“İndi milli birliyə ehtiyac var”-Milli Qurtuluş Partiyası bəyanat yaydıbackend

“İndi milli birliyə ehtiyac var”–Milli Qurtuluş Partiyası bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir. İşğalçı dövlət bütün cəbhə xətti boyunca Azərbaycanın mövqelərinə zərbə endirir, mülki əhalini hədəfə alır. Əhalinin təhlükəsizliyini təmin etmək və ölkənin ərazi bütövlüyün qorumaq üçün Azərbaycan ordusu bütün cəbhəboyu əks-hücuma keçib. Cəbhədə baş verən hadisələr cəmiyyətdə milli birliyi gücləndirib. Siyasi partiyalar, ictimai təşkilatlar ordumuza dəstək nümayiş etdirirlər.

Milli Qurtuluş Partiyası da Dağlıq Qarabağ və ətraf bölgələrdə baş verən hərbi toqquşmalarla bağlı bəyanat yayıb.

“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi davam edir. Beynəlxalq hamilərinə güvənən Ermənistan BMT qətnamələrinə məhəl qoymur, Azərbaycan torpaqlarını işğaldan azad etmir.

Bu azmış kimi 3 aydır Ermənistan tərəfi bölgədə hərbi gərginliyi artırır, Azərbaycanı müharibəyə təhrik edir. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq bütün cəbhəboyu əks-hücuma keçib. Silahlı Qüvvələrimizin mühüm hərbi uğurları var. Lakin Ermənistan hər cür riyakarlığa, alçaqlığa əl atır. İşğalçı dövlət bütün müharibə qanunlarını pozaraq dinc əhalini hədəfə alır. Bu gün Azərbaycan cəmiyyətində milli birliyə ehtiyac var.

Bu gün siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ordumuza dəstək olmalı, Ali Baş Komandanın əmrlərinə sözsüz riayət etməlidir. Öncə vətən, sonra siyasi mübarizə. Azərbaycan vətən müharibəsi aparır. Öncə bu müharibədə qalib gələk, sonra siyasi mübarizəni davam etdirək”-deyə, bəyanatda bildirilir.

Partiya hesab edir ki, siyasi partiyalar, ictimai təşkilatlar və fəallar bu mərhələdə aktiv olmalı, informasiya müharibəsində dövlətə dəstək verməlidir: “Düşmən bizimlə həm səngərdə, həm də informasiya cəbhəsində savaşır. Biz də hazırlıqlı olmalı, təxribatçı şayiələrə uymamalıyıq. Ancaq rəsmi xəbərlər inanmalı, dövlət qurumlarının yaydığı məlumatlara etibar etməliyik. Sosial şəbəkələrdə yayılan saxta xəbərlərin təsirinə düşmək olmaz”.

Milli Qurtuluş Partiyası bir neçə gün bundan öncə 50 partiyanın imzaladığı milli birlik sənədinə qoşulduğunu elan edib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən və sözügedən bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirib.

Belə mürəkkəb şəraitdə ölkəmizin bütün vətəndaşlarını və dünya azərbaycanlılarını bir daha milli birliyə və vəhdətə səsləyib, hər kəsi Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə, beynəlxalq ictimaiyyəti isə Azərbaycanın həm tarixi həqiqətlər, həm də beynəlxalq hüquqla dəstəklənən haqq mübarizəsinə biganə qalmamağa çağırıb.