“İnsanlar niyə şad gününü qorxa-qorxa qeyd etməlidir?” – İctimai şəxslər toylara qoyulan qadağaya etiraz edirbackend

“İnsanlar niyə şad gününü qorxa-qorxa qeyd etməlidir?” – İctimai şəxslər toylara qoyulan qadağaya etiraz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin qaydaları yumşaldılsa da, ötən ilin mart ayından etibarən qadağa qoyulan toylar və kütləvi tədbirlərlə bağlı hər hansı dəyişiklik yoxdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində toylarla bağlı yeni qaydaların açıqlanacağının siqnalları verildi. Bildirildi ki, Azərbaycanda COVİD posportu və immunitet sertifikatı almış şəxslər toylara, teatr, kinoteatr və şənlik məkanlarına maneəsiz giriş edə biləcək.
Toylara qoyulan qadağaların nə zaman ləğv ilə bağlı isə açıqlama verilmədi. Bu isə istər rəsmi şəxsləri, istər də adi insanları narahat etməyə başlayıb. Toylara qoyulan qadağa türkiyəli müğənni Mustafa Cecelinin izdihamla keçən konsertindən sonra bir daha gündəmə gəldi. Bundan əlavə, demək olar ki, hər gün gizli keçirilən toylar var. Onlardan xəbər tutmaq üçün sosial şəbəkələrə baxmaq kifayətdir. Restoranlar insanlarla dolub daşır. İctimai nəqliyyatda da durum fərqli deyil. Avtobuslarda, restoranlarda insanlar koronavirusa yoluxmur, toyda bəy ilə gəlin olanda yoluxur?

Millət vəkili Fazil Mustafa da toylara qoyulan qadağaya etiraz edib. O sosial şəbəkədə Operativ Qərargahı tənqid edib:

“Anlaşılandır. Ermənilər mina basdırıblar ki, hər hansı bir azərbaycanlı onun üzərinə çıxsın və partlayış nəticəsində ölsün. Güdülən nəticə budur: az da olsa dünyada azərbaycanlının sayı azalsın!

Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar. Güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın. Lütfi Zadənin itkisini indi hiss edirik e… Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə Dövlət Xidməti rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva isə Milli Məclisin ötən iclasında teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib.

“Əlbəttə, “COVİD19” pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik.

Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır; ayrı-ayrı fəaliyyət sahələrindəki yumşalmalar hamısı müvafiq qaydalara əməl etməklə həyata keçiriləcək.

Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir.

Digər tərəfdən, insanlarımız çox xahiş edir ki, açıq havada, məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın – az sayda iştirakçı ilə, açıq havada və uyğun qaydalara riayət etməklə toy etmək olar” deyə Q. Paşayeva bildirib.

Mövzu ilə bağlı danışan sosioloq Lalə Mehralı isə bildirib ki, insanlara toylarını keçirməyə icazə verilməlidir:

“Mənə də maraqlıdır, əgər restoranlarda yüzlərlə insan bir araya toplaşa bilirsə, niyə toylara icazə verilmir? Restoranlar fəaliyyət göstərir, insanlar qapalı məkanlarda, maskasız əylənə bilirlərsə, niyə toylara qadağa qoyulub? Açıq havada toyların keçirilməsinə icazə verilməlidir. Əgər virusun daha çox yayılmasından ehtiyat edirlərsə, toylarla bağlı qaydalar tədqir edilsin. İnsanlar niyə şad gününü qorxa-qorxa qeyd etməlidir? İnsanlar cərimələnmək qorxusundan xeyir işlərinin kefini görə bilmirlər. Allaha çükür indi hər şərait var. Restoranların həyətləri var, dənizkənarlarında yaya restoranalrı var. əvvəllər insanlar çadırda toy edirdisə, indi həyətində edəcək. İnsanlara toylarını etməyə icazə verilməlidir. İki ildir stress-həyəcan içərisində yaşayırıq, çoxumuzun psixologiyası pozulub. İnsanlara bu stressdən çıxmağa kömək etməlidirlər”.

Musavat.com-a danışan iş adamı, “Xəmsə” restoranının rəhbəri Mürvət Həsənli bildirib ki, artıq toylara hazırlıqlar başlayıb:

“Brifinqin sonuncu iclasından öncə hazırlıqlara başlamışdıq. Restoranda təmir işləri apardıq, əskiklikləri tamamladıq. Çünki bir müddətdir ki, toyların keçirilməsinə icazə veriləcəyi deyilirdi. İndi isə hazırlıqları saxlamışıq. Nə zaman icazə verilsə, qaydalar açıqlansa, biz də işimizə başlayacağıq”.