadə haqqı gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Pandemiya dövründə online dərs və iş rejiminin tətbiq olunmasına baxmayaraq, bu il və gələn il üçün də yaşayış minimumunun dəyərinin hesablanması zamanı normativ olaraq ailə üçün gündə 1 saat internet xərci hesablanıb. Sizcə, belə normativlə yaşayış minumunun gerçək dəyərini hesablamaq olarmı? Yaxud, paytaxt Bakı sakinin yaşayış minimunun dəyəri ilə Bərdənin Xanərəb və yaxud Qazaxın Salahlı kəndlərinin sakinlərinin yaşayış minimunun dəyəri eyni ola bilərmi? Nəhayət, 0-15 yaşlı uşaq üçün yaşayış minimunun dəyəri 175 manat təşkil edir. Halbuki, 0-5, 6-10, 11-15 yaş qrupları üzrə uşaqların ehtiyacları eyni deyil. Odur ki, uşaqlar üçün də bütün yaş qrupları üzrə 1 məbləğin hesablanması düzgün deyildir.
Bütün bunları nəzərə alaraq təklif edirəm ki:
1. Nazirlər Kabineti minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq, qeyri-ərzaq və xidmət xərclərinin normativlərini 2021-ci il üçün yenidən  hesablasın.
2. Yaşayış minimunun dəyəri yalnız respublika üzrə 1 məbləğlə deyil, iqtisadi rayonlar üzrə ehtiyaclar və qiymətlər nəzərə alınmaqla fərqli qaydada hesablansın.
3. Yaşayış minimunun dəyəri uşaqlar üzrə 1 məbləğlə deyil, 0-5, 6-10, 11-15 yaş qrupları üzrə ehtiyaclar nəzərə alınmaqla fərqli qaydada hesablansın”.