Tribuna İnformasiya Agentliyi

İmtahan nəticələri yaxın günlərdə açıqlanacaq

28 İyun
Dövlət İmtahan Mərkəzi iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
DİM-dən  verilən xəbərə görə, mərkəzin Direktorlar Şurasının sədri M.Abbaszadə imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olub və hər iki növbə üzrə imtahan prosesini yaxından izləyib.

Xatırladaq ki, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

Mərkəzdən bildirilib ki, hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələr yaxın günlərdə elan ediləcək.