İnanıram ki, Tofiq Yaqublu azadlığa buraxılacaq… – Sabir Rüstəmxanlıbackend

İnanıram ki, Tofiq Yaqublu azadlığa buraxılacaq… – Sabir Rüstəmxanlı

Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğrunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır. 
TİAAZ xəbər verir ki, bu sözləri VHP sədri, Millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur:
“Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı onun haqda hökm çıxararkən nəzərə alınmalıydı. Belə xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsiz hökmdür”.
Deputat eyni zamanda hökmdən sonra baş verənlərdən təəssüf hissi keçirdiyini bildirib:
“Artıq neçə gündür ki, Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi. İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaqdır”.
Sabir Rüstəmxanlı eyni zamanda məhkəmə hökmləri zamanı qanunun yumşaq üzünün unudulmamasının da vacibliyini bildirib:
“Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki. Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.
Qeyd edək ki, Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apelyasiya şikayəti verilib. Tofiq Yaqublu həbsinə etiraz əlaməti olaraq artıq 10-cu gündür aclıq aksiyası keçirir. Ailəsi onun durmunun yaxşı olmadığını bildirir.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki