Tribuna İnformasiya Agentliyi

İosif Stalinlə Adolf Hitlerin dostluğu…

24 Dekabr

Firuz Mustafa

XX əsrin 30-cu illərinin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində həmin dövrdə Stalinlə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idi.

1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu Stalin və Hitler razilaşmasına görə, Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu. (Həmin dövrdə İohim fon Ribbentrop Almaniyanın Xİ naziri idi). Gizli pakt bağlanışından sonra alman qonaqlara Kremldə banket təşkil olundu. Stalin həmin banketdə Hitlerin və Gimmlerin sağlığına badə qaldırdı.

1939-cu ildə Alman xalqının əbədi füreri Adolf Hitler teleqram vuraraq, Sovet xalqının əbədi rəhbəri İosif Stalini anadan olmasının 60 illiyi münasibəti ilə təbrik etmişdi. Həmin təbrik elə həmin ilin 23 dekabrında “Pravda” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdu. Stalin öz ideya dostuna göndərdiyi teleqramda Alman- Sovet dostluğunun daimi olacağına inam bəslədiyini bildirirdi.

Bəli, tezliklə Avropanın “bölüşməsi” başladı. Hitler Polşanı işğal etdi. Stalin Pribaltikanı ələ keçirdi. Bu münasibətlə hər iki “dost” dövlət bir-birini təbrik etdi.

17 sentyabr 1940-cı il tatixdə sovet və alman ordusu Brestdə birgə parad keçirdi.

Kommunizm və nasizm ideyaları zahirən bir-birinə yad olsa da, mahiyyətcə bir-birinə doğma idi.

1939-41-ci illər arasında SSRİ Almaniyaya 1,5 mln ton neft, 1,5 mln ton taxıl, habelə külli miqdarda digər xammal məhsulları ixrac etdi. Bu alış-veriş ta müharibə başlayan günəcən davam edib.

Həmin dövrdə Sovet pilotları Almaniyada təlim keçirdi, birgə kimyəvi sınaqlar keçirilirdi, birgə tank və aviasiya məktəbləri fəaliyyət göstərirdi.

Hər iki rəhbərin dünyanı qamarlamaq iştahı böyük idi. Düzdür, əvvəlcə almanlar hücuma keçdilər. Amma bu olmasaydı belə, gec ya tez ruslar almanların üzərinə hücuma keçəcəydilər.

Ən maraqlısı budur ki, Almaniyaya taxıl aparan sonuncu sovet eşalonu Teraspola 22 iyun 1941-ci ildə, müharibənin başlamasına bir neçə dəqiqə qalmış daxil oldu. Taxıl öz ünvanına çatdırıldı. Az sonra alman qoşunları hücuma keçdi.

Və indiyəcən almanlar sonuncu eşalonda aparılan sovet taxılının ödənişini etməyiblər… Bir də ki, kimə ödəsinlər axı?.. Ta SSRİ yoxdur. Daha doğrusu, SSRİ dağıldı. Əvəzində isə bir zaman dağılmış, parçalanmış Almaniya təzədən birləşdi.