“İnhisarçılıq və məmur özbaşınalığı turizmi iflic vəziyyətə salıb” – AKTUALbackend

“İnhisarçılıq və məmur özbaşınalığı turizmi iflic vəziyyətə salıb” – AKTUAL

Dünya turizm sənayesi 2020-ci ilin əvvəlindən, təxminən, 195 milyard ABŞ dolları itirib. Bu barədə BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir.
Hesabat müəllifləri bildiriblər ki, turizm pandemiya zamanı ən çox təsirlənən sahələrdən biridir və hökumətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan şokdan yaxa qurtara bilməz.

Hesabatda vurğulanıb ki, karantinin tətbiq olunmağa başlandığı mart ayında beynəlxalq turistlərin sayı 55 faiz azalıbsa, apreldə dünyada turist səfərlərinin sayında 97 faizlik azalma qeydə alınıb. Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında xaricə səyahət edənlərin sayı 44 faiz azalıb.
Bu ilin ilk üç ayında dünyanın demək olar ki, bütün bölgələrinə səyahət edən beynəlxalq turistlərin sayı kəskin şəkildə azalıb: Asiya-Sakit okean regionu ölkələrinə – 51 faiz, Avropaya – 44 faiz, Yaxın Şərqə – 40 faiz, Şimali və Cənubi Amerikaya – 36 faiz, Afrikaya – 35 faiz.

UNWTO rəhbəri Zurab Pololikaşvili hesabatı şərh edərkən deyib ki, hər yerdə turizmin bərpası başlayana qədər bütün ölkələr sektora iqtisadi dəstək verməlidir. O, Avropa İttifaqı və ayrı-ayrı dövlətlərin, o cümlədən Fransa və İspaniyanın bu sahənin xilas edilməsinə yönəlmiş bir sıra tədbirlər gördüyünü qeyd edib.

UNWTO 2020-ci ildə ölkələrin tətbiq etdiyi məhdudiyyətlərdən asılı olaraq, beynəlxalq turist axınının 58-78 faiz azalacağını, dünyada beynəlxalq turistlərin sayının 850 milyon – 1,1 milyard nəfər azalacağını, habelə sektorun itkisinin 910 milyard – 1,2 trilyon ABŞ dolları təşkil edəcəyini, turizm sahəsində çalışan 100-120 milyon insanın işsiz qalacağını gözləyir.

Dünya turizmində baş verən bu mənfi tendensiyaların Azərbaycana da təsirsiz ötüşməyəcəyi heç kimə sirr deyil. Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, itkilərlə yanaşı, turizmimizi inkişaf etdirməyi düşünməliyik:

“Azərbaycanın turizm sektorundan qazancı çox azdır. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Birincisi, ölkəmiz müharibə şəraitində yaşayır. Əcnəbilər də adətən təhlükəli, döyüşlər başlanma ehtimalı olan yerə getmirlər. Əvvəlki illərdə ölkəmizə gələnlərin səfərləri isə kütləvi tədbirlər hesabına olub. Yəni turistlər ciblərindən pul xərcləməyib, əksinə, Azərbaycan büdcəsi hesabına reallaşan müxtəlif layihələrin hesabına maliyyələşirdilər. İkinci bir tərəfdən isə nəzərə almaq lazımdır ki, biz neft gəlirləri hesabına beş ulduzlu, bərli-bəzəkli otellər tikdik. Amma turistlər otel infrastukturtuna böyük maraq göstərmirlər. Onlara beş ulduzlu otellər yox, hostellər, gəzməli yerlər, avtomobil icarəsi olan məkanlar lazımdır”.

N.Bəydəmirli, həmçinin çıxış yollarını da göstərib:

“Belə bir şəraitdə biz daxili turizmi inkişaf etdirməliyik. Təkcə Bakıda yox, regionlarda da işlər görülməlidir. Təəssüf ki, hətta regionlarda sosial-iqtisadi inkişaf layihəsi də bu məsələyə kömək etmədi. Potensialımız böyük olsa, turizmin inkişafına mane olan kifayət qədər məqam var. Düzdür, koronavirus pandemiyasının təsirləri də az deyil. Amma problem bunlarla bitmir. Qonşu ölkələrlə müqayisə etsək görərik ki, viza verilməsi qaydası bizdə çox çətindir. İnhisarçılıq və məmur özbaşınalığı turizmi iflic vəziyyətə salıb. İlk növbədə inhisarçılıq aradan qaldırılmalı və daxil turizm inkişaf etdirilməlidir. Həmçinin turizm alətləri ucuz, əlçatan olmalıdır. Sadaladığım problemlər həll olunsa, vəziyyət yaxşılaşa bilər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki